XƏBƏRLƏR
Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb
AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsində elmi seminar keçirilib. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Folklor və yazılı ədəbiyyat və Mifologiya şöbələrinin əməkdaşları da iştirak ediblər. Şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərova “Kitabi-Dədə Qorqud”un poetik sistemində xeyir-duaların, alqış və qarğışların funksional semantikası” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Azərbaycan və ümumtürk folklorunun möhtəşəm abidəsi olan “Kitabi-Dədə Qorqud” eposunda xeyir-dua, alqış və qarğışların məna xüsusiyyətləri, funksional yükü, sosial-mədəni mahiyyəti və mifoloji kökləri araşdırılıb. Qeyd olunub ki, epos oğuz türklərinin tarixi-mədəni yaddaşını əks etdirməklə yanaşı, zəngin poetik və semantik sistemə malikdir. Dastanda oğuzların adət-ənənələri, məişəti, dünyagörüşü, ailə və cəmiyyət münasibətləri, mənəvi-əxlaqi dəyərləri, eləcə də insanın təbiət və sakral aləmlə əlaqələri bədii ifadəsini tapıb.
Aynurə Səfərova diqqətə çatdırıb ki, xeyir-dualar, alqışlar və qarğışlar yalnız emosional münasibəti ifadə edən nitq vahidləri deyil, həm də oğuz cəmiyyətində sosial münasibətlərin tənzimlənməsində, mənəvi dəyərlərin qorunmasında, kollektiv inamların yaşadılmasında və davranış modellərinin möhkəmləndirilməsində mühüm rol oynayır. Bu ifadələrdə arzu, niyyət, dua, mənəvi dəstək, xəbərdarlıq, etiraz və mənfi münasibət kimi məna çalarları birləşir. Onların öyrənilməsi qədim oğuzların sosial-etik normalarını, inanc sistemini və dünyanı dərketmə üsullarını müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.
Məruzədə eposda sözün təsir gücünə və nəticə doğurmaq imkanına inamın mühüm dünyagörüşü elementi olduğu vurğulanıb. “Ol zamanda bəylərin alqışı alqış, qarğışı qarğış idi” ifadəsi oğuzların sözün mənəvi və magik gücünə münasibətini əks etdirən nümunə kimi şərh edilib. Bildirilib ki, xeyir-dua və alqışlar arzu olunan gələcəyin, rifahın, qələbənin və sosial harmoniyanın, qarğışlar isə narazılığın və arzuolunmaz nəticələrə dair təsəvvürlərin poetik ifadəsidir.
Dədə Qorqud obrazının sosial-mifoloji və poetik sistemdəki mövqeyinə də toxunulub. Qeyd edilib ki, onun boyların sonunda söylədiyi müdrik fikirlər, verdiyi xeyir-dualar və “yum”la bağlı ifadələr Dədə Qorqudu kollektiv yaddaşı təmsil edən, mənəvi dəyərləri təsdiqləyən və cəmiyyətin ideallarını ifadə edən müdrik şəxsiyyət kimi səciyyələndirir. Bu ifadələrdə insan ömrünün faniliyi, dünyanın gəlimli-gedimli olması və mənəvi dəyərlərin davamlılığı kimi fəlsəfi məqamlar da əks olunur.
Seminarda “yum vermə” ifadəsinin semantik məzmunu xüsusi müzakirə edilib. Məruzəçi bu ifadəni xeyir-dua, xoş niyyət və mənəvi himayə ilə əlaqələndirərək onun Tanrıdan yardım, ruzi-bərəkət, bolluq, qələbə, güc, əmin-amanlıq və el-obanın rifahı ilə bağlı arzuları ifadə etdiyini bildirib. İfadənin qədim türk inancları, sakral nitq ənənələri və şaman-qam mərasimləri ilə mümkün əlaqələrinə diqqət çəkilib, onun etimoloji, tarixi-linqvistik və müqayisəli folklorşünaslıq materialları əsasında daha dərindən öyrənilməsinin zəruriliyi vurğulanıb.
Məruzədə alqış, qarğış və xeyir-duaların obrazların daxili aləmini, inanc və düşüncələrini, gələcəklə bağlı arzularını və münasibətlərini açmaqda rolundan bəhs edilib. Onların söyləyicisi, ünvanlandığı şəxs və situativ kontekstinin semantik çalarları müəyyənləşdirdiyi bildirilib. Eposdan gətirilən nümunələr əsasında bu ifadələrin mətnin poetik təsir gücünü, obrazlılığını və emosional intensivliyini artırdığı, hadisələrin mənəvi-ideoloji istiqamətini müəyyənləşdirdiyi diqqətə çatdırılıb. Mövzunun müxtəlif boyların müqayisəli təhlili əsasında davam etdirilməsinin nəzərdə tutulduğu qeyd olunub.
Müzakirə zamanı Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı tədqiqatla bağlı elmi qeydlərini və tövsiyələrini bildirib. O, alqış və qarğışların semantik və funksional xüsusiyyətləri ilə yanaşı, semiotik-struktur aspektdən də araşdırılmasının vacibliyini vurğulayıb. Professor ifadələrin işarə və simvollar vasitəsilə necə məna yaratdığının, obrazlararası münasibətlərdə və eposun poetik strukturunda hansı funksiyaları yerinə yetirdiyinin müəyyənləşdirilməsini tövsiyə edib. Bu məqsədlə elmi-nəzəri ədəbiyyatın, müasir semiotika və struktur təhlil metodlarının, müqayisəli folklorşünaslıq tədqiqatlarının dərindən öyrənilməsinin əhəmiyyətini qeyd edib.
Seminarda iştirak edən digər əməkdaşlar da mövzunun əsas müddəaları, elmi nəticələri və gələcək tədqiqat perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Çıxışlarda alqış, qarğış və xeyir-duaların eposun dil-poetik sistemi, qədim türk inancları, kollektiv yaddaş və sosial münasibətlər kontekstində araşdırılmasının əhəmiyyəti qeyd olunub.
Elmi seminar “Kitabi-Dədə Qorqud” eposunda xeyir-duaların, alqış və qarğışların funksional-semantik xüsusiyyətlərinin, mifoloji və sosial-mədəni əsaslarının müasir elmi-metodoloji yanaşmalar əsasında öyrənilməsi istiqamətində müzakirələrlə yekunlaşıb.



