XƏBƏRLƏR
68
"Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə" VIII Beynəlxalq Simpoziumunda türkoloji folklorşünaslığın yeni inkişaf istiqamətləri müəyyənləşdirildi
04 İyul 2026, 18:29 / Konfranslar, İclaslar
Azərbaycan Milli Elmlər Akademiyası və AMEA Folklor İnstitutunun təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, UNESCO üzrə Türkiyə Respublikasının Milli Komissiyası və Hacettepe Universitetinin tərəfdaşlığı ilə keçirilən "Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə" VIII Beynəlxalq Simpoziumu bağlanış iclası ilə öz işini başa çatdırıb. Bağlanış mərasimində simpoziumun elmi nəticələri ümumiləşdirilib, panel iclaslarında aparılan müzakirələrə yekun vurulub və gələcək beynəlxalq əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Bağlanış iclasında giriş nitqi ilə çıxış edən AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev simpoziumun keçirilməsində əsas məqsədin türk xalqlarının ortaq tarixi-mədəni dəyərlərinin elmi müstəvidə araşdırılması, qorunması və gələcək nəsillərə ötürülməsinə xidmət edən davamlı əməkdaşlıq platformasının formalaşdırılması olduğunu bildirib. O qeyd edib ki, son illər Türk Dövlətləri Təşkilatı çərçivəsində yaranan inteqrasiya mühiti elmi-humanitar əməkdaşlığın da yeni mərhələyə yüksəlməsi üçün əlverişli imkanlar yaradıb və bu proses türkoloji tədqiqatların yeni nəzəri əsaslar üzərində yenidən düşünülməsini zəruri edir.
Hikmət Quliyev vurğulayıb ki, qloballaşma, rəqəmsallaşma və süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə ortaq türk mədəni irsinin öyrənilməsi ənənəvi yanaşmalarla məhdudlaşa bilməz. Onun sözlərinə görə, türkoloji folklorşünaslıq müxtəlif türk xalqlarının folklorunun sadəcə müqayisəli tədqiqi deyil, ortaq metodologiya, vahid elmi terminologiya, koordinasiyalı sahə tədqiqatları, inteqrasiya olunmuş rəqəmsal arxivlər və ümumtürk elmi məlumat bazaları üzərində qurulan yeni multidissiplinar elmi istiqamət kimi formalaşdırılmalıdır.
Direktor qeyd edib ki, Birinci Türkoloji Qurultayın yüz il əvvəl ortaya qoyduğu multidissiplinar elmi baxış müasir dövrdə yeni məzmunda davam etdirilməlidir. Onun fikrincə, türkoloji folklorşünaslığın əsas vəzifəsi yalnız ortaq folklor irsini araşdırmaq deyil, həm də türk xalqlarının kollektiv mədəni yaddaşını, sosial-mədəni transformasiyalarını və dəyişən kommunikasiya mühitində formalaşan yeni folklor proseslərini vahid nəzəri çərçivədə öyrənməkdir.
Hikmət Quliyev bildirib ki, kommunikasiya texnologiyalarındakı dəyişikliklər folklorun yaranması, yayılması və yaşadılması mexanizmlərini köklü şəkildə dəyişdirib. Bu baxımdan rəqəmsal türkoloji folklorşünaslığın formalaşdırılması dövrün əsas elmi çağırışlarından biridir. O vurğulayıb ki, bu istiqamət internet və sosial media mühitində yaranan folklorun, rəqəmsal platformalarda formalaşan ortaq türk mədəni məkanının, süni intellektin folklor yaradıcılığına təsirinin, eləcə də yeni kommunikasiya texnologiyalarının türk xalqlarının kollektiv yaddaşı və mədəni identikliyi üzərində yaratdığı dəyişikliklərin sosial-antropoloji müstəvidə araşdırılmasını nəzərdə tutur.
