Akademik Kenjehan Matıjanov: “Azərbaycanda milli ruhun yüksəlişi qürurvericidir”

Akademik Kenjehan Matıjanov: “Azərbaycanda milli ruhun yüksəlişi qürurvericidir”

18 İyul 2026, 15:47 / Müsahibələr, çıxışlar

M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru akademik Kanjehan Matıjanov Azərbaycana səfərini başa vurduqdan sonra sosial şəbəkə hesabında Bakıda keçirilən VIII "Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə" beynəlxalq elmi simpoziumu ilə bağlı təəssüratlarını bölüşüb. Alim simpoziumun yüksək elmi səviyyədə təşkil olunduğunu vurğulayaraq, Azərbaycanın milli ruhuna, ana dilinə və mədəni dəyərlərinə göstərilən xüsusi qayğını yüksək qiymətləndirib. O, türk dünyasının birliyi ideyasının getdikcə daha da gücləndiyini qeyd edib və Bakıda qazandığı təəssüratların uzun müddət yaddaşında qalacağını bildirib.

Həmin paylaşımı Azərbaycan dilində təqdim edirik:
"Bakıda keçirilən I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” adlı beynəlxalq elmi simpoziumda iştirak etdim. Burada “Qazaxıstan türkologiyasının repressiya dövrü: A. Baytursınovdan O. Süleymenova qədər” mövzusunda məruzə ilə çıxış etdim və bölmə iclaslarından birinə moderatorluq etdim.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Azərbaycan və Türkiyə Respublikalarının UNESCO üzrə Milli Komissiyaları, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də Hacettepe Universitetinin birgə təşkil etdiyi mötəbər elmi toplantıda türk dünyası və türkologiya elminin ən aktual problemləri geniş müzakirə olundu.

Bu simpoziumda örnək götürüləsi, öyrəniləsi çox dəyərli məqamlarla qarşılaşdıq. Xüsusilə Azərbaycan qardaşlarımızın milli ruhunun nə qədər yüksək səviyyədə olması bizi heyrətləndirdi. Müstəmləkəçilik zəncirini qıraraq öz milli ideologiyası ilə dünya sivilizasiyasına inamla doğru irəliləyən bu gənc və qüdrətli dövlətə yalnız qardaşlıq arzularımızı ifadə edə bilərik.

Bakı şəhəri son otuz ildə tanınmaz dərəcədə dəyişib. Təkcə şəhərin siması deyil, insanların düşüncə tərzi də yenilənib. Milli ruh yüksəlib, mədəniyyət inkişaf edib, ana dilini mükəmməl bilən, öz ölkəsinə və mədəniyyətinə böyük hörmətlə yanaşan, başqalarının təsirinə kor-koranə uymayan yeni bir nəsil formalaşıb.

Bakıda saysız-hesabsız miqrantlara rast gəlmədik, lakin dünyanın hər yerindən gələn turistlər çox idi. Onların rahatlığı və məmnuniyyəti üçün hər cür şərait yaradılıb. Rus təsiri demək olar ki, hiss olunmur; hər yerdə milli kolorit hakimdir. İnformasiya lövhələrindən tutmuş restoran işçilərinədək hər kəs Azərbaycan dilində danışır. Küçələrdə və dövlət müəssisələrində Heydər Əliyevin şəkilləri diqqət çəkir. Onlarda milli liderə göstərilən ehtiram xüsusi səviyyədədir. Məsələn, Oljas Süleymenova bizdəkindən də böyük hörmət göstərirlər. Bu da üzərində düşünməli olduğumuz məsələlərdəndir.

Keçmiş əsrlərin müstəmləkəçilik siyasəti və onun türk xalqlarına vurduğu zərərlər mövzusuna gəlincə, hər kəs bu məsələyə böyük həssaslıqla yanaşır. Elə buna görə də mənim məruzəməyə xüsusi maraq göstərildi. İnstitutdan apardığım üç kitaba, xüsusilə “Repressiv türkologiya: folklorşünaslıq” kitabına alimlər böyük maraq göstərdilər. Nəticədə kitabın elektron versiyasını göndərəcəyimə söz verməklə vəziyyətdən çıxdım.

Ümumilikdə, türk dünyasının birliyi ideyası getdikcə daha geniş yayılır. Bu ideyanın önündə Türkiyədən sonra Azərbaycanın dayandığını görmək mümkündür. Arzu edərdik ki, biz də həmin sırada layiqli yerimizi tutaq.

Düşünməli məqamlar çoxdur...

Yeri gəlmişkən, türk ölkələrindən gələn alimlərin hamısı məruzələrini öz ana dillərində təqdim etdilər. Bu da bizim üçün gözlənilməz oldu. Rus dilində hazırlayıb apardığımız mətnlər isə çantamızda qaldı".