Folklor İnstitutunda məkanla bağlı kultların mifoloji semantikası müzakirə olunub

Folklor İnstitutunda məkanla bağlı kultların mifoloji semantikası müzakirə olunub

21 Oktyabr 2026, 14:13 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində elmi seminar keçirilib. Seminarda Mifologiya şöbəsinin və İnstitutun digər şöbələrinin əməkdaşları da iştirak ediblər.

Elmi seminarda Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Albalıyev Şakir Əlif oğlu “Folklorumuzda dağ və daş kultu ilə əlaqədar dini-mifik təsəvvürlər” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Azərbaycan xalqının zəngin folklorunda dağ və daş kultu ilə əlaqədar mifoloji dünyagörüşün əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, qədim türklərin ulu məskənlərindən biri olan “Altay” ifadəsi “Ala dağ” anlamını daşıyır. El deyimlərimizdən də məlumdur ki, ulularımız tapındıqları ucalığı – dağları özlərinə ümumi ad və məkan olaraq seçiblər. “Tanrı dağları” ifadəsi də məhz belə bir məntiqi təsdiqləyir. Azərbaycanlıların azyaşlı uşaqları bəd nəzərdən qorunmaq üçün körpə vaxtlarında üstlərinə tikdikləri müxtəlif cür və adlarla tanınan muncuqlar da (göz muncuğu daşından tutmuş ta babaqulu daşına kimi) daş kultunun yerli – milli ənənədə yaşayan müasir canlı izləridir. Muncuq ifadəsinin adekvat adla daş-qaş ifadəsi adıyla işlənməsi də bunu isbat edən canlı dil faktıdır.

Məruzəçi mülahizələrini özünün də yaşamış olduğu Cəbrayıl rayonundakı Dağ Tumas dağındakı Tumas Ata ziyarətgahı və Dağ Tumas kəndindəki təxminən XV əsrə aid edilən Başıkəsik Künbəz abidəsinin insanlar tərəfindən müqəddəs hesab olunması ilə əsaslandırmışdır. O, dağların "yeraltı, yerüzü və göyüzü olmaqla üç aləm arasında əlaqə saxladığı üçün bütün mifoloji inanc və düşüncələrdə dünyanın mərkəzi kimi qəbul edilməsinə” dair mövcud fikirləri də vurğulamışdır.

Məlumdur ki, mifologiya, inanc və düşüncə sisteminə görə yaradılış ilk olaraq dağlardan başlayır. Dağlar dünyanı sabit bir ölçüdə tutan və üç aləmi bir-birinə bağlayan varlıqlar kimi qəbul edilir. Tanrıya verilən qurbanlar dağ başında icra edilən ayinlərlə tamamlanır. Qədim türklər təbiətdəki hər varlığın, o cümlədən dağların ruhu olduğuna inanıblar.

Məruzəçi Cəbrayıl rayonundakı müvafiq dağ və daş ziyarətgahlarının timsalında söylənən fikirlərin əyaniliyinin təsdiqləmişdir.
Məruzənin yekununda bildirilib ki, dağ və daş kultu ilə müasirlik arasındakı münasibəti mifoloji düşüncə baxımından “qədim sakral modelin müasir mədəni yaddaşda transformasiyası” kimi ümumiləşdirmək olar. Burada əsas məsələ qədim inancın eyni formada yaşaması deyil, onun simvolik mənasının, davranış modellərinin və müqəddəs məkan anlayışının yeni şəraitdə qorunmasıdır. Türk mifoloji dünyagörüşündə dağ yalnız coğrafi obyekt deyil. O, həm də bir neçə semantik funksiyanı yerinə yetirir. Bu baxımdan dağ kultu əslində insanın təbiətlə münasibətinin mifoloji modeli kimi də qiymətləndirilə bilər.
Müasir insanın dağa münasibəti artıq qədim mifoloji şüurdakı kimi olmaya bilər. Lakin qədim model tamamilə yox olmur. O, sekulyarlaşır, folklorlaşır və yenidən mənalandırılır.

Şakir Albalıyev vurğulayıb ki, Azərbaycandakı dağ və daş kultunu təmsil edən müqəddəs ziyarətgahlar “qədim inancın qalığı” kimi deyil, həm də mifoloji düşüncəni əks etdirən və mədəni yaddaş vasitəsilə günümüzə transformasiya olunmuş, sosial-mədəni məna qazanmış yadigarlar olaraq şərh edilməlidir.
Mifoloji dünyagörüş və mədəni yaddaş kontekstində daş kultunun müasir təzahürlərini öyrənərkən mifoloji düşüncə və etnomədəni ənənəyə əsaslanmaq vacib məqamlardandır.

Seminar mövzu ilə bağlı iştirakçıların suallarının cavablandırılması və müzakirə olunan məsələlərə aydınlıq gətirilməsi ilə yekunlaşıb.