“Azsaylı xalqların folkloru” seriyasının VIII kitabı nəşr olunub

“Azsaylı xalqların folkloru” seriyasının VIII kitabı nəşr olunub

21 Oktyabr 2026, 08:31 / Nəşrlər

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə “Azsaylı xalqların folkloru” seriyasının növbəti nəşri – “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” adlı VIII kitabı işıq üzü görüb. Kitabın toplayıcısı və tərtibçisi, həmçinin “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Yaqubqızıdır.

374 səhifədən ibarət nəşrdə Oğuz və Qəbələ rayonlarında yaşayan ləzgilərin folklor irsi toplanaraq sistemləşdirilib. Kitabda bölgənin etnik-mədəni xüsusiyyətləri, ləzgilərin məskunlaşdığı ərazilər, ləzgi dili və xalqın adət-ənənələri haqqında məlumatlarla yanaşı, yerli sakinlərdən qeydə alınmış şifahi xalq yaradıcılığı nümunələri də təqdim olunur.

Nəşrin ilk bölmələrində Oğuz-Qəbələ bölgəsinin etnik və mədəni mənzərəsi, ləzgilərin tarixi-mədəni xüsusiyyətləri və ləzgi dili haqqında məlumat verilir. Əsas hissədə isə folklor nümunələri janr və məzmun xüsusiyyətləri baxımından təqdim edilir. Kitabın sonunda söyləyicilər və tərcüməçilər haqqında məlumatlar, eləcə də bölgənin milli müxtəlifliyini əks etdirən fotoşəkillər yer alır.

Nəşrin diqqətçəkən cəhətlərindən biri “Azsaylı xalqların folkloru” seriyasında ilk dəfə olaraq bölgədə yaşayan xalqların dilləri üzrə tərcüməçi-mütəxəssislərin, Azərbaycan türkləri ilə çiyin-çiyinə döyüşmüş, Vətən uğrunda canlarından keçmiş qəhrəmanların və qazilərin fotoşəkillərinin təqdim edilməsidir. Bu materiallar bölgə xalqlarının ortaq tarixi təcrübəsini, Vətənə bağlılığını və birgəyaşayış ənənələrini əks etdirməklə nəşrin elmi və ictimai əhəmiyyətini artırır.

“Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı bölgədə yaşayan ləzgilərin şifahi xalq yaradıcılığının toplanması, qorunması, sistemləşdirilməsi və elmi dövriyyəyə daxil edilməsi baxımından əhəmiyyətli mənbədir. Folklor nümunələrində xalqın tarixi-mədəni yaddaşı, dünyagörüşü, mənəvi dəyərləri və ənənəvi həyat tərzi öz əksini tapır. Bu baxımdan nəşr həm ləzgi folklorunun, həm də Azərbaycanın etnik-mədəni müxtəlifliyinin öyrənilməsi üçün mühüm elmi material təqdim edir.

“Azsaylı xalqların folkloru” seriyasının VIII kitabı ölkəmizdə yaşayan etnik qrupların zəngin folklor irsinin tədqiqi, milli-mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsi və Azərbaycanın çoxəsrlik birgəyaşayış ənənələrinin elmi əsaslarla araşdırılması istiqamətində həyata keçirilən işlərə töhfədir.