AMEA Folklor İnstitutunun əməkdaşları IV Uluslararası Dəvəli–Aşıq Seyrani və Türk Kültürü Konqresində iştirak ediblər

AMEA Folklor İnstitutunun əməkdaşları IV Uluslararası Dəvəli–Aşıq Seyrani və Türk Kültürü Konqresində iştirak ediblər

14 Oktyabr 2026, 14:39 / Konfranslar, İclaslar

2026-cı il oktyabrın 8–10-da Türkiyənin Dəvəli şəhərində IV Uluslararası Dəvəli–Aşıq Seyrani və Türk Kültürü Konqresi keçirilib. Beynəlxalq elmi tədbirdə AMEA Folklor İnstitutunun əməkdaşları – professor Seyfəddin Rzasoy, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Tahir Orucov, İlhamə Qəsəbova, Elçin Qaliboğlu, Aynurə Səfərova, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımova və böyük elmi işçi Xəzəngül Məmmədova iştirak ediblər.

Konqresdə Azərbaycan folklorunun müxtəlif istiqamətləri, aşıq sənəti, epik ənənələr, milli kimlik, xalq inancları və türk xalqlarının ortaq mədəni irsi ilə bağlı aktual elmi məsələlər müzakirə olunub.

Professor Seyfəddin Rzasoyun “Batı Azərbaycan aşık ortamları” mövzusunda məruzəsində vurğulanıb ki, Qərbi Azərbaycan aşıq mühitinin tarixi-mədəni xüsusiyyətlərinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Aşıq mühiti yalnız saz və söz sənətinin yayıldığı məkan deyil, həm də xalqın tarixi yaddaşını, etnik-mədəni kimliyini və mənəvi dəyərlərini qoruyan mühüm mədəni sistemdir. Bu mühitdə formalaşan ustad-şəyird ənənəsi, ifaçılıq məktəbləri və repertuar xüsusiyyətləri aşıq sənətinin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır. Qərbi Azərbaycan aşıq mühitinin araşdırılması bölgənin zəngin folklor irsinin öyrənilməsinə və sənət ənənələrinin elmi dövriyyəyə daxil edilməsinə imkan yaradır. Mövzu, həmçinin Azərbaycan aşıq sənətinin regional xüsusiyyətlərinin ümumtürk mədəni kontekstində dəyərləndirilməsi baxımından aktualdır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucovun məruzəsi Azərbaycan və Balkan türklərinin folklorunda müşahidə olunan ortaq cəhətlərin müqayisəli şəkildə araşdırılmasına həsr olunub. Əfsanələr, atalar sözləri və bilməcələr xalqın dünyagörüşünü, həyat təcrübəsini, mənəvi dəyərlərini və bədii təfəkkürünü əks etdirən mühüm folklor janrlarıdır. Bu janrların müqayisəsi müxtəlif coğrafi ərazilərdə yaşayan türk xalqları arasında mövcud olan tarixi-mədəni əlaqələrin və ortaq düşüncə modellərinin müəyyənləşdirilməsinə şərait yaradır. Xüsusilə süjet, motiv, obraz və məna yaxınlıqlarının öyrənilməsi türk xalqlarının folklor yaddaşındakı ümumi xüsusiyyətləri üzə çıxarmaq baxımından əhəmiyyətlidir. Tədqiqatın bu istiqaməti türk xalqlarının mənəvi irsinin müqayisəli folklorşünaslıq müstəvisində araşdırılmasına töhfə verir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın məruzəsi müasir dövrdə gənc aşıqların yaradıcılıq axtarışları ilə klassik aşıq sənəti ənənələrinin qorunması arasındakı münasibətlərin araşdırılmasına həsr olunub. Aşıq sənəti əsrlər boyu formalaşmış poetik ənənələri, saz havalarını, obraz və simvollar sistemini özündə birləşdirən zəngin sənət sahəsidir. Müasir gənc aşıqların yaradıcılığında yeni ifadə vasitələrinin meydana çıxması bu sənətin dəyişən ictimai-mədəni şəraitə uyğunlaşmasını göstərir. Bununla yanaşı, klassik simvolların, ənənəvi poetik formaların və ustad-şəyird münasibətlərinin qorunması aşıq sənətinin milli-mədəni özünəməxsusluğunun davamlılığı üçün vacibdir. Mövzu ənənə ilə yenilik arasındakı əlaqənin öyrənilməsi, gənc nəslin aşıq sənətinə münasibətinin müəyyənləşdirilməsi və bu irsin gələcək nəsillərə ötürülməsi baxımından aktual elmi əhəmiyyət daşıyır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlunun “Bölgə inanclarinda milli kimliyin fəlsəfi mahiyyəti və etnomədəni təzahürləri (Azərbaycanın Dağlıq Şirvan bölgəsi folkloru əsasında)” adlı məruzəsində Azərbaycan folklorunun müxtəlif mühitlərində yaşayan inanclar milli kimliyin fəlsəfi mahiyyəti və etnomədəni təzahürləri baxımından araşdırılıb, Dağlıq Şirvan bölgəsindən toplanmış mifoloji mətnlər nəzəri müddəaların konkretləşdirilməsi üçün nümunə kimi nəzərdən keçirilib. Vurğulanıb ki, Ərdoy, Al/Hal və s. ilə bağlı inancların regional variantlaşması lokal folklorun ümumi Azərbaycan folkloru sistemindən təcrid olunmuş hadisə olmadığını göstərir, əksinə, regional variant ümumi etnomədəni modelin müəyyən bir məkanda yenidən mənalandırılmış formasıdır. Milli kimlik regional inancların məcmusu deyil, müxtəlif bölgələrdə yaşayan insanların inancları və mədəni ənənələri milli kimliyin formalaşmasında mühüm rol oynayır. Bu ənənələri birləşdirən əsas amillər ortaq tarixi yaddaş, dil, mərasimlər, dəyərlər və dünyagörüşüdür. Müxtəlif bölgələrin mədəni təcrübələri zaman keçdikcə bir-biri ilə qarşılıqlı əlaqəyə girərək ortaq mədəni yaddaşın formalaşmasına təsir göstərib. Buna görə də milli kimlik regional fərqlərin aradan qalxması deyil, həmin fərqlərin ortaq tarixi və mədəni dəyərlər ətrafında birləşməsi nəticəsində formalaşan etnomədəni hadisədir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərovanın məruzəsi “Qurbani” xalq hekayəsinin Azərbaycan və Türkiyə variantlarının müqayisəli tədqiqinə həsr olunub. Xalq hekayələri və dastanlar türk xalqlarının tarixi-mədəni yaddaşını, qəhrəmanlıq təsəvvürlərini, sevgi anlayışını və mənəvi dəyərlərini qoruyan mühüm epik nümunələrdir. “Qurbani” hekayəsinin müxtəlif variantlarının araşdırılması süjet, obrazlar, motivlər və bədii ifadə vasitələri arasındakı oxşar və fərqli cəhətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Müqayisəli yanaşma əsərin variantlaşma xüsusiyyətlərini, şifahi ənənədəki dəyişmələri və regional fərqləri öyrənməyə imkan yaradır. Bu istiqamətdə aparılan tədqiqat Azərbaycan və Türkiyə folkloru arasındakı əlaqələrin, eləcə də ortaq türk epik ənənələrinin daha dərindən anlaşılmasına xidmət edir.

