AMEA Folklor İnstitutunun əməkdaşları Bakı Avrasiya Universitetində “Xalq poeziyası” fənn proqramlarının müzakirəsində iştirak ediblər

AMEA Folklor İnstitutunun əməkdaşları Bakı Avrasiya Universitetində “Xalq poeziyası” fənn proqramlarının müzakirəsində iştirak ediblər

04 İyul 2026, 18:42 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun əməkdaşları 1 iyul 2026-cı il tarixində Bakı Avrasiya Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasında filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Altaylının müəllifi olduqları “Xalq poeziyası” fənni üzrə proqramların müzakirəsində iştirak ediblər.

Müzakirə olunan proqramlarda fənnin tədrisinin məqsəd və vəzifələri, təhsil proqramındakı yeri, tələbələrdə formalaşdırılması nəzərdə tutulan kompetensiyalar, mövzuların məzmunu və zəngin ədəbiyyat siyahısı əksini tapıb.

Müzakirələr zamanı AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru Leyla Məmmədova proqramların tələb olunan qaydalara uyğun hazırlandığını, mövzuların düzgün sistemləşdirildiyini bildirib. O, professor Mahmud Allahmanlının hazırladığı proqramla bağlı bir sıra tövsiyələr səsləndirərək “Ön söz” hissəsində fənnin hansı fakültə üçün nəzərdə tutulduğunun göstərilməsini, xalq mahnılarına daha geniş yer ayrılmasını, uşaq folklorunun lirik növünün ətraflı təqdim edilməsini, eləcə də düzgülər, sanamalar, öcəşmələr kimi nümunələrin proqrama daxil edilməsinin vacibliyini vurğulayıb. Leyla Məmmədova həmçinin bayatılar və aşıq şeiri şəkillərindən bəhs edilərkən onların yazılı ədəbiyyata təsirinin, bu janrlarda yazan şairlərin və yaradıcılıqlarının da proqramda əks olunmasının məqsədəuyğun olduğunu qeyd edib.

Cənubi Azərbaycan şöbəsinin müdiri, filologiya elmləri doktoru Mətanət Abbaslı çıxışında fənn proqramlarının əhəmiyyətini yüksək qiymətləndirərək Cənubi Azərbaycan folklor nümunələrinin də proqramlara daxil edilməsini təklif edib. O, Güney Azərbaycandan toplanmış və nəşr olunmuş dastanların, atalar sözləri və məsəllərin, bayatıların, xalq mahnılarının güney variantlarının müqayisəli şəkildə təqdim edilməsinin faydalı olacağını bildirib.

Mifologiya şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu “Xalq poeziyası” fənni üzrə proqramların hazırlanmasını yüksək dəyərləndirib. O qeyd edib ki, proqram vasitəsilə folklor ruhunun gənc nəslə ötürülməsi mühüm əhəmiyyət daşıyır. Elçin Qaliboğlu diqqətə çatdırıb ki, poetik ünsürlər yalnız lirik janrlarda deyil, nağıllarda da özünü göstərir. O, dosent Seyfəddin Altaylının hazırladığı proqramda ümumtürk xalq poeziyası ilə bağlı mövzularla yanaşı, Azərbaycan xalq poeziyasına dair ayrıca mövzuların və Azərbaycan folklorşünaslığı üzrə ədəbiyyat qaynaqlarının da yer almasının vacibliyini vurğulayıb. Həmçinin tədbirdə iştirak edən tələbələrə AMEA Folklor İnstitutunun rəsmi internet saytında yerləşdirilən materiallardan müntəzəm istifadə etməyi tövsiyə edib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərova da çıxış edərək məişət mərasimi nəğmələrinin, xüsusilə laylaların, beşik nəğmələrinin, əzizləmə və oxşamaların insanın tanış olduğu ilk poetik nümunələr olduğunu bildirib. O, qloballaşma şəraitində bu milli folklor örnəklərinin araşdırılması və təbliğinin vacibliyini vurğulayıb, bayatıların mərasimlərlə bağlılığını və uşaq oyunları zamanı ifa olunan poetik nümunələrin də proqramlarda diqqətdən kənarda qalmamasının əhəmiyyətini qeyd edib. Aynurə Səfərova belə müzakirələrin gələcək elmi əməkdaşlığın inkişafına töhfə verəcəyini də bildirib.

Tədbirin sonunda Bakı Avrasiya Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Elmira Məmmədova AMEA Folklor İnstitutunun əməkdaşlarına müzakirələrdə fəal iştiraklarına görə təşəkkürünü bildirib. Görüş xatirə şəklinin çəkilməsi ilə başa çatıb.