“Dədə Qorqud” jurnalının 89-cu sayında folklorşünaslığın müasir elmi problemləri tədqiq olunub

“Dədə Qorqud” jurnalının 89-cu sayında folklorşünaslığın müasir elmi problemləri tədqiq olunub

15 Yanvar 2026, 11:30 / Nəşrlər

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi toplusunun 89-cu sayı çapdan çıxıb. Fil.e.d., prof. Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu sayında maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər və başqa yazılar beş rubrikada öz əksini tapıb.

Toplunun “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” rubrikasında fil.e.d., prof. Ramazan Qafarlının ““Bamsı Beyrək” boyunda semiotik sinergetika: Eko və Dundesin struktur dialektikasının müqayisəsi və “Dədə Qorqud” eposuna tətbiqi” və t.ü.f.d.Aytəkin Qəhrəmanovanın ““Kitabi-Dədə Qorqud” dastanında təsvir edilən ailə tipləri (etnoqrafik araşdırma)” başlıqlı məqalələri oxucuların ixtiyarına verilib.

“Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində fil.e.d., prof. Füzuli Bayatın “Müasir dövrdə folklor nəzəriyyəsinin tədqiqat paradiqmaları: nəzəri çərçivə və prioritet istiqamətləri”,  fil.e.d., prof. Ramazan Qafarlının “Mifdən mətnə: Bəxtiyar Vahabzadə poeziyasında folklorun semiotik və sinergetik transformasiyası”, fil.e.d., prof. Asif Hacılının “Ahıska türklərinin sürgün folklorunun yaradıcılıq sinkretizmi və janr tipologiyası”, fil.e.d., prof. Ülkər Nəbiyevanın “Novruz – ümumislam mədəniyyəti kontekstində”, fil.ü.f.d. Xalidə Məmmədovanın “Milli oyanış dövrü mətbuatında folklora baxış: “Əkinçi” qəzetinin mövqeyi”, fil.ü.fd.,dos. Zümrüd Mənsimovanın “Əcdad kultu kontekstində seyidlik institutu”, fil.ü.f.d.,dos. Aynurə Səfərovanın ““Qurbani” dastanının süjet xətti: üç fərqli versiya arasındakı qarşılaşdırma”, fil.ü.f.d. Sevda Qasımovanın “Milli özünəqayıdış dövrü (1960-1990) Azərbaycan ədəbiyyatında nəsr və folklor (Maqsud İbrahimbəyov və Rüstəm İbrahimbəyovun əsərləri əsasında)”, AMEA Folklor İnstitutunun dissertantı İlahə Əsgərovanın “Milli yaddaş ensiklopediyası: “Qarabağ: folklor da bir tarixdir” çoxcildliyinin I–V cildləri”, fil.ü.f.d., dos. Sevinc Əliyevanın “Foklorun funksiyaları və onların orta əsrlər Azərbaycan ədəbiyyatına təsiri”, fil.ü.f.d. Əpoş Vəliyevin “Naxçıvanda qışa hazırlıq ənənələri”, fil.ü.f.d., dos. Aytən Cəfərovanın “Ev simvollarının məna sırası: çadır, otaq, yurd, qəsr, qalaça (Naxçıvan folklor mətnləri əsasında), AMEA Folklor İnstitutunun kiçik elmi işçisi Aysel Həsənovanın “Qərbi Azərbaycan mərasim folkloru: ritual poetika, arxetipik sistem və kollektiv yaddaşın sinergetik modeli” adlı məqalələri ilə tanış olmaq mümkündür.

Toplunun “Türk xalqları folkloru” bölməsində fil.e.d., prof. Almaz Həsənqızının tərcümə edib nəşrə hazırladığı ““Koroğlu”nun Türkmən versiyası”, “Azərbaycan folklorundan yeni nümunələr” rubrikasında fil.ü.f.d., dos. Aynurə Səfərovanın toplayıb yazıya aldığı “Neftçala folklorundan örnəklər”, “Cənub Azərbaycan folklorundan örnəklər” rubrikasında fil.ü.f.d.. Gülcan Gülməzin və fil.ü.f.d., dos. Cihangir Karininin toplayıb yazıya aldığı folklor nümunləri yer alıb.

Xatırladaq ki, “Index Copernicus” sisteminə daxil olan “Dədə Qorqud” elmi-ədəbi toplusunda işıq üzü görən məqalələr 2023-cü ildən həm də DOI indeksi ilə dərc edilir.

Jurnalın yeni sayı ilə tanış olmaq üçün linkə daxil olun.