Sevinc Qasımovanın məruzəsi Azərbaycan aşıq poeziyasında Novruz bayramı ilə bağlı motivlərin bədii ifadə xüsusiyyətlərinə həsr olunub. Novruz xalqımızın qədim dünyagörüşünü, təbiətin oyanışını, yenilənmə və bolluq arzularını özündə birləşdirən zəngin mədəni ənənədir. Bu bayramla bağlı təsəvvürlər aşıq şeirində təbiət obrazları, bahar, su, od, yaşıllıq və yeni həyat kimi motivlər vasitəsilə ifadə oluna bilir. Novruz motivlərinin poetik mətnlərdə araşdırılması xalqın mövsümi mərasimləri ilə aşıq yaradıcılığı arasındakı əlaqələrin üzə çıxarılması baxımından əhəmiyyətlidir. Mövzunun öyrənilməsi Azərbaycan aşıq poeziyasının milli-mənəvi dəyərlərin qorunmasında və Novruz ənənələrinin yaşadılmasında rolunu müəyyənləşdirməyə imkan verir.

Xəzəngül Məmmədovanın məruzəsi Azərbaycan və qaqauz xalqlarının epik folkloru arasındakı ortaq xüsusiyyətlərin araşdırılmasına yönəlib. Epik folklor nümunələri xalqların tarixi təcrübəsini, qəhrəmanlıq düşüncəsini, ailə və cəmiyyət münasibətlərini, eləcə də mənəvi dəyərlərini əks etdirən mühüm mədəni mənbələrdir. Azərbaycan və qaqauz folklorunun müqayisəli öyrənilməsi süjet və motiv yaxınlıqlarının, obrazlar sisteminin və ənənəvi bədii ifadə vasitələrinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Bu cür araşdırmalar ortaq türk mədəni irsinin müxtəlif xalqların şifahi yaradıcılığında necə qorunduğunu və inkişaf etdiyini anlamağa kömək edir. Tədqiqat türk xalqlarının epik ənənələrinin müqayisəli folklorşünaslıq istiqamətində öyrənilməsinə və mədəni əlaqələrin elmi əsaslarla dəyərləndirilməsinə töhfə verir.

