Nərmin Babayevanın Azərbaycan etioloji miflərinin semantikasına həsr olunmuş monoqrafiyası işıq üzü görüb

Nərmin Babayevanın Azərbaycan etioloji miflərinin semantikasına həsr olunmuş monoqrafiyası işıq üzü görüb

17 Sentyabr 2026, 16:28 / Nəşrlər

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərmin Babayevanın “Miflər və dünyanın idrakı" adlı monoqrafiyası “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan 232 səhifəlik monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, rəyçiləri filologiya elmləri doktoru, dosent Qalib Sayılov və filologiya elmləri doktoru, dosent Şakir Albalıyevdir.

Monoqrafiya giriş xarakterli “Redaktordan” və “Ön söz” hissələrindən, üç əsas bölmədən, “Son söz”dən və “Kitabiyyat”dan ibarətdir. Əsərin I bölməsində “Etioloji mif, onun miflərin təsnifat sistemindəki yeri və kosmoqonik mifə bağlılığı”, II bölməsində “Real-fiziki dünya obrazlarının yaranması haqqında etioloji miflər”, III bölməsində isə “Metafiziki dünya və zaman obrazlarının yaranması haqqında etioloji miflər” məsələləri araşdırılır.

Tədqiqat Azərbaycan folklorşünaslığında ayrıca monoqrafik problem kimi indiyədək sistemli şəkildə araşdırılmamış etioloji miflərin semantikasına həsr olunub. Müəllif etioloji miflərin digər tematik mif qruplarından fərqləndirilməsi prinsiplərini, onların mifoloji mətnlər sistemindəki yerini və nəzəri mahiyyətini müəyyənləşdirib.

Monoqrafiyanın birinci bölməsində mövcud mif təsnifatlarına müqayisəli şəkildə nəzər salınır, etioloji miflərin bu təsnifatlarda yeri araşdırılır. Əsərdə kosmoqonik və etioloji miflərin qarşılıqlı əlaqəsi də təhlil edilir. Müəllifin yanaşmasına görə, kosmoqonik mif dünyanı bütöv şəkildə, etioloji mif isə dünyanın ayrı-ayrı elementlərinin yaranmasını izah edir.

İkinci bölmədə Azərbaycan folklorunun müxtəlif janrlarında qorunmuş mifoloji materiallar əsasında real-fiziki dünya obrazlarının yaranması ilə bağlı etioloji təsəvvürlər araşdırılır. Dünyanın, Günəşin, Ayın və ulduzların, dağların, suların, insanların, heyvanların və bitkilərin yaranması haqqında miflər sistemləşdirilərək təhlil edilir.
Üçüncü bölmədə isə metafiziki dünya və zaman obrazlarının yaranması ilə bağlı etioloji miflər tədqiq olunur. Bu çərçivədə Hal anası (Alarvadı), cin, Qaraçuxa, Ucubılıx, dönərgə obrazları, müqəddəs məkanlar, daşa dönmə, ilahi cəza, təqvim və mifik zaman haqqında etioloji təsəvvürlər araşdırılır. Dönərgə obrazları sırasında qurda çevrilən insanlar, adamcıllar və ilan-insanlar haqqında miflər də tədqiqata cəlb edilir.

Tədqiqatda Azərbaycan mifoloji mətnlər korpusunda etioloji miflərin müstəqil tematik qrup təşkil etdiyi və özünəməxsus semantik xüsusiyyətlərə malik olduğu əsaslandırılır. Eyni zamanda etioloji miflərin funksional semantikası, kosmoqonik miflərlə ortaq və fərqli cəhətləri müəyyənləşdirilir, Oğuz epik mifoloji ənənəsində etioloji təfəkkürün yeri araşdırılır.

Monoqrafiyada etioloji miflərin semantikasının insan-cəmiyyət və insan-təbiət münasibətlərinin sosial-mənəvi harmoniyasının qorunması ilə əlaqəsi də üzə çıxarılır. Metafiziki dünya ilə bağlı mifoloji obrazların insanın metafizik aləmlə münasibətlərini tənzimləyən davranış modellərini əks etdirdiyi, daşa dönmə və ilahi cəza haqqında miflərin sosial-mənəvi normaların qorunmasına, mifik zamanla bağlı etioloji təsəvvürlərin isə insanla zaman arasında harmonik münasibətlərin qurulmasına xidmət etdiyi müəyyənləşdirilir.

Monoqrafiya folklorşünaslar, mifoloqlar, etnoqraflar, filoloqlar, tarixçilər, mədəniyyətşünaslar, ali məktəb müəllim və tələbələri, eləcə də Azərbaycan mədəniyyətinin və mifoloji irsinin qədim qatları ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Kitabla tanış olmaq üçün link.