XƏBƏRLƏR
XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun son panel iclasları keçirilib
Sentyabrın 12-də AMEA-nın əsas binasında AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun son elmi panelləri keçirilib.
“Altayşünaslığın dünəni, bugünü və sabahı” mövzusuna həsr olunmuş simpoziumun son gününün elmi proqramında köçəri tədqiqatlarının keçmişi, bu günü və gələcəyi, eləcə də Altay topluluqlarında şifahi tarix metodu və tədqiqatları mövzularına həsr olunmuş panellər təşkil edilib.
Panellərdə köçəri araşdırmalarında yeni yanaşmalar və aktual tədqiqat istiqamətləri, Türkiyədə köçəri araşdırmalarının inkişaf mərhələləri, köçəri tədqiqatlarında formalaşan elmi perspektivlər və bu sahənin gələcək inkişaf imkanları ilə bağlı məruzələr təqdim olunub.
Digər paneldə Qırğızıstan və Qazaxıstan nümunəsində şifahi tarix araşdırmalarının metodologiyası, sahə tədqiqatlarının xüsusiyyətləri, şifahi tarix mənbələrinin tarixşünaslığa töhfəsi, XX əsrdə qırğız kimliyinin formalaşması və şifahi tarix materiallarının sənədli filmlərin hazırlanmasında istifadəsi məsələləri müzakirə edilib.
Panel müzakirələrində, həmçinin şifahi tarix məlumatlarının toplanması, sənədləşdirilməsi və elmi tədqiqatlarda tətbiqi, tarixi yaddaşın qorunması və təqdim edilməsində bu metodun imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Beləliklə, XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun elmi proqramı müxtəlif istiqamətləri əhatə edən məruzə və müzakirələrlə yekunlaşıb. Simpozium çərçivəsində Altayşünaslıq və türkologiyanın aktual məsələləri, türk xalqlarının tarixi, dili, ədəbiyyatı, folkloru və mədəni irsi ilə bağlı geniş elmi fikir mübadiləsi aparılıb.












