XƏBƏRLƏR
38
“Türkoloji folklorşünaslıq” Simpoziumunda Birinci Türkoloji Qurultayın elmi irsi və folklorun müasir inkişaf istiqamətləri müzakirə olunub
10 İyul 2026, 11:54 / Konfranslar, İclaslar
Azərbaycan Milli Elmlər Akademiyası və AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən VIII Beynəlxalq “Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə” Simpozium çərçivəsində iyulun 3-də VIII və X panel iclasları baş tutub. Panellərdə Birinci Türkoloji Qurultayın türkoloji fikrin formalaşmasındakı rolu, türk folklorunun müasir inkişaf meyilləri, rəqəmsallaşma şəraitində folklorun transformasiyası, ortaq mədəni irsin öyrənilməsi və qorunması ilə bağlı aktual elmi məsələlər müzakirə edilib.
İclasa Qırğızıstan Milli Elmlər Akademiyasının professoru Jıldız Orozobekova və AMEA Folklor İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Qalib Sayılov moderatorluq ediblər.
AMEA Folklor İnstitutunun professoru Almaz Həsənqızı “Türk Dili Qurultayları və Əhməd Cəfəroğlu fenomeni” mövzusunda məruzəsində 1926-cı il Qurultayı ilə sonrakı Türk Dili Qurultayları arasında əlaqələri, Əhməd Cəfəroğlunun türkologiyanın inkişafına verdiyi töhfələri diqqətə çatdırıb.
AMEA Folklor İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Kərimova “I Türkoloji Qurultayın “Ana dili” dərsliklərinin formalaşmasında rolu” mövzusunda çıxış edərək Qurultayın qərarlarının milli dərsliklərin hazırlanmasına, xüsusilə folklor nümunələrinin tədris prosesində istifadəsinə göstərdiyi təsiri araşdırıb.
Bakı Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Məmmədov “Salman Mümtaz və Birinci Türkoloji Qurultay” mövzusunda çıxışında görkəmli alimin Qurultaydakı fəaliyyəti, ortaq türk folklorunun öyrənilməsi istiqamətində xidmətləri və elmi irsi barədə məlumat verib.
Gəncə Dövlət Universitetinin dosenti Səba Namazova “Birinci Türkoloji Qurultayda ədəbiyyat məsələləri” mövzusunda məruzəsində Qurultayın Azərbaycan ədəbiyyatşünaslığının inkişafına, ümumtürk ədəbi əlaqələrinin möhkəmlənməsinə və yeni elmi istiqamətlərin formalaşmasına təsirini təhlil edib.
AMEA Mərkəzi Elmi Kitabxanasının dosenti Şəhla Tahirqızı “Birinci Türkoloji Qurultayın elmi irsinin öyrənilməsində sənəd-informasiya mənbələrinin rolu” mövzusunda çıxış edərək Qurultaya dair stenoqramların, foto və arxiv materiallarının türkoloji tədqiqatlar üçün əhəmiyyətini vurğulayıb.
AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Qurbanov “Ağbaba xalq nəğmələrində regional fərqliliklər” mövzusunda çıxış edərək nanay və tırınqı janrlarının poetik xüsusiyyətlərini, onların ümumtürk musiqi-folklor ənənələri ilə bağlılığını diqqətə çatdırıb.
Bakı Slavyan Universitetinin dosenti Yaşar Alxasov “Birinci Türkoloji Qurultayın türk dillərinin inkişafındakı rolu” mövzusunda məruzəsində Qurultayın dil siyasəti, ortaq terminologiya və əlifba islahatı sahəsində qəbul etdiyi qərarların müasir türkologiya üçün əhəmiyyətini dəyərləndirib.
X panelin ilk məruzəsini təqdim edən Qırğızıstan Milli Elmlər Akademiyasının professoru Jıldız Orozobekova “Rəqəmsal dövrdə folklor şüurunun transformasiyası və kontinüiteti” mövzusunda çıxış edərək rəqəmsallaşmanın folklorun mahiyyətini deyil, onun yayılma formalarını dəyişdirdiyini, sosial media platformalarının yeni folklor mühiti yaratdığını bildirib.
AMEA Folklor İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Qalib Sayılov “Fenomenoloji türkologiyanın nəzəri əsasları: Canseyit Tüyumbayevin elmi irsi kontekstində” mövzusunda çıxış edərək fenomenoloji yanaşmanın folklor və türkologiya tədqiqatlarında tətbiq imkanlarını təhlil edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Fidan Yusifova “Türk xalqları folklorunda janr müxtəlifliyi və tipoloji oxşarlıqlar” mövzusunda çıxış edərək türk xalqlarının folklor janrlarında ortaq motivlər və regional xüsusiyyətlər barədə danışıb.
Bakı Dövlət Universitetinin əməkdaşı İlahə Səfərzadə “Müasir humanitar nəzəriyyələr kontekstində türk folklorunda qadın obrazları” mövzusunda məruzəsində “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarında qadın obrazlarının funksional-semantik xüsusiyyətlərini müasir nəzəri yanaşmalar əsasında təhlil edib.
Bakı Dövlət Universitetinin əməkdaşı İlahə Əhmədova “Türk mifoloji yaddaşı və bədii nəsrdə magik realizm poetikası” mövzusunda çıxış edərək Azərbaycan magik realist nəsrində türk mifoloji yaddaşının və folklorik təfəkkürün bədii transformasiya xüsusiyyətlərini araşdırıb.
Panel iclaslarında Birinci Türkoloji Qurultayın zəngin elmi irsi, türkoloji folklorşünaslığın nəzəri-metodoloji problemləri, ortaq mədəni yaddaşın qorunması, folklorun rəqəmsal mühitdə yeni təqdimat formaları və türk xalqlarının qeyri-maddi mədəni irsinin gələcək tədqiqat perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.