Konqres Azərbaycan folklorşünaslığının aktual problemlərinin beynəlxalq elmi müstəvidə təqdim olunması, türk xalqlarının ortaq mədəni irsinin araşdırılması və alimlər arasında elmi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli platforma olub. AMEA Folklor İnstitutunun əməkdaşlarının iştirakı Azərbaycan folklorunun zənginliyinin, aşıq sənətinin özünəməxsusluğunun və türk xalqlarının ortaq mənəvi dəyərlərinin beynəlxalq elmi ictimaiyyətə çatdırılmasına xidmət edib.

Bununla yanaşı, filologiya elmləri doktoru, dosent Qalib Sayılov, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Afaq Ramazanova, Fidan Qasımova, Vəfa İbrahim, Şəhla Hüseynli, Səbinə İsayeva, Ləman Süleymanova, filologiya üzrə fəlsəfə doktorları Sürəyya Əlizadə, Nərmin Babayeva, böyük elmi işçi Lalə Şabanova konqresdə onlayn formatda iştirak edərək məruzələrlə çıxış ediblər. Onların təqdim etdikləri elmi məruzələr konqresin mövzu dairəsinin genişlənməsinə, Azərbaycan folklorunun müxtəlif problemlərinin beynəlxalq elmi müstəvidə müzakirəsinə və türk xalqlarının ortaq mədəni irsinin öyrənilməsinə töhfə verib. Onlayn iştirak alimlər arasında elmi fikir mübadiləsinin aparılması və beynəlxalq akademik əməkdaşlığın inkişafı baxımından da əhəmiyyət daşıyıb.

Konfransının bağlanış mərasimində Azərbaycan təmsilçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova çıxış edib. O, çıxışında Aşıq Seyrani yaradıcılığının türk xalq ədəbiyyatındakı əhəmiyyətindən, onun poetik irsinin öyrənilməsinin elmi və mədəni dəyərindən, eləcə də Azərbaycan və Anadolu aşıqlıq ənənələri arasındakı mənəvi bağlılıqdan bəhs edib. Aşıq Seyrani irsinin öyrənilməsi yalnız bir sənətkarın yaradıcılığının tədqiqi baxımından deyil, həm də türk aşıq sənətinin ortaq xüsusiyyətlərinin, poetik düşüncə sisteminin və mənəvi bağlarının araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Alim Azərbaycan aşıq sənəti ilə Anadolu aşıqlıq ənənəsi arasında əsrlər boyu davam edən mənəvi yaxınlığa diqqət çəkib. Saz, söz, ustad-şəyird münasibətləri, dastançılıq ənənəsi, məhəbbət və hikmət dolu şeirlərin bu yaxınlığın əsas göstəriciləri olduğunu vurğulayıb. Aşıq Seyrani yaradıcılığı Azərbaycan və Türkiyə folklorşünaslarının birgə tədqiqatları ilə daha dərindən öyrənilməlidir. İ.Qəsəbova belə elmi toplantıların yalnız fikir mübadiləsi aparmaqla məhdudlaşmadığını, həm də yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaratdığını qeyd edib. O, Aşıq Seyrani irsinin Azərbaycan aşıq mühiti ilə müqayisəli şəkildə araşdırılmasının, sənətkarın poetik irsinin gənc nəslə çatdırılmasının və onun ortaq türk mədəniyyətindəki mövqeyinin daha geniş elmi müstəvidə təqdim edilməsinin vacibliyini vurğulayıb. İ.Qəsəbova, həmçinin gələcək illərdə Aşıq Seyraniyə həsr olunmuş beynəlxalq konfransların digər qardaş ölkələrdə də keçirilməsini təklifi elm adamları və bələdiyyə başqanı tərəfindən müsbət qarşılanıb. Onun fikrincə, bu cür tədbirlər türk xalqları arasında elmi-mədəni əməkdaşlığın genişlənməsinə və ortaq mənəvi irsin daha dərindən öyrənilməsinə töhfə verə bilər. Çıxışının sonunda alim konfransın təşkilatçılarına, alimlərə və iştirakçılara təşəkkürünü bildirib. O, saz və söz ənənəsinin yaşadılmasının, ustad sənətkarların irsinin öyrənilməsinin Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin mədəniyyət müstəvisində daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Bağlanış mərasimində İlhamə Qəsəbovaya plaket təqdim edilib.

Qeyd edək ki, Aşıq Seyrani yaradıcılığına həsr olunan bu cür elmi-mədəni tədbirlər türk xalqlarının ortaq ədəbi irsinin tanıdılması, aşıqlıq ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.