AMEA Folklor İnstitutunun gənc əməkdaşı Milli Mətbuat Günü münasibətilə təltif olunub

AMEA Folklor İnstitutunun gənc əməkdaşı Milli Mətbuat Günü münasibətilə təltif olunub

22 İyul 2026, 17:31 / Mühüm hadisələr

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 22 İyul – Milli Mətbuat Günü münasibətilə "Milli mətbuat – dövlətçilik və milli dəyərlərin keşikçisi" mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan milli mətbuatının inkişaf yolu, onun dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətin obyektiv informasiya ilə təmin edilməsindəki rolu barədə çıxışlar dinlənilib. Qeyd olunub ki, milli mətbuat ölkənin ictimai-siyasi, elmi və mədəni həyatında mühüm yer tutur və bu gün də cəmiyyətin inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

Tədbir çərçivəsində media və ictimaiyyətlə əlaqələr sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup şəxs Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı tərəfindən təltif edilib.

Təltif olunanlar arasında AMEA Folklor İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi üzrə məsul şəxsi, Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Cəmilə Novruzova da yer alıb. O, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində 22 İyul – Milli Mətbuat Günü münasibətilə ictimaiyyətlə əlaqələr sahəsindəki səmərəli fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub.

Tədbirin sonunda Milli Mətbuat Gününün əhəmiyyəti bir daha vurğulanıb, ölkədə media sahəsinin inkişafına və milli dəyərlərin təbliğinə xidmət edən fəaliyyətin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd edilib.