"Türkoloji folklorşünaslıq" Simpoziumunda XXI əsrin fəlsəfi-antropoloji paradiqmasında türkoloji folklorşünaslığın nəzəri və metodoloji məsələləri müzakirə olunub

"Türkoloji folklorşünaslıq" Simpoziumunda XXI əsrin fəlsəfi-antropoloji paradiqmasında türkoloji folklorşünaslığın nəzəri və metodoloji məsələləri müzakirə olunub

06 İyul 2026, 18:52 / Konfranslar, İclaslar
Azərbaycan Milli Elmlər Akademiyası və AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən "Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə" VIII Beynəlxalq Simpoziumu çərçivəsində iyulun 2-də "XXI əsrin fəlsəfi-antropoloji paradiqmasında türkoloji folklorşünaslıq: nəzəri və metodoloji yanaşmalar" mövzusunda I panel iclası keçirilib. AMEA Mərkəzi Elmi Kitabxanasının Şuşa zalında (Ziya Gökalp salonunda) təşkil olunan iclasa professor Metin Ekici və filologiya elmləri doktoru, dosent Səfa Qarayev moderatorluq ediblər.
 
Panel iclasında XXI əsrdə türkoloji folklorşünaslığın qarşısında duran nəzəri-metodoloji çağırışlar, sosial-antropoloji yanaşmalar, qeyri-maddi mədəni irsin qorunması, kollektiv yaddaş, milli kimlik və ortaq türk mədəni irsinin öyrənilməsi istiqamətində aktual elmi məsələlər ətrafında geniş müzakirələr aparılıb.
 
Panelin ilk məruzəsini təqdim edən Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun professoru Metin Ekici türkoloji araşdırmalar sistemində folklorşünaslığın yeri və strateji əhəmiyyətindən bəhs edib. Məruzədə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın ortaq elmi düşüncənin formalaşmasındakı tarixi rolu xüsusi vurğulanıb, türk xalqlarının zəngin folklor irsinin sistemli şəkildə öyrənilməsi, ümumtürk folklor terminologiyasının vahidləşdirilməsi, janrların müqayisəli təsnifatı və müasir metodoloji yanaşmalar əsasında ortaq tədqiqatların genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
 
AMEA Rəyasət Heyətinin elmi katibi, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Səfa Qarayev "XXI əsrin sosial-antropoloji diskursunda məna problemi və türkoloji folklorşünaslıq" mövzusunda məruzəsində sosial-antropoloji yanaşmalar kontekstində kollektiv məna istehsalı, metaforik düşüncə sistemləri və psixoemosional diskursun folklorşünaslıq baxımından öyrənilməsinin nəzəri əhəmiyyətini təhlil edib. Məruzədə vurğulanıb ki, türk xalqlarının ortaq etnomədəni təcrübəsinin yeni metodoloji platformalar üzərində araşdırılması folklorşünaslıqda məna istehsalı, mədəni kommunikasiya və kollektiv identiklik problemlərinin daha dərindən dərk edilməsinə imkan yaradır.
 
Xarəzm vilayəti Pedaqoji Bacarıq Mərkəzinin professoru Nasiba Sabirova "Türk dünyası mədəni irsində Xarəzm xalfaçılıq ənənələrinin yeri və əhəmiyyəti" mövzusunda məruzəsində xalfaçılıq ənənələrinin türk xalqlarının mənəvi-mədəni irsində tutduğu yeri təqdim edib. Məruzədə bu ənənənin qədim mərasim və dini ayinlərdən qaynaqlandığı, dastanların, dini mətnlərin və digər şifahi xalq yaradıcılığı nümunələrinin qorunaraq nəsildən-nəslə ötürülməsində mühüm vasitə olduğu qeyd edilib.
 
AMEA Folklor İnstitutunun direktor müavini, dosent Afaq Ramazanova "Folklorda qadın davranış stereotipləri: nəzəri yanaşma və problemin qoyuluşu" mövzusunda çıxış edərək folklorda qadın davranış modellərinin formalaşma mexanizmlərini nəzəri aspektdən təhlil edib. O bildirib ki, xüsusilə toy və yas mərasimlərində müşahidə olunan davranış stereotipləri cəmiyyətin sosial normalarını, gender rollarını və ənənəvi dəyərlər sistemini əks etdirən mühüm mədəni göstəricilərdir.
 
AMEA Folklor İnstitutunun dosenti Rza Xəlilov "Folklor irsinin qorunması və elmi dövriyyəyə qaytarılması: "İlkin nəşrlər" seriyası təcrübəsi" mövzusunda məruzəsində folklor irsinin mühafizəsi və elmi dövriyyəyə qaytarılması istiqamətində institutun həyata keçirdiyi layihələrdən bəhs edib. O qeyd edib ki, "İlkin nəşrlər" seriyası çərçivəsində Vəli Xuluflu, Hənəfi Zeynallı, Salman Mümtaz, Firidun bəy Köçərli və digər görkəmli folklorşünasların topladıqları materialların yenidən nəşri Azərbaycan folklor irsinin qorunması, sistemləşdirilməsi və gələcək tədqiqatlar üçün etibarlı mənbə bazasının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
 
AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva qeyri-maddi mədəni irsin türk xalqlarının milli kimliyinin formalaşmasındakı rolundan bəhs edib. Məruzədə şifahi xalq yaradıcılığı nümunələrinin ortaq tarixi yaddaşın, mədəni varisliyin və milli özünüdərk prosesinin əsas daşıyıcılarından biri olduğu, bu irsin qorunmasının türk xalqları arasında mədəni inteqrasiyanın möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb.
 
Panelin son məruzəsini təqdim edən AMEA Folklor İnstitutunun dosenti Aynur İbrahimova "Qeyri-maddi mədəni irs və davamlı inkişafın sosial-mədəni aspektləri" mövzusunda çıxış edib. O, UNESCO-nun bu sahədə qəbul etdiyi beynəlxalq konvensiyaların yaratdığı hüquqi mexanizmlərdən, qloballaşma və urbanizasiya şəraitində qeyri-maddi mədəni irsin qorunmasının aktuallığından, eləcə də bu irsin sənədləşdirilməsi, yaşadılması və gələcək nəsillərə ötürülməsinin davamlı inkişaf baxımından əhəmiyyətindən danışıb.
 
Panelin sonunda aparılan müzakirələrdə XXI əsrdə türkoloji folklorşünaslığın inkişaf perspektivləri, yeni nəzəri-metodoloji yanaşmaların tətbiqi, sosial-antropoloji tədqiqat istiqamətlərinin genişləndirilməsi, qeyri-maddi mədəni irsin qorunması, kollektiv mədəni yaddaşın öyrənilməsi və ortaq türk mədəni irsinin vahid elmi platformada tədqiqi ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, türkoloji folklorşünaslığın gələcək inkişafı ortaq elmi əməkdaşlığın gücləndirilməsi, metodoloji yenilənmə və ümumtürk elmi məkanında inteqrasiyanın dərinləşdirilməsi ilə sıx bağlıdır.