"Türkoloji folklorşünaslıq" Simpoziumunda Türk dünyasının folklor yaddaşı, mifoloji düşüncəsi və ortaq mədəni irsi müzakirə olunub

"Türkoloji folklorşünaslıq" Simpoziumunda Türk dünyasının folklor yaddaşı, mifoloji düşüncəsi və ortaq mədəni irsi müzakirə olunub

07 İyul 2026, 17:13 / Konfranslar, İclaslar
Azərbaycan Milli Elmlər Akademiyası və AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən "Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə" VIII Beynəlxalq Simpoziumu çərçivəsində iyulun 2-də “Türk dünyasının folklor yaddaşı: ortaq dəyərlər, mifoloji düşüncə və mədəni irs” mövzusunda II panel iclası keçirilib. Mərkəzi Elmi Kitabxananın konfrans zalında (Əlibəy Hüseynzadə salonunda) təşkil olunan iclasa Özbəkistan Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folklor İnstitutunun professoru Jabbor Eşonqulov və AMEA Folklor İnstitutunun professoru Seyfəddin Rzayev moderatorluq ediblər.
Paneldə türk xalqlarının folklor yaddaşının qorunması, ortaq mifoloji təsəvvürlərin müqayisəli tədqiqi, dastan və rəvayətlərin yeni elmi yanaşmalarla araşdırılması, həmçinin mədəni irsin gələcək nəsillərə ötürülməsi məsələləri diqqət mərkəzində saxlanılıb. Məruzələrdə bu mövzuların müasir humanitar elmlər kontekstində aktuallığı xüsusi vurğulanıb.
 
Panelin ilk məruzəsini təqdim edən professor Jabbor Eşonqulov “Dil və bədii düşüncə” mövzusunda çıxış edib. Məruzədə 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultayın türk xalqlarının dil, tarix, mədəniyyət və folklorunun öyrənilməsində oynadığı tarixi rol vurğulanıb, müasir dövrdə süni intellekt və qloballaşma şəraitində türk xalqlarının ortaq mədəni irsinin yeni metodoloji yanaşmalar əsasında araşdırılmasının zəruriliyi qeyd olunub. Həmçinin özbək xalq dastanlarının dil, tarixi yaddaş və estetik düşüncənin öyrənilməsində mühüm mənbə olduğu bildirilib.
 
Daha sonra AMEA Folklor İnstitutunun professoru Seyfəddin Rzayev “Dəli Domrul” fenomeni: “Temir Baba və Dəli Domrul paralelizmi” baxış müstəvisində” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə “Kitabi-Dədə Qorqud” eposunun Dəli Domrul obrazı qazax mifoloqu Serikbol Kondıbayın və Qalib Sayılovun elmi yanaşmaları əsasında təhlil olunub, Dəli Domrul və Temir Baba obrazları arasındakı tipoloji və mifoloji paralellərin ortaq türk mifoloji düşüncəsinin semantik sistemini əks etdirdiyi diqqətə çatdırılıb.
 
Bakı Dövlət Universitetinin dosenti Kəmalə İslamzadə “Türk xalqlarının ortaq dəyəri – ədalət (məhkəmələr haqqında folklor süjetləri əsasında)” mövzusunda məruzəsində müxtəlif türk xalqlarının folklor nümunələrində ədalət anlayışının təcəssümünü müqayisəli şəkildə araşdırıb. Bildirilib ki, məhkəmə və hakimlərlə bağlı folklor süjetlərində haqqın bərpası, vicdan və ədalət prinsipləri ortaq mənəvi dəyər kimi təqdim olunur.
 
AMEA Folklor İnstitutunun dosenti Xalidə Şaiqqızı (Məmmədova) repressiya qurbanı Hacı Kərim Sanılının yaradıcılığında folklor motivləri və etnoqrafik təsvirlərdən bəhs edib. Məruzədə onun əsərlərində toy, yas, köç və doğum mərasimləri, xalq oyunları, inanclar, məişət ənənələri və aşıq poeziyası motivlərinin xalqın milli-mənəvi yaddaşının qorunmasında mühüm yer tutduğu vurğulanıb.
 
Daha sonra AMEA Folklor İnstitutunun dosenti Elçin Abbasov “Türk dövlətçilik ənənəsində əjdaha simvolu” mövzusunda çıxış edib. Məruzədə əjdaha obrazının türk dövlətçilik ənənəsində hakimiyyət, hərbi güc və sakral qüdrət rəmzi kimi formalaşdığı, eyni zamanda türk mifoloji düşüncəsində kosmoqonik təsəvvürlər, məhsuldarlıq və həyatın qorunması ilə əlaqəli çoxqatlı semantik məna daşıdığı qeyd olunub.
 
Panelin son məruzəsini AMEA Folklor İnstitutunun doktorantı Könül Əmrahova təqdim edib. ““Koroğlu” dastanının Təbriz–Tiflis nüsxəsinin şeir tərkibi” mövzusunda çıxış edən məruzəçi bu nüsxənin şifahi epik ənənədən yazılı dastan ənənəsinə keçid prosesini əks etdirdiyini bildirib. Məruzədə nüsxənin poetik quruluşu, dil xüsusiyyətləri, dini-irfani terminologiyası və yazıya alınma prosesində baş verən transformasiyalar təhlil edilərək onun koroğluşünaslıq baxımından elmi əhəmiyyəti diqqətə çatdırılıb.
 
Panel iclasında türk xalqlarının ortaq folklor yaddaşı, mifoloji təfəkkürü, milli-mənəvi dəyərləri və mədəni irsinin müxtəlif aspektləri ətrafında geniş elmi müzakirələr aparılıb, bu istiqamətdə yeni tədqiqat yanaşmaları və müqayisəli araşdırmaların əhəmiyyəti vurğulanıb.