İlhamə Qəsəbova AzTV-nin “Günə davam” proqramının qonağı olub

İlhamə Qəsəbova AzTV-nin “Günə davam” proqramının qonağı olub

19 Oktyabr 2026, 09:06 / Müsahibələr, çıxışlar

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Azərbaycan Televiziyasının (AzTV) “Günə davam” proqramında canlı yayımın qonağı olub.

Verilişdə əvvəlcə Azərbaycan kəlağayılarının tarixi, milli-mədəni irsimizdəki yeri və bədii xüsusiyyətləri haqqında geniş müzakirə aparılıb.
Daha sonra Azərbaycan xalq nağıllarının uşaqların mənəvi dünyasının formalaşmasında rolu, nağıl qəhrəmanlarının həyatımıza təsiri, folklor nümunələrində yaxşı və pis anlayışlarının təqdimatı, eləcə də dastanlarda qəhrəmanlıq düşüncəsi ətrafında geniş müzakirə aparılıb.

İlhamə Qəsəbova çıxışında xalq nağıllarının yalnız əyləncə vasitəsi olmadığını, həm də xalqın əsrlər boyu formalaşmış həyat təcrübəsini, mənəvi dəyərlərini və dünyagörüşünü nəsildən-nəslə ötürdüyünü vurğulayıb. O, “Cırtdan” nağılının timsalında insanın fiziki xüsusiyyətlərinə görə qiymətləndirilməməsinin, fərdi bacarıqlara hörmətlə yanaşılmasının əhəmiyyətinə diqqət çəkib. Qeyd edib ki, Cırtdanın obrazı ağılın, hazırcavablığın və çevikliyin fiziki gücdən üstün ola biləcəyini göstərir.

Müzakirə zamanı nağıllarda ədalət və azadlıq uğrunda mübarizə, igidlik, müdriklik, el birliyi və mənəvi məsuliyyət məsələləri də diqqətə çatdırılıb. İlhamə Qəsəbova bildirib ki, milli folklor irsinin uşaqlara düzgün şəkildə çatdırılması onların ana dilinə, milli-mənəvi dəyərlərə və mədəni kimliyə bağlılığının gücləndirilməsində mühüm əhəmiyyət daşıyır.

İlhamə Qəsəbova çıxışında, həmçinin, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Qarabağ qəhrəmanlarının həyat yolu, göstərdikləri igidlik və Vətənə sədaqət nümunələri uşaqlara örnək kimi aşılanmalıdır. Bildirib ki, bu qəhrəmanların keçdiyi döyüş yolu və mənəvi keyfiyyətləri gənc nəslin yaddaşında yaşadılmalı, uşaqlarda Vətənə məhəbbət, milli dəyərlərə bağlılıq və məsuliyyət hissi formalaşdırılmalıdır. Onun sözlərinə görə, bu günün uşaqları sabahın qurucuları, Vətənin müdafiəçiləri və gələcəyin qəhrəmanları kimi yetişməlidirlər.