DƏDƏ QORQUD ŞÖBƏSİ - Ramazan Oruc oğlu Qafarov

Folklorşünas, alim, filologiya elmləri doktoru, professor
Ramazan Qafarlı 1951-ci il iyun ayının 17-də Şəki şəhərində sənətkar ailəsində anadan olmuşdur. Atası Oruc kişi dabbaq idi. O, bu qədim peşəni övladlarına ötürməklə davam etdirmək niyyətində idi. Lakin sovet rejiminin sərt və qeyri-insani qanunları ona mane oldu. Fəaliyyətini xüsusi mülkiyyətçilik hesab edib xalq sənətkarını bir neçə dəfə həbs etdilər. Oruc kişi peşəsini yaşada bilmədi. Müharibədə yaralanandan sonra uzun müddət xəstə yatdı və 1956-cı ildə vəfat etdi. Böyük külfəti dolandırmaq həyat yoldaşı Zərifə Məhəmməd qızının üzərinə düşdü.
Ramazan Qafarlı beşinci sinfə qədər Şəki şəhərində yerləşən 7 saylı orta məktəbdə oxumuşdur. 1961-ci ildə ailəsi Bakı şəhərinə köçmüş və o, orta təhsilini burada, 39 saylı orta məktəbdə başa çatdırmışdır. O, 1974-cü ildə N.Tusi adına ADPU-nun filologiya fakültəsini bitirdikdən sonra Elmi şuranın qərarı ilə həmin ali məktəbdə saxlandı. Estoniyada ordu sıralarında qulluq edib bir müddət seçkili orqanlarda (əvvəl Komsomol Komitəsində katib, sonra həmkarlar ittifaqı təşkilatında sədr) çalışdı. R.Qafarlı 1977-ci ildə ali məktəbi tərk edir və bir neçə il Rusiyada (Nikolayev, Xerson, Volqoqrad, Həştərxan, Kazan, Riqa və Leninqrad şəhərlərində) iş icraçısı vəzifəsini yerinə yetirir. 1981-ci ildə Bakı şəhərinə qayıdıb Xətayi rayonunda yerləşən 204 saylı orta məktəbdə ixtisası üzrə işləməyə başlayır.
O, 1984-cü ildə N.Tusi adına ADPU-nun əyani aspiranturasına daxil olur. 1988-ci ildə “Azərbaycan uşaq folkloru” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Həmin ildən pedaqoji universitetdə çalışır. O, 1989-1991-ci illərdə filologiya elmləri üzrə Müdafiə Şurasının üzvü və elmi katibi seçilir. Hazırda həmin təhsil ocağının “Dədə Qorqud Elmi-Tədqiqat Mərkəzi”nin müdiri vəzifəsində işləmiş və Dünya ədəbiyyatı tarixi kafedrasının professorudur. 2015-ci ilin dekabr ayının 1-dən AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri vəzifəsində çalışır.
R.Qafarlı 2003-cü ilin oktyabrından 2004-cü ilin fevralınadək Rusiyanın Sankt-Peterburq şəhərində doktorluq stajirovkası keçmiş, A.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin Elmi Şurasında “Мифологическая картина мира азербайджанского этноса” (“Azərbaycan xalqının təsəvvüründə mifoloji Dünya Modeli”) adlı doktorluq dissertasiyası mövzusu tesdiqlətmişdir. R.Qafarlının tədqiqat işi həmin ali məktəbin “Etnokulturologiya” kafedrasında müzakirə olunub müdafiəyə buraxılmışdır. R.Qafarlı 2010-cu ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Müdafiə Şurasında “Azərbaycan türklərinin mifologiyası” adlı doctorluq dissertasiyası müdafiə etmişdir. R.Qafarlının müəllifi olduğu internet saytı (rus və Azərbaycan-türk dillərində) dünyanın bütün kataloqlarına düşmüşdür.
