XƏBƏRLƏR
Folklor İnstitutunda Azərbaycan xalq bayramlarının ritual-mifoloji əsasları araşdırılıb: yeni monoqrafiya
AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Şakir Əlif oğlu Albalıyevin “Azərbaycan xalq bayramları” monoqrafiyası nəşr edilib.
Monoqrafiyada “bayram” konseptinin nəzəri-metodoloji əsasları, semantik strukturu, təsnifatı və metodoloji məsələləri araşdırılıb. Kitabda Azərbaycan xalq bayramlarının – Novruz, Xıdır Nəbi, Ramazan və Qurban bayramlarının ritual-mifoloji kökləri, dini əsasları və etnokulturoloji semantikası tədqiqata cəlb olunub.
Beş fəsildən ibarət olan tədqiqatın birinci fəslində “bayram” konseptinin nəzəri-metodoloji əsasları, ikinci fəslində Novruz bayramının etnokulturoloji sistemdə yeri, funksiyası, strukturu və semantikası araşdırılıb. Bu bölmədə Novruz bayramına etnokulturoloji baxışlar, onun düşüncə sistemi kimi formalaşmasında mifik inancların rolu, çərşənbələrin simvolikası və kosmoqonik funksiyası məsələləri nəzərdən keçirilib.
Üçüncü fəsil Xıdır Nəbi bayramının ritual-mifoloji strukturu və etnokulturoloji semantikasına həsr olunub. Burada bayramın strukturu, Xıdır Nəbi – Xıdır İlyas paralelizmi, Xıdır Nəbi obrazının kosmoqonik kişi başlanğıcı funksiyası və bayramın mifik əsasları araşdırılıb.
“Ramazan bayramı mənəvi kamilləşmə və etnik özünütəşkil modeli kimi” adlanan dördüncü fəsildə bayramın dini əsasları, orucluğun mənəvi təmizlənmə mexanizmi və Ramazan bayramının etnokulturoloji sistemdəki yeri tədqiq edilib.
Beşinci fəsildə Qurban bayramının ritual-mifoloji kökləri, dini əsasları və etnokulturoloji semantikası təhlil olunub. Qurban bayramına etnokulturoloji baxışlar, onun dini-islami semantikası, etnokulturoloji sistemdə mənəvi vəhdət modeli kimi yeri və başlıca funksiyası araşdırılıb.
Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanovadır.
Kitabın sonunda tədqiqatın əsas qənaətlərini əhatə edən “Son söz” və istifadə olunmuş ədəbiyyat siyahısı yer alıb.
Monoqrafiya folklorşünaslar, filoloqlar, tarixçilər, etnoqraflar, kulturoloqlar, ali məktəb müəllim və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.