XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunda türk dünyasının ədəbi-mədəni irsi ilə bağlı araşdırmalar təqdim olunub

XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunda türk dünyasının ədəbi-mədəni irsi ilə bağlı araşdırmalar təqdim olunub

12 Sentyabr 2026, 13:36 / Konfranslar, İclaslar

Sentyabrın 11-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu çərçivəsində elmi panel iclasları davam edib.

“Altayşünaslığın dünəni, bugünü və sabahı” mövzusuna həsr olunmuş simpoziumun həmin gün üzrə proqramında 4 zalda VI və VII panel iclasları keçirilib. Elmi panellərdə ədəbiyyat, folklor, mifologiya, dilçilik, tarix, fəlsəfə, hüquq və mədəniyyətlə bağlı müxtəlif məsələlər müzakirə olunub.

VI panel iclaslarında etnocoğrafi yanaşma və türkmən ədəbiyyatı, XIX əsr Qarabağ ədəbi mühiti, Nəvai ənənələri, Türkiyə və Azərbaycan nəsrində kimlik və milli yaddaş, Altay araşdırmaları fonunda orta əsrlər Azərbaycan ədəbiyyatında folklorun təkamülü, Orta Asiya baxşı ənənəsi və Azərbaycan aşıq sənəti arasında tarixi-tipoloji paralellər kimi mövzulara diqqət yetirilib.

Həmin panellərdə, həmçinin türk xalqları fəlsəfəsinin çağdaş dövrü, bozqır hüquq ənənəsinin İslamiyyətdən sonrakı davamlılığı, ilk Türk dövlətlərində hərbi təşkilatlanma və döyüş taktikaları, Avrasiya ticarət şəbəkələrində şimal marşrutu, Sibir kürkləri və Osmanlı bazarı, “Kitabi-Dədə Qorqud” dastanlarında müqayisələrin linqvokulturoloji təhlili ilə bağlı məruzələr təqdim olunub.

VII panel iclaslarında isə türk xalqlarının folklorunda ortaq motivlər, türk mifologiyasında qadın başlanğıcının ilahi və demonik təzahürləri, qırğız folklorunda saylarla bağlı inanclar, türk və monqol dillərinin Altay nəzəriyyəsi kontekstində müqayisəli təhlili, Altay türkcəsində rus dilindən alınmalar və hind dilində türk leksik irsi kimi məsələlər araşdırılıb.

Elmi panel iclaslarında, eyni zamanda, türk folklorunda qaynana-gəlin münasibətləri, Novruz bayramının türk dünyasındakı yeri, “Heydərbabaya salam” poemasında Novruz mərasim kompleksi, Azərbaycan və anqlo-sakson mərasimlərində rənglərin simvolikası, Qərbi Azərbaycan folklorunda musiqinin istifadə formaları, Cəfər Cabbarlının dramaturgiyasında folklor və dastan süjetləri, Birinci Türkoloji Qurultayın elmi irsi və türk xalqları ədəbiyyatının aktual problemləri, XX əsrin 60–80-ci illərində özbək ədəbiyyatının inkişaf mərhələləri və realizm ənənəsi ilə bağlı məruzələr dinlənilib.

Beləliklə, simpoziumun 11 sentyabr tarixli elmi proqramında Altayşünaslıq və türkologiyanın müxtəlif istiqamətləri üzrə araşdırmalar təqdim olunub, mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ümumilikdə 15 ölkəni təmsil edən alim və tədqiqatçıların iştirak etdiyi tədbir AMEA-nın Rəyasət Heyəti, AMEA Folklor İnstitutu və “Azərsun Holdinq” MMC-nin təşkilatçılığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), TÜRKSOY, Türk Tarix Qurumu, Beynəlxalq Türk Akademiyası və Xaricdəki Türklər və Əqrəba Topluluqları Başkanlığının (YTB) dəstəyi ilə keçirilir.