Folklor İnstitutunun professorunun iştirakı ilə “Türk Dünyası Uşaq Nağılları” kitabı hazırlanıb

Folklor İnstitutunun professorunun iştirakı ilə “Türk Dünyası Uşaq Nağılları” kitabı hazırlanıb

17 Sentyabr 2026, 14:44 / Mühüm hadisələr

AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayatın iştirakı ilə türk xalqlarının zəngin folklor irsini uşaqlara çatdırmaq məqsədi daşıyan “Türk Dünyası Uşaq Nağılları” kitabı hazırlanıb.

Nəşrin müəllifləri sırasında Prof. Dr. Füzuli Bayat və doktorant Çağla Çama yer alırlar. Kitab Türkiyə Cümhuriyyəti Prezidentinin köməkçisi Prof. Dr. Gürşad Zorlunun mənəvi dəstəyi ilə hazırlanıb. Bakı–Ankara–İstanbul şəhərlərində hazırlanaraq 2026-cı ildə işıq üzü görən nəşrdə Türk dünyasının müxtəlif bölgələrinə aid nağıl nümunələri bir araya gətirilib.

Kitabda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Uyğur və Tatar folklor mühitinə aid yeddi türk xalqlarından nağıllar təqdim olunur. Nəşrin əsas xüsusiyyətlərindən biri nağılların əvvəlcə onların yarandığı mühitin dil və ləhcə xüsusiyyətləri ilə, daha sonra isə Türkiyə türkcəsində təqdim edilməsidir. Bu yanaşma müxtəlif türk xalqlarının folklor nümunələri arasındakı dil və məzmun yaxınlığının uşaqlar üçün daha aydın şəkildə qavranılmasına imkan yaradır.

Kitabda nağıl mətnləri vasitəsilə dostluq, xeyirxahlıq, cəsarət, səbir, paylaşmaq və ümid kimi ümumbəşəri dəyərlər ön plana çıxarılır. Eyni zamanda müxtəlif türk xalqlarının folklor yaddaşında qorunan obraz və motivlərin uşaqlar arasında tanıdılması, ortaq mədəni irsin gələcək nəsillərə çatdırılması məqsədi diqqətdə saxlanılır.
Nəşrin ön sözündə də vurğulandığı kimi, kitabın əsas ideyalarından biri müxtəlif coğrafiyalarda yaşayan uşaqları folklor vasitəsilə bir-birinə yaxınlaşdırmaqdır. Fərqli ləhcələrə məxsus bu nağıllar türk dünyası uşaqlarının bir-birini yaxşı tanımasına, mənəvi dəyərlərə üstünlük verməsinə, vahid mədəni mirasın yaradılmasına xidmət etməkdədir.

“Türk Dünyası Uşaq Nağılları” bu baxımdan yalnız uşaq mütaliəsi üçün nəzərdə tutulmuş nəşr deyil, həm də türk xalqlarının şifahi xalq yaradıcılığında qorunan ortaq irsin tanıdılması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, kitab haqqında məlumat 16 sentyabr 2026-cı ildə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının aparıcı milli analitik mərkəzlərinin 2-ci Beynəlxalq Konfransı çərçivəsində də diqqətə çatdırılıb. “Türk Dövlətləri Təşkilatı üzrə aparıcı milli analitik mərkəzlərin 2-ci Beynəlxalq Konfransı” “Türk Dövlətləri Təşkilatında iqtisadi əməkdaşlığın davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə gücləndirilməsi” mövzusuna həsr olunub.
Konfrans zamanı Türkiyə Respublikası Prezidentinin köməkçisi Prof. Dr. Kürşad Zorlu mənəvi dəstək verdiyi “Türk Dünyası Uşaq Nağılları” kitabını Prof. Dr. Füzuli Bayatdan qəbul edərək ona təşəkkürünü bildirib.