Türkoloji folklorşünaslığın elmi-nəzəri əsasları beynəlxalq simpoziumda müzakirə olunub

Türkoloji folklorşünaslığın elmi-nəzəri əsasları beynəlxalq simpoziumda müzakirə olunub

08 İyul 2026, 12:34 / Konfranslar, İclaslar

Azərbaycan Milli Elmlər Akademiyası və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən "Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə" VIII Beynəlxalq Simpoziumu çərçivəsində iyulun 2-də "Türkoloji folklorşünaslıq" konsepti: ideoloji-romantik yanaşmalardan elmi-nəzəri diskursa keçid mövzusunda III panel iclası keçirilib. İclasa Hacettepe Universitetinin professoru Özkul Çobanoğlu və AMEA Folklor İnstitutunun professoru Ramazan Qafarlı moderatorluq ediblər.


Panel iclasında türkoloji folklorşünaslığın nəzəri-metodoloji əsasları, bu istiqamətin müstəqil elmi sahə kimi formalaşması, irsinin müasir elmi kontekstdə qiymətləndirilməsi, ortaq türk folklorunun araşdırılması, ailə folklorunun müasir sosial mühitə adaptasiyası, ekofolklor yanaşmaları və folklorda semiotik simvolların öyrənilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.

Panelin ilk məruzəsini təqdim edən professor Özkul Çobanoğlu "Bir Türkoloji disiplini olarak Türk halkbiliminin kuramsal perspektifleri" mövzusunda çıxış edib. Məruzədə türk folklorunun türkoloji elmlər sistemində tutduğu yer, müxtəlif ölkələrdə formalaşmış folklorşünaslıq məktəblərinin nəzəri təcrübəsi, müasir metodoloji yanaşmaların əhəmiyyəti və türk dünyasında ortaq elmi düşüncənin inkişafında folklorun rolu təhlil olunub.

Sonra professor Ramazan Qafarlı "Türkologiya və folklorşünaslıq: qarşılıqlı münasibətlər və elmi status məsələləri" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə "türkoloji folklorşünaslıq" anlayışının türkologiya ilə folklorşünaslığın kəsişməsində formalaşan müstəqil tədqiqat istiqaməti olduğu əsaslandırılıb, bu sahənin nəzəri-metodoloji çərçivəsi və müasir humanitar elmlər sistemindəki yeri şərh edilib.

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva "Ortaq türk folklor irsinin araşdırılmasında Birinci Türkoloji Qurultayın elmi-praktik əhəmiyyəti" mövzusunda məruzəsində 1926-cı il Qurultayının ortaq türk folklorunun müqayisəli tədqiqi üçün formalaşdırdığı elmi-metodoloji prinsiplərdən bəhs edib. Məruzədə folklor materiallarının toplanması, qorunması, sistemləşdirilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində irəli sürülən elmi təkliflərin aktuallığı vurğulanıb.

AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı Şəfəq Əliyeva "Ailə folklorunun sosial mühitə adaptasiyası: ənənədən müasirliyə" mövzusunda çıxış edərək qloballaşma və rəqəmsallaşma şəraitində ailə folklorunun məzmun və funksiyalarında baş verən dəyişiklikləri, onun milli-mədəni dəyərlərin və kollektiv yaddaşın qorunmasındakı rolunu təhlil edib.

AMEA Folklor İnstitutunun böyük elmi işçisi Lalə Şabanova "Türkoloji folklorşünaslıqda ekofolklor yanaşmalar" mövzusunda məruzəsində insan, təbiət və mədəniyyət arasındakı qarşılıqlı əlaqələrin folklor materialları əsasında öyrənilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, türk xalqlarının folklorunda təbiət elementləri mədəni yaddaşın, ekoloji təfəkkürün və ənənəvi dünyagörüşünün mühüm komponentlərindən biridir.

Panelin son məruzəsini AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Yaqubqızı təqdim edib. "Semiotik sistemdə yeddi rəqəmi: simvol və mədəni yaddaş" mövzusunda çıxış edən məruzəçi etnopsixoloji şüurun formalaşmasında simvolların rolunu, yeddi rəqəminin mədəni yaddaşın və etnik kimliyin qorunmasındakı semantik funksiyalarını təhlil edib.

Panel iclasının sonunda türkoloji folklorşünaslığın perspektiv inkişaf istiqamətləri, nəzəri-metodoloji problemləri və ortaq türk mədəni irsinin öyrənilməsi ilə bağlı aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.