XƏBƏRLƏR
Hikmət Quliyev: Azərbaycan dilinin rəqəmsal gələcəyi milli dil şüuru və folklor təfəkkürünün gücləndirilməsindən asılıdır
Qloballaşma, rəqəmsallaşma və süni intellekt texnologiyalarının sürətli inkişafı Azərbaycan dilinin yeni kommunikasiya mühitində fəaliyyətini genişləndirir. Bu şəraitdə ana dilinin qorunması yalnız ədəbi dil normalarının mühafizəsi deyil, həm də milli kimliyin, mədəni yaddaşın və folklor təfəkkürünün yaşadılması məsələsinə çevrilir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev söyləyib. O bildirib ki, Azərbaycan dili xalqımızın tarixi yaddaşını, milli kimliyini və mənəvi dəyərlər sistemini yaşadan milli sərvətlərdən biridir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın dünyagörüşünü, kollektiv təcrübəsini və mədəni özünüdərkini formalaşdıran mühüm sosial institutdur.
“Bu baxımdan ana dilinin qorunması yalnız filoloji məsələ deyil. Bu, milli təhlükəsizlik, mədəni suverenlik və dövlətçilik strategiyasının mühüm istiqamətlərindən biridir”, – deyə H.Quliyev vurğulayıb.
Alim qeyd edib ki, Prezident İlham Əliyev çıxışlarında Azərbaycan dilinin qorunmasını milli kimliyin əsas şərtlərindən biri kimi dəyərləndirib, qloballaşma şəraitində ana dilinin saflığının qorunmasını hər bir vətəndaşın mənəvi borcu adlandırıb. Bu yanaşma humanitar elmlər, o cümlədən folklorşünaslıq qarşısında yeni elmi və metodoloji vəzifələr müəyyənləşdirir.
Müsahibimizin sözlərinə görə, XXI əsrdə internet, sosial şəbəkələr və süni intellekt texnologiyaları dilin işlənmə mühitini əsaslı şəkildə dəyişib. Azərbaycan dili yalnız ailə və məktəb mühitində deyil, rəqəmsal platformalarda da yeni kommunikasiya formaları yaradır, internet folklorunun və kollektiv rəqəmsal yaradıcılığın əsas vasitəsinə çevrilir.
H.Quliyev bildirib ki, internetdə baş verən dil dəyişikliklərini yalnız orfoqrafik səhvlər və ya yad sözlərin artması kimi qiymətləndirmək düzgün yanaşma deyil. Onun fikrincə, əsas məsələ həmin dəyişikliklərin arxasında dayanan sosial-mədəni və kommunikativ prosesləri öyrənməkdir.
“İnternet mühiti təkcə yeni dil problemləri yaratmır. Eyni zamanda Azərbaycan dilinin yaradıcılıq imkanlarını genişləndirir, kollektiv yumorun, satirik düşüncənin, metaforik ifadələrin və rəqəmsal folklorun inkişafı üçün yeni sosial məkan formalaşdırır”, – deyə alim bildirib.
Direktorun sözlərinə görə, sosial şəbəkələrdə danışıq dilinə yaxın yazı formalarının işlədilməsi hər zaman savadsızlıq əlaməti kimi qiymətləndirilməməlidir. Bu cür ifadələr çox vaxt qeyri-rəsmi ünsiyyət mühiti yaratmaq, səmimiyyət nümayiş etdirmək və emosional yaxınlığı ifadə etmək məqsədi daşıyır.
Alim vurğulayıb ki, internet folklorunun əsas xüsusiyyətlərindən biri kollektiv yaradıcılıqdır. Virtual məkanda yaranan ifadələr, memlər və satirik mətnlər istifadəçilər tərəfindən paylaşılır, təkrarlanır və yenidən yaradılır. Beləliklə, rəqəmsal mühit xalq yaradıcılığının yeni fəaliyyət məkanına çevrilir. Rəqəmsal platformalarda ayrıca yeni bir dil formalaşmır. Azərbaycan dili dəyişən kommunikasiya mühitinə uyğunlaşır və funksional imkanlarını genişləndirir. Bu isə dilin zəifləməsinin deyil, onun sosial adaptasiya qabiliyyətinin göstəricisidir.
İnstitutun direktoru bildirib ki, qloballaşma şəraitində əsas vəzifə texnoloji yeniliklərə uyğunlaşmaqla yanaşı, milli özünəməxsusluğu qorumaqdır. Bu prosesdə folklor təfəkkürü mühüm rol oynayır. Xalqın əsrlər boyu formalaşdırdığı kollektiv düşüncə modeli yeni dil elementlərini milli mədəniyyət və dəyərlər sistemi baxımından qiymətləndirir.
“Folklor təfəkkürü həm mədəni filtr, həm də mədəni immunitet funksiyasını yerinə yetirir. Milli düşüncə sisteminə uyğun gələn ifadələr yaşayır, uyğun olmayanlar isə zamanla istifadədən çıxır. Bu mexanizm Azərbaycan dilinin tarix boyu həm zənginləşməsinə, həm də milli özünəməxsusluğunu qorumasına imkan verib”, – deyə o qeyd edib.
Alimin fikrincə, Azərbaycan dilinin qorunması yalnız orfoqrafik qaydaların gözlənilməsi ilə məhdudlaşmamalıdır. Əsas məqsəd milli dil şüurunu, kollektiv mədəni yaddaşı və folklor təfəkkürünü gücləndirmək, eyni zamanda azərbaycandilli virtual folklor mühitinin inkişafını dəstəkləməkdir.
“Müasir dövrdə Azərbaycan dilinin rəqəmsal dünyada mövqeyi onun texnoloji yeniliklərə uyğunlaşması ilə yanaşı, milli köklərinə sadiqliyindən də asılıdır. Dilimizin gələcəyini folklor təfəkkürü, kollektiv yaradıcılıq potensialı və rəqəmsal kommunikasiya imkanlarını özündə birləşdirən kompleks yanaşma təmin edə bilər”, - deyə folklorşünas-alim fikrini yekunlaşdırıb.