AMEA Folklor İnstitutu Azərbaycan–Qırğızıstan elmi-mədəni əlaqələrinin inkişafına töhfə verir

AMEA Folklor İnstitutu Azərbaycan–Qırğızıstan elmi-mədəni əlaqələrinin inkişafına töhfə verir

01 Sentyabr 2026, 14:32 / Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu Türk dünyası ilə elmi-mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində ardıcıl fəaliyyət həyata keçirir. İnstitutun elmi fəaliyyətində Azərbaycan–Qırğızıstan əlaqələri mühüm yer tutur.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, türk xalqlarının folklor irsinin araşdırılması istiqamətində həyata keçirilən elmi layihələrdən biri “Türk xalqlarının folkloru” seriyasıdır.

Seriya müxtəlif türk xalqlarının zəngin folklor nümunələrinin Azərbaycan elmi mühitinə çatdırılması, ayrı-ayrı folklor ənənələrinin sistemli şəkildə öyrənilməsi və ümumtürk folklor məkanının müqayisəli tədqiqi baxımından böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə qırğız folklorunun öyrənilməsi də Folklor İnstitutunun, xüsusilə Türk xalqları folkloru şöbəsinin əsas tədqiqat istiqamətlərindən biridir. Qırğız xalqının zəngin epik irsi, o cümlədən dünya epik mədəniyyətinin möhtəşəm nümunələrindən biri olan “Manas” dastanı, habelə digər epik, mərasim və şifahi-poetik yaradıcılıq nümunələri institutda aparılan türkoloji araşdırmalarda mühüm yer tutur.

İnstitutda qırğız folklorunun tədqiqi istiqamətində əldə olunan mühüm elmi nəticələrdən biri tədqiqatçı Adil Cəmilovun fəaliyyəti ilə bağlı olub. Türk xalqları folkloru şöbəsində çalışmış tədqiqatçı “Manas” eposu və türk dastançılıq ənənəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Tədqiqatda qırğız xalqının monumental epik irsi ümumtürk dastançılıq ənənəsi kontekstində araşdırılıb. Adil Cəmilovun mənzum şəkildə Azərbaycan dilinə çevirdiyi epos parçaları müxtəlif vaxtlarda mətbuatda dərc edilib, həmçinin ayrıca nəşr olunub. Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilmiş “Manas” (eposdan parça) kitabı da bu istiqamətdə görülən işlərdən biridir. Tədqiqatçı, eyni zamanda, qırğız ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsi ilə iki xalq arasında ədəbi-mədəni əlaqələrin inkişafına töhfə verib.

Qırğız folklorunun tədqiqi sonrakı illərdə də davam etdirilib. İnstitutun əməkdaşı Sahibə Paşayeva “‘Koroğlu” və “Manas” dastanlarında hərb mövzusunun mifoloji semantikası” mövzusunda filologiya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib. Tədqiqatda Azərbaycan və qırğız epik ənənələrinin iki mühüm abidəsi müqayisəli şəkildə araşdırılıb.

Qeyd edək ki, Azərbaycan–Qırğızıstan elmi əlaqələri beynəlxalq elmi tədbirlər çərçivəsində də inkişaf etdirilir. Folklor İnstitutunun təşkil etdiyi beynəlxalq tədbirlərdə Qırğızıstan alimləri mütəmadi iştirak edirlər. Eyni zamanda, institutun əməkdaşları Qırğızıstanda keçirilən müxtəlif elmi tədbirlərdə təmsil olunurlar. İnstitutda Azərbaycan–Qırğızıstan elmi-mədəni əlaqələrinin daha da genişləndirilməsi, qırğız folklorunun Azərbaycan folkloru ilə müqayisəli tədqiqinin dərinləşdirilməsi, “Manas” və digər qırğız eposlarının araşdırılması, birgə elmi nəşrlərin hazırlanması, beynəlxalq elmi tədbirlərin və müştərək layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.