XƏBƏRLƏR
Folklor İnstitutunda peşə lətifələrinin rəqəmsal mühitdə yenidən istehsalı məsələləri araşdırılıb
AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsində elmi seminar keçirilib. Seminarda şöbə müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayatın “Peşə lətifələri, yeni rəqəmsal mühitdə lətifələrin yenidən istehsalı: nəzəri yanaşma” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə müasir şəhər folklorunun çevik, sosial baxımdan həssas janrlarından biri olan peşə lətifələrinin ənənəvi şifahi ifa müstəvisindən rəqəmsal mühitə keçidi və bu məkanda yenidən istehsalı mexanizmləri nəzəri-empirik müstəvidə təhlil olunub.
Qeyd olunub ki, peşə folkloru və lətifələri əmək fəaliyyətinin spesifik xüsusiyyətləri, iş mühitində yaranan çətinliklər və institusional münasibətlər zəminində formalaşır. Bu janrlar yalnız əyləncə vasitəsi deyil, həm də cəmiyyətin sosial barometri, fərdlərin əmək münasibətlərini mənalandırma üsulu və müəyyən basqılara qarşı formalaşan simvolik müdafiə refleksi kimi çıxış edir. Məruzədə peşə lətifələrinin həm qrupdaxili həmrəyliyi möhkəmləndirən ezoterik, həm də cəmiyyətin peşə sahiblərinə yönəltdiyi stereotipləri əks etdirən ekzoterik funksiyaları nəzərdən keçirilib.
Tədqiqatın nəzəri çərçivəsinin folklorşünaslıq, sosiologiya və media nəzəriyyəsinin fundamental konsepsiyalarının sintezi əsasında formalaşdırıldığı diqqətə çatdırılıb. Bu kontekstdə Riçard Bauman və Dan Ben-Amosun performans və kontekst nəzəriyyəsi, R. Bascomun folklorun funksional modeli, Jan Harold Brunvandın texnoloji vasitələrlə ötürülən folklor formalarına dair yanaşmaları, Valter Benjaminin mexaniki təkrar istehsal və orijinallıq haqqında fikirləri, eləcə də Limor Şifman, Henri Jenkins və Trevor J. Blankın rəqəmsal folklor və internet memləri ilə bağlı nəzəri mülahizələri əsas götürülüb.
Məruzədə xüsusi diqqət şifahi variantlıq və rəqəmsal yenidən istehsal anlayışlarının fərqləndirilməsinə yönəldilib. Şifahi variantlıq mətnin bir ifaçıdan digərinə ötürülərkən improvizasiya yolu ilə dəyişməsi və yeni variantlar qazanması kimi izah olunub. Rəqəmsal yenidən istehsal isə mətnin X, Instagram, TikTok və Telegram kimi platformalar arasında yayılması, eləcə də vizual və verbal elementlərin birləşməsi ilə səciyyələndirilib. Bu prosesdə istifadəçilərin yalnız rəqəmsal məzmunun istehlakçıları deyil, eyni zamanda onun istehsalçıları kimi çıxış etməsi məsələsi də diqqətə çatdırılıb.
Seminarda klassik folklorşünaslıq metodologiyasının müasir kiberfolklor və şəhər antropologiyasının yanaşmaları ilə uzlaşdırılmasının nəzəri əhəmiyyəti vurğulanıb. Bildirilib ki, folkloru yalnız keçmişdən qalan relikt və ya arxiv materialı kimi qiymətləndirmək düzgün deyil. Rəqəmsal texnologiyalar, korporativ yadlaşma və dəyişən əmək münasibətləri şəraitində folklor canlılığını qoruyan və fasiləsiz yenidən istehsal olunan mədəniyyət formasıdır.
Sonda peşə lətifələrinin ənənəvi şifahi mühitlə yanaşı, yeni rəqəmsal kommunikasiya platformalarında da öyrənilməsinin, bu janrın dəyişən funksiyalarının, yayılma mexanizmlərinin və mətn transformasiyalarının müasir nəzəri yanaşmalar əsasında araşdırılmasının zəruriliyi önə çəkilib.
