Folklor İnstitutunda “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub

Folklor İnstitutunda “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub

20 Oktyabr 2026, 08:52 / Nəşrlər

AMEA Folklor İnstitutunda həyata keçirilən Qərbi Azərbaycan folklorunun toplanması, tərtibi və nəşri istiqamətində elmi fəaliyyətin davamı olaraq “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi işıq üzü görüb.

“Elm və təhsil” nəşriyyatında çap olunan 370 səhifəlik kitab AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilib. Nəşrin layihə rəhbəri filologiya elmləri doktoru, dosent Hikmət Quliyev, toplayıb tərtib edənlər və ön sözün müəllifləri filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov və filologiya üzrə fəlsəfə doktoru Dadaş Əliyevdir. Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlidir.

Nəşrdə 1948–1953-cü illərdə və 1988-ci ildə baş vermiş deportasiyalardan sonra Göyçay və İsmayıllı rayonlarında məskunlaşmış Qərbi azərbaycanlılardan toplanan folklor nümunələri və etnoqrafik məlumatlar yer alıb. Kitabın əsas məqsədi Qərbi Azərbaycan əhalisinin tarixi yaddaşını, şifahi ənənələrini, dil xüsusiyyətlərini və məişət mədəniyyətini əks etdirən materialları sistemləşdirərək elmi dövriyyəyə daxil etməkdir.
Kitabın Ön sözündə Qərbi Azərbaycan folkloru xalqın tarixi təcrübəsini, etnopsixoloji xüsusiyyətlərini, dünyagörüşünü, adət-ənənələrini, inanclarını və gündəlik həyatını əks etdirən mühüm mənbə kimi səciyyələndirilir. Burada deportasiya nəticəsində doğma yurdlarından ayrılmış ailələrin xatirələrinə, köçürülmə prosesinin yaratdığı çətinliklərə, yeni yaşayış məskənlərində qarşılaşdıqları problemlərə və onların həyat təcrübəsinə xüsusi diqqət yetirilir. Şifahi xatirələr və nəsildən-nəslə ötürülən məlumatlar vasitəsilə ayrı-ayrı insanların taleyi ilə xalqın kollektiv yaddaşı arasında əlaqə üzə çıxarılır.

Nəşrin məzmunu folklor janrlarının geniş spektrini əhatə edir. Kitabda əfsanə və rəvayətlər, nağıllar, alqışlar, qarğışlar, andlar, atalar sözləri, məsəllər, deyimlər, öyüdlər, inanclar, tapmacalar, nazlamalar, uşaq düzgüləri, şəbədələr və lətifələr təqdim olunur. Bununla yanaşı, Göyçə mahalının xalq təbabəti, etnoqrafik bilgilər və inanclar, xatirələr və təəssüratlar, payız söyləmələri, Göyçə bayatıları, eləcə də müxtəlif hadisə və əhvalatlarla bağlı folklor materialları kitabın əhatə dairəsini genişləndirir.

Nəşrdə Qərbi Azərbaycan aşıq sənəti və el şairlərinin yaradıcılığı da mühüm yer tutur. Bu nümunələrdə fərdi yaradıcılıqla kollektiv folklor ənənəsinin qarşılıqlı əlaqəsi, yurd həsrətinin bədii ifadəsi və aşıq-poetik irsin yaşadılması diqqəti cəlb edir.

Kitabın ayrıca bölmələrindən biri Qərbi Azərbaycan mətbəxinə həsr olunub. “Milli mətbəx” bölməsində Göyçə, Dərələyəz, Zəngibasar və İrəvan mətbəxlərinə aid yeməklər, onların hazırlanma xüsusiyyətləri, eləcə də məişətdə istifadə olunan alət və məmulatlar haqqında məlumat verilir. Əvəlikli yeməklər, Göyçə kətəsi, xəşil, qaşıq xəngəli, qovurma, şilə, qeysəfə və digər nümunələr bölgənin kulinariya ənənələrinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Bu materiallar milli mətbəxin yalnız qidalanma praktikası olmadığını, eyni zamanda məişət təcrübəsini, yerli bilikləri və mədəni irsin nəsillər arasında ötürülməsini əks etdirdiyini göstərir.

Nəşrin elmi əhəmiyyətini artıran cəhətlərdən biri də folklor mətnlərinin toplanması və təqdimatı zamanı mənbə məlumatlarının göstərilməsinə diqqət yetirilməsidir. Mətnlərin sonunda verilən kodlar söyləyicilər və toplayıcılar haqqında məlumatlarla əlaqələndirilir. Bölgəyə məxsus söz və ifadələrin izahı üçün dialektoloji sözlük, mətnlərdə rəqəmlərlə işarələnmiş anlayışların açıqlanması üçün isə ayrıca “Aydınlatmalar” bölməsi hazırlanıb. Kitabın sonunda söyləyicilər və toplayıcılar haqqında məlumatların, eləcə də fotoşəkillərin verilməsi materialların sənədləşdirilməsi baxımından əhəmiyyətlidir.

"Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi folklorşünaslıq, etnoqrafiya, dialektologiya, aşıq yaradıcılığı və milli mətbəx tarixi üzrə araşdırmalar üçün əhəmiyyətli mənbədir. Nəşr Qərbi Azərbaycan folklorunun janr zənginliyini, regional xüsusiyyətlərini və tarixi yaddaşla əlaqəsini üzə çıxarmaqla yanaşı, şifahi mədəni irsin toplanması, qorunması və gələcək nəsillərə çatdırılması baxımından da mühüm elmi və mədəni əhəmiyyət daşıyır.