AŞIQ YARADICILIĞI ŞÖBƏSİ - Həlimət Məhəmməd qızı Məmmədova

27 dekabr 1965-ci ildə Balakənin Tülü kəndində anadan olub. M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirib (1989). 1989-2014-cü illərdə Azərbaycan Dövlət Muğam teatrında aktrisa kimi çalışıb.
Teatrda hazırlanan muğam tamaşalarında – “İsgəndərnamə”də Nüşabə, “Dədə Qorqud”da Burla Xatun, “Qarabağ” musiqili tamaşasında ana, Mikayıl Müşfiqə həsr olunmuş tamaşada Dilbər, “Məhəbbət hekayəti”ndə cadugər rollarında oynayıb. Teatrda səhnələşdirilən “Zabul segah”, “Bayatı-Şiraz”, “Şur”, “Çahargah” muğam tamaşalarında baş rollarda iştirak edib.
2002-ci ildə yaranmış “Savalan” qrupunda qiraətçi və müğənni kimi fəaliyyət göstərib.
H.Məmmədova bu illər ərzində Azərbaycan incəsənətini Amerika, Kanada, Almaniya, Rumıniya, Hollandiya, Türkiyə kimi ölkələrdə təbliğ edib. 2007-ci ilin mayında Pakistanda keçirilən Mistik Musiqi Sufi Festivalının iştirakçısı olub.
Yuğ Teatrında “Üz tuturam Tanrıya” (rejissor Vaqif İbrahimoğlu), Yunus İmrənin “Olsun” (rejissor Rasim Aşın) tamaşalarında musiqi və şeirləri ifa edib. İfasında Ramiz Rövşənin “Qapı” poemasının motivləri əsasında hazırlanmış video-tamaşa, “Biz ölən deyilik” kompozisiyası hazırlanıb. Gülağa Tənhanın sözlərinə musiqi bəstələyib və “Qara düşdü” klipini çəkdirib (rejissor Pünhan Həsənli). “Seyyid Nigari”, “Təbriz”, “Dədələr yolu” sənədli filmlərində qiraətçi və müğənni kimi çəkilib.
Hazırda AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsində böyük laborant vəzifəsində çalışır.