XƏBƏRLƏR
Əfsanələrdən UFO-lara: Şəhər folklorunun dinamik dünyası araşdırılıb
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə Folklor nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayatın “Dəyişən mədəniyyət paradiqmasında şəhər folkloru: əfsanələr və dedi-qodular” adlı monoqrafiyasının I cildi nəşr olunub. Monoqrafiyada müasir şəhər folklorunun çoxşaxəli və dinamik təbiəti nəzəri kontekstdə araşdırılıb.
Tədqiqatda şəhər folklorunun formalaşma mexanizmləri, onun ənənəvi folklordan fərqli və oxşar cəhətləri, urbanizasiya prosesinin təsiri, eləcə də janr sistemi araşdırılıb. Xüsusilə, əsərdə qeybət, dedi-qodu və şayiə fenomenləri ilk dəfə olaraq şəhər folklorunun yeni mətn formaları kimi semiotik və narrativ aspektlərdən təhlil olunub.
Kitab Ön söz, 7 fəsil, ingilis dilində xülasə və qaynaqlardan ibarətdir. “Şəhər folklorunun yaranma səbəbləri və özəllikləri” adlanan I fəsildə şəhər folklorunun yaranma səbəbləri və özəllikləri kompleks şəkildə araşdırılıb, onun mahiyyəti və ənənəvi folklorla bənzər və fərqli cəhətləri diqqət mərkəzinə gətirilib. Bu kontekstdə urbanizasiya prosesinin folklor yaradıcılığına təsiri müəyyənləşdirilib, şəhər folklorunun tarixi inkişafı və postfolklor dövründə baş verən dəyişikliklər izah olunub. Araşdırmada sosial-mədəni transformasiyalar fonunda şəhər folklorunun polisentrik strukturu və spesifik xüsusiyyətləri elmi əsaslarla təqdim olunaraq nəticələr şəklində ümumiləşdirilib.
Kitabın “Şəhər folkloru kontekstində janr anlayışı” adlanan II fəslində şəhər folklorunun başlıca sahələri araşdırılaraq sənayeləşmə prosesinin bu sahəyə təsiri və janr sisteminin formalaşma xüsusiyyətləri təhlil olunub. Eyni zamanda, şəhər folklorunun disiplinlərarası xarakter daşıdığı əsaslandırılıb və mövzu müxtəlif elmi yanaşmalar çərçivəsində sistemləşdirilib.
Monoqrafiyanın “Müasir mif şəhər folklorunun qaynağı kimi” adlanan III fəslində şəhər mifologemləri, mifik diskurs və mifik təhkiyə məsələləri əsaslı şəkildə tədqiq edilib. Həmçinin postmodern dünyanın mifik reallığı və kino sənayesinin bu prosesə təsiri, müasir miflərin şəhər folklorunun formalaşmasındakı rolu araşdırılıb.
Kitabın “Gizli bilgilər: miflərin transformasiyası və şəhər folkloru” adlanan IV fəslində mifin mahiyyəti, onun gerçəkliklə münasibəti məsələləri təhlil olunub. Burada mifin metaforik anlamı və simvolik dili, astral təsəvvürlər, gizli bilgilər və şəhərsalmada simvolların rolu, həmçinin hibrid varlıqlar kontekstində miflərin transformasiya xüsusiyyətləri tədqiqata cəlb edilib.
Monoqrafiyanın V fəsli “Müasir şəhər əfsanələri: strukturu və özəllikləri” adlanır. Bu fəsildə müasir şəhər əfsanələrinin janr xüsusiyyətləri araşdırılıb, onların klassik əfsanələrdən fərqləri və funksional rolu öyrənilib. Eyni zamanda, simulakr və “fake” aspektləri, şəhər abidələri və obrazları ilə bağlı əfsanələr, eləcə də sosial media vasitəsilə yayılan əfsanələr nəzərdən keçirilərək, onların şəhər folklorundakı transformasiya və təsir mexanizmləri öyrənilib.
“Ufo mifləri: mədəni və skeptik yanaşma” adlanan VI fəsildə isə şəhər mühitində UFO miflərinin transformativ variantları araşdırılıb, simulakr və “fake”lər kontekstində onların xüsusiyyətləri təhlil olunub. Tədqiqatda populyar mədəniyyətdə UFO miflərinin rolu və mif kontekstində bu fenomenin mənası elmi əsaslarla izah olunub.
“Şəhər folklorunun yeni bir mətn növü: qeybət, dedi-qodu və şayiə” adlanan sonuncu fəsildə tarixi baxımdan din və mifologiyanın qeybətə və dedi-qodulara münasibəti tədqiqata cəlb edilib. Eyni zamanda, qeybət, dedi-qodu və şayiə fenomenləri folklor kontekstində, müasir cəmiyyətdəki rolu, fəlsəfi və psixoloji aspektləri, həmçinin oxşarlıqları və fərqləri elmi əsaslarla təhlil olunub.
Tədqiqatda folklorşünaslıq, sosial antropologiya, sosiologiya və mədəniyyət araşdırmaları sahələrinin metodoloji yanaşmaları birləşdirilib və şəhər folkloru multidisiplinar kontekstdə təqdim olunub. Monoqrafiya folklorşünaslar, mədəniyyətşünaslar, sosial elmlər üzrə tədqiqatçılar və bu sahəyə maraq göstərən geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, 304 səhifədən ibarət tədqiqat əsəri“Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.
Keçid üçün link.