O, on altı dərs proqramının, səkkiz monoqrafiyanın, iki dərs vəsaitinin, bir neçə folklor toplusunun, o cümlədən “Mif və nağıl” (1999), “Azərbaycan mifologiyası” (2001), “Azərbaycan atalar sözləri, xalq mahnıları və dramlarının poetikası” (2001), “Folklor poetikası” (2001), “Mifologiya və folklorşünaslıq məsələləri” (2002), “Azərbaycan türklərinin mifologiyası” (2005), “Mif, nağıl və əfsanə (epik ənənədə janrlararası əlaqə)” (2004), “Uşaq folklorunun janr sistemi və poetikası” (2013), “Mifologiya: eləcə də 300-dən şox elmi-publisistik məqalənin müəllifidir. R.Qafarlı AMEA Ədəbiyyat İnstitutunun hazırladığı 6 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin 1-ci cildinin (Bakı, Elm, 2004. - 8 çap vərəqi həcmində üç oçerkin: “Uşaq folkloru”, “Xalq dramları”, “Xalq mahnıları”) müəlliflərindən biridir. Bir sıra əsərləri xarici ölkələrdə – Türkiyədə, Rusiyada: Sankt-Peterburqda “Философия любви на деревнем Востоке и Низами” (“Şərqdə məhəbbət fəlsəfəsi və Nizami”) monoqrafiyası, Moskavada “Детская литература” jurnalında əsərləri çap olunub. Onun toplayıb tərtib etdiyi “Şəki folkloru” (2002) toplusunda Molla Cümənin indiyədək elm aləminə bəlli olmayan altı dastanı toplanmışdır.
R.Qafarlı folklor poetikası, mifologiya, “Kitabi-Dədə Qorqud”un poetik strukturu, uşaq folkloru, xalq dramları, atalar sözü, aşıq sənəti və sufizm, Nizami və “Avesta”, struktur poetikası və s. problemlər üzərində tədqiqat işləri aparır. Onun ssenarisi əsasında Dünya azərbaycanlılarının həmrəyliк gününə həsr olunan “Xanım, hey” bedii filmi, “Laylalar” bədii-etnoqrafik filmi çəkilmişdir. R.Qafarlı “Ərən”, “Xəmsə” qəzetlərinin, “Qafqaz” və “Xəmsə” jurnallarını təsis etmişdir. Onun tərtib və redaktorluq etdiyi “Heydər Əliyev-78”, “Bəxtiyar Vahabzadə – 75”, “Akademik Bəkir Nəbiyev –70 və 80”, “Ağayar Şükürov-55” xüsusi buraxılışları, dövlət rəhbəri və elm xadimlərimizin həyat səlnaməsinə güzgü tutmuşdur. Onun monoqrafiya ve kitabları haqqında xalq şairi, akademik B.Vahabzadə, akademik B.Nəbiyev, akademik İ.Həbibbəyli, AMEA-nın müxbir üzvləri Y.Qarayev, A.Nəbiyev, V.Əliyev və b. respublika mətbuatında məqalələrlə çıxış etmişlər.
R.Qafarlı 1990-cı ildə Soçidə keçirilən gənc tənqidçilərin Ümumittifaq müşavirəsində, 2000-ci ildə “Dədə Qorqud – 1300” Beynelxalq elmi simpoziumunda, 2003 və 2004-cü illərdə Sank-Peterburq şəhərində IV və V “Реальность этноса” Beynelxalq elmi konfransında, Türkiyənin Ankara, İstanbul, Antaliya, Qazıantep, Fətiyyə, Koçaeli, Əskişəhər, Bolu, İzmir və s. şəhərlərində keçirilən Uluslararası elmi simpoziumlarda məruzələr oxumuşdur. 2003-cü ilin noyabr ayında R.Qafarlı respublikamızda ilk dəfə olaraq Azərbaycan folkloru və mifologiyasının müxtəlif problemlerini özündə əks etdiren www.azmif.net (“Азербайджанская тюркская мифология и фольклор” // “Azərbaycan türk mifologiyası və folkloru”) saytını yaratmışdır. Mədəniyyətimizi beynəlxalq səviyyədə yaydığına görə www.azmif.net saytı 2005-ci ildə “Netty” Beynəlxalq İnternet Akademiyasının müsabiqəsinin qalibi elan olunmuşdur.
Ramazan Qafarlı Xalq şairi Bəxtiyar Vahabzadənin əsərlərinin külliyatının 12 cildliyini tərtib edib nəşrə hazırlamış, elmi redaktoru olmuş, hər cildə ön söz yazmış və “Bəxtiyar Vahabzadə əbədiyyət yolunda” (2010) kitabını çap etdirmişdir.