XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşı “Kəndə gəl” yay düşərgəsində təqdimatla çıxış edib
Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının tərəfdaşlığı və AMEA Gənclər Akademiyasının təşkilatçılığı ilə keçirilən “Kəndə gəl” yay düşərgəsi çərçivəsində AMEA Folklor İnstitutunun Rəqəmsal folklor və süni intellekt şöbəsinin kiçik elmi işçisi, İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Cəmilə Novruzova “Kənd folklorunun rəqəmsal mühitdə tanıdılması və qorunmasında müasir texnologiyaların rolu” mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda Cəmilə Novruzova kənd folklorunun qorunması qarşısında duran əsas problemlərdən birinin nəsillərarası ötürülmənin zəifləməsi olduğunu qeyd edib. Kənddən şəhərə miqrasiya, həyat tərzinin dəyişməsi və gənclərin ənənəvi mühitdən uzaqlaşmasının folklorun əvvəlki ötürülmə mexanizmlərinə təsir göstərdiyi bildirilib. Bununla yanaşı, rəqəmsal texnologiyaların folklorun qorunması və daha geniş auditoriyalara çatdırılması üçün yaratdığı imkanlardan bəhs olunub.
Təqdimat zamanı folklor nümunələrinin rəqəmsallaşdırılmasının yalnız mətnin elektron formata keçirilməsi ilə məhdudlaşmadığı vurğulanıb. Folklor nümunəsinin kim tərəfindən danışılması, hansı məkana aid olması, hansı şəraitdə söylənilməsi, ifaçının dialekt xüsusiyyətləri, səs tonu və digər kontekstual məlumatların da sənədləşdirilməsinin vacibliyi qeyd olunub.
Çıxışda müasir texnologiyaların, folklor nümunələrinin ilkin sənədləşdirilməsində yaratdığı imkanlardan da bəhs edilib. Bildirilib ki, gənclər kəndlərdə yaşlı nəslin nümayəndələri ilə müsahibələr aparmaqla yerli əfsanələri, rəvayətləri, inancları, mərasimləri, yer adlarını, dialekt sözlərini və digər folklor materiallarını video, audio və foto formatında qeydə alaraq gələcək tədqiqatlar üçün qiymətli rəqəmsal mənbələr formalaşdıra bilərlər.
Təqdimatda sosial medianın folklorun yeni təqdimat və kommunikasiya mühiti kimi imkanları da diqqətə çatdırılıb. Folklor nümunələrinin qısa videolar, podkastlar, animasiyalar, infoqrafikalar və interaktiv xəritələr vasitəsilə daha geniş auditoriyaya təqdim edilməsinin mümkünlüyü qeyd olunub. Sosial medianın yalnız folklorun yayılma kanalı deyil, həm də onun yeni formada təqdim və reinterpretasiya olunduğu mühitə çevrildiyi bildirilib.
Cəmilə Novruzova süni intellekt texnologiyalarının folklorşünaslıq üçün yaratdığı imkanlardan danışaraq audio materialların mətnə çevrilməsi, folklor mətnlərinin ilkin qruplaşdırılması, motivlərin müəyyənləşdirilməsi, mətnlərin müqayisəsi və rəqəmsal kataloqların hazırlanması kimi istiqamətlərdə bu texnologiyalardan istifadə imkanlarını diqqətə çatdırıb.
Təqdimatda həmçinin kənd folklorunun rəqəmsallaşdırılmasının kənd turizminin inkişafına töhfə verə biləcəyi də qeyd olunub. Bildirilib ki, kəndin yalnız təbii gözəllikləri deyil, onun əfsanələri, rəvayətləri, mərasimləri, yerli sənətkarlıq ənənələri və məkan yaddaşı da turistlər üçün maraqlı mədəni resursa çevrilə bilər.
Çıxışın sonunda AMEA Folklor İnstitutunun folklor materiallarının toplanması, öyrənilməsi, sənədləşdirilməsi və cəmiyyətə təqdim olunması istiqamətində fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Təqdimat interaktiv formatda davam edib, iştirakçıların sualları cavablandırılıb və kənd folklorunun rəqəmsal mühitdə qorunması və təqdimatı ilə bağlı fikir mübadiləsi aparılıb.




