Folklor İnstitutunda Güney Azərbaycan folklorunda uşaq nəğmələri və müntəxəbat tərtibçiliyi ənənəsi araşdırılıb

Folklor İnstitutunda Güney Azərbaycan folklorunda uşaq nəğmələri və müntəxəbat tərtibçiliyi ənənəsi araşdırılıb

13 Oktyabr 2026, 13:01 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsində “Güney Azərbaycan folklorunda uşaq nəğmələri” və “Məhəmmədəli Fərzanə irsi və dövrün müntəxəbat tərtibçiliyi ənənəsi” mövzularında elmi seminar keçirilib.
Seminarda şöbənin elmi işçiləri Səadət İbrahimli və İlahə Qurbanova müvafiq mövzular üzrə məruzələrlə çıxış ediblər.

Səadət İbrahimli “Güney Azərbaycan folklorunda uşaq nəğmələri” mövzusunda məruzəsində uşaq nəğmələrinin Güney Azərbaycan folklorundakı yeri, janr xüsusiyyətləri, məzmunu və poetikası, eləcə də milli-mənəvi irsin qorunmasındakı rolundan bəhs edib. O, uşaq folklorunun xalqın dünyagörüşünü, həyat təcrübəsini, mənəvi dəyərlərini və estetik düşüncəsini əks etdirdiyini diqqətə çatdırıb.

Məruzəçi laylalar, düzgülər, sanamalar, acıtmalar və dolamaların məzmun, struktur və ifa xüsusiyyətlərini şərh edib. Bildirib ki, laylalarda ana məhəbbəti, övlad arzuları, ailə-məişət münasibətləri və gələcəyə dair ümidlər poetik ifadəsini tapır. Düzgü və sanamalar ritmik quruluşu, ahəngdarlığı və təkrarları ilə seçildiyi halda, acıtma və dolamalar yumor, söz oyunu və obrazlı ifadələrlə zəngindir. Bu janrların uşaqların nitq və yaddaş bacarıqlarının inkişafında, ritm duyumunun formalaşmasında və ünsiyyət imkanlarının genişlənməsində əhəmiyyəti vurğulanıb.

Səadət İbrahimli, həmçinin uşaq nəğmələrində Güney Azərbaycanın məişət həyatının, ailə münasibətlərinin, təbiətə bağlılığının, adət-ənənələrinin və yerli dil xüsusiyyətlərinin əks olunduğunu qeyd edib. Məruzədə uşaq folklorunun yalnız əyləncə və oyun vasitəsi olmadığı, eyni zamanda tərbiyəvi, estetik və sosial funksiyalar da daşıdığı bildirilib. Sonda Güney Azərbaycan folklorunda qorunub saxlanılan uşaq nəğmələrinin toplanması, elmi prinsiplər əsasında qeydə alınması, janr xüsusiyyətlərinə görə təsnif edilməsi və nəşrinin aktuallığı diqqətə çatdırılıb.

Seminarın digər məruzəçisi İlahə Qurbanova “Məhəmmədəli Fərzanə irsi və dövrün müntəxəbat tərtibçiliyi ənənəsi” mövzusunda çıxış edərək XX əsr Cənubi Azərbaycan folklorşünaslığının görkəmli nümayəndəsi Məhəmmədəli Fərzanənin elmi-ədəbi irsi, folklor toplayıcılığı və dövrün müntəxəbat tərtibçiliyi ənənəsi haqqında məlumat verib.

İlahə Qurbanova məruzəsində Fərzanə ilə eyni dövrdə fəaliyyət göstərən Səməd Behrəngi, Bəhruz Dehqani, Əbülqasım Şirazi, Hüseyn Düzgün və Həbib Sahir kimi ziyalıların folklor materiallarının toplanması və nəşri prinsiplərindən bəhs edib. Cənubi Azərbaycanın müxtəlif coğrafi regionlarının folklor mənzərəsini əks etdirmək məqsədilə müntəxəbatlardan seçilmiş mətnlər bölgələr üzrə təsnif edilərək seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Məruzənin əsas istiqamətlərindən biri Təbriz və Xorasan bölgələrindən toplanmış zəngin folklor materiallarının müqayisəli təhlili olub. Həmçinin XX əsrin ikinci yarısında hazırlanmış müntəxəbatların yalnız folklorşünaslıq baxımından deyil, Azərbaycan dilinin tarixi yaddaşının və milli kimliyinin qorunması baxımından da əhəmiyyəti vurğulanıb.

Seminar mövzular ətrafında fikir mübadiləsi ilə davam edib.