“Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni sayı nəşr olunub

“Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni sayı nəşr olunub

23 Oktyabr 2026, 12:16 / Nəşrlər

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi toplusunun 92-ci nömrəsi çapdan çıxıb.

Toplunun baş redaktoru filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, baş redaktorun müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərova, məsul katibi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Xalidə Məmmədovadır.

Nəşrdə materiallar “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar”, “Folklorşünaslıq: problemlər, tədqiqlər” və “Azərbaycan folklorundan yeni nümunələr” bölmələri üzrə təqdim olunub.

“Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində Ramazan Qafarlının “«Dədə Qorqud»dan rəqəmsal gələcəyə: Azərbaycan eposunun yaddaş, kimlik və yeni elmi paradiqması”, Seyfəddin Rzasoyun “«Dəli Domrul» fenomeni «yunan-oğuz» və «dəlilik – məcnunluq» baxış müstəvilərində (K.Abdulla, R.Qafarlı)”, Xalidə Şaiqqızının (Məmmədova) “«Kitabi-Dədə Qorqud» dastanında vətən və qəhrəmanlıq anlayışı”, Gülxarə Əhmədovanın “«Kitabi-Dədə Qorqud» dastanında qadın obrazlarının səciyyəvi xüsusiyyətləri” və Nailə Mirzəyevanın “«Kitabi-Dədə Qorqud» dastanındakı atalar sözləri və məsəllərin poetik xüsusiyyətləri” adlı məqalələri yer alıb.

“Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində Füzuli Bayatın “Şəhər folkloru kontekstində həkimdən dəliyə: tematik lətifələr”, Almaz Həsənqızının “Türk epos yaradıcılığı və əski uyğur dastanları”, Aynurə Səfərovanın “Folklorun dili milli mədəniyyətin göstəricisidir”, Məti Osmanoğlunun “Xristian ayinində yaşayan türk tarixi”, Aybəniz Həşimovanın “Cəfər Cabbarlı yaradıcılığında mifoloji düşüncə”, Əpoş Vəliyevin “Su çərşənbəsi və Azərbaycan folklorunda su kultu”, Xəzəngül Məmmədovanın “Unudulmuş və unudulmaqda olan Azərbaycan yeməkləri (Bakı, Abşeron və Qərbi Azərbaycan bölgələri üzrə)”, Aysel Həsənovanın “Qərbi Azərbaycan bayatıları: tarixi yaddaş, köç travması və milli kimlik problemi” və Maya Abdullayevanın “Azərbaycan epik folklorunda zootrikster obrazlarının bədii məna xüsusiyyətləri” adlı tədqiqatları dərc olunub.

Toplunun “Azərbaycan folklorundan yeni nümunələr” bölməsində isə “Ünsiyyət prosesindən toplanılmış atalar sözləri və deyimlər (Göyçay bölgəsi üzrə)”, “Lənkəran folklor örnəkləri” və “Qarabağ folklor örnəkləri” təqdim edilib.

Qeyd edək ki, 2001-ci ildən nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi toplusu “Index Copernicus” beynəlxalq indeksləşdirmə sisteminə daxildir. Topluda dərc olunan elmi məqalələr 2023-cü ildən DOI (Digital Object Identifier) rəqəmsal obyekt identifikatoru ilə yayımlanır.