Folklor İnstitutunda Azərbaycan bədii nəsrində şəhər folklorunun təzahürləri araşdırılıb

Folklor İnstitutunda Azərbaycan bədii nəsrində şəhər folklorunun təzahürləri araşdırılıb

30 Sentyabr 2026, 14:27 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsində növbəti elmi seminar keçirilib. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Folklor nəzəriyyəsi və "Dədə Qorqud" şöbəsinin əməkdaşları da iştirak ediblər.

Elmi seminarda şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ülkər Əliyeva “Azərbaycan bədii nəsrində şəhər folkloru” mövzusunda məruzə edib.

Məruzəçi qeyd edib ki, informasiya və internet əsrində folklorun kiçik janrları yeni məzmun və ifadə formaları qazanaraq müasir şəhər mühitində geniş yayılır. Bu proses Azərbaycan bədii nəsrində də öz əksini tapmışdır.

Məruzədə diqqətə çatdırılıb ki, şəhər folklorunun bədii təzahürlərinə Anarın “Yaxşı padşahın nağılı”, Maqsud İbrahimbəyovun “Böyük şəhərin nağılları” kitabına daxil olan əsərlər, eləcə də Elçinin “Mahmud və Məryəm” romanında rast gəlinir. Bu əsərləri birləşdirən əsas cəhətlərdən biri folklor süjet və motivlərinin müasir təhkiyə üslubunda yenidən işlənməsidir. Anarın əsərində satira və yumor vasitəsilə “yaxşı padşah” obrazı yaradılır, M.İbrahimbəyov əfsanə, rəvayət və yuxuyozma kimi folklor elementlərindən istifadə edir. Elçinin “Mahmud və Məryəm” romanında isə “Əsli və Kərəm” dastanının motivləri müasir nəsr kontekstində transformasiya olunur.

“Şəhər folklorunun elmi tədqiqi müasir folklorşünaslığın aktual istiqamətlərindən biridir. Şəhər folkloru terminini elmi ədəbiyyata folklorşünas alim, professor Azad Nəbiyev gətirmişdir. Bu sahədə professor Füzuli Bayatın araşdırmaları xüsusi əhəmiyyət daşıyır. Müasir Azərbaycan nəsrində şəhər folklorunun təzahürlərinin öyrənilməsi folklorla yazılı ədəbiyyat arasındakı əlaqələrin yeni aspektlərini üzə çıxarmağa imkan verir”, – deyə Ü.Əliyeva vurğulayıb.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, mövzu ilə bağlı suallar cavablandırılıb. Elmi seminar müzakirələrlə davam etdirilib.