Çıxışının sonunda Hikmət Quliyev qeyd edib ki, türkoloji folklorşünaslığın gələcək inkişafı ortaq elmi layihələrin həyata keçirilməsi, vahid rəqəmsal elmi infrastrukturun qurulması, tədqiqatçıların koordinasiyalı əməkdaşlığının genişləndirilməsi və türk dünyasının zəngin folklor irsinin müasir elmi metodologiyalar əsasında öyrənilməsi ilə bağlıdır. O bildirib ki, simpozium çərçivəsində aparılan müzakirələr bu istiqamətdə yeni elmi əməkdaşlıq perspektivləri formalaşdırıb və türkoloji folklorşünaslığın gələcək inkişafına mühüm töhfə verəcək.
Daha sonra panel rəhbərləri rəhbərlik etdikləri bölmələr üzrə müzakirələrin nəticələrini təqdim ediblər. İlk olaraq çıxış edən Özbəkistan Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folklor İnstitutunun professoru Jabbar Eşonkulov rəhbərlik etdiyi panelin yekunlarına toxunaraq, simpozium çərçivəsində təqdim olunan məruzələrin elmi səviyyəsini yüksək qiymətləndirib. O bildirib ki, panel müzakirələri türkoloji folklorşünaslığın aktual nəzəri məsələlərinin, ortaq mədəni irsin və müqayisəli folklor araşdırmalarının daha dərindən öyrənilməsi üçün məhsuldar elmi mühit yaradıb.
Professor Jabbar Eşonkulov qeyd edib ki, türk dünyasının müxtəlif ölkələrindən alimlərin bir araya gəlməsi yeni elmi əməkdaşlıqların qurulması və ortaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O, bu cür simpoziumların gələcəkdə də mütəmadi keçirilməsinin türkoloji folklorşünaslığın inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Daha sonra çıxış edən Qırğızıstan Milli Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldajan Akmataliyev simpoziumun türk xalqlarının ortaq elmi və mədəni irsinin öyrənilməsi istiqamətində mühüm platformaya çevrildiyini bildirib. O, türk dünyası alimlərinin birgə fəaliyyətinin daha da genişləndirilməsinin, ortaq elmi layihələrin və nəşrlərin hazırlanmasının folklorşünaslıq elminin inkişafına, eləcə də türk dövlətləri arasında elmi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Hacettepe Universitetinin professoru Özkul Çobanoğlu çıxış edərək türkoloji folklorşünaslığın müasir mərhələdə yeni nəzəri-metodoloji yanaşmalar əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Bağlanış iclasında çıxış edən M. Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun professoru Kenjehan Matıjanov simpoziumun elmi proqramında türk epik ənənəsi, tarixi yaddaş və milli-mədəni kimlik məsələlərinin geniş müzakirə olunmasını yüksək qiymətləndirib. O bildirib ki, türk xalqlarının zəngin epik irsinin kompleks şəkildə araşdırılması və bu istiqamətdə ortaq elmi yanaşmaların tətbiqi gələcək nəsillər üçün etibarlı elmi baza formalaşdıracaq.
Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin Türkologiya Araşdırmaları İnstitutunun dosenti Halil Çətin bağlanış iclasında simpoziumun təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək, bu tədbirin türk dünyasının elmi əməkdaşlığının inkişafı baxımından mühüm başlanğıc olduğunu vurğulayıb. O qeyd edib ki, "türkologiya" anlayışının mahiyyəti elmi ictimaiyyət tərəfindən dərindən mənimsənilməli, bu istiqamətdə yalnız nəzəri müzakirələrlə kifayətlənməyərək konkret elmi tədqiqatlar və ortaq layihələr həyata keçirilməlidir. Onun sözlərinə görə, türk dünyasının ortaq dəyərlərinin öyrənilməsi və ümumtürk kimliyinin elmi əsaslarla möhkəmləndirilməsi üçün ölkələr arasında birgə elmi fəaliyyət daha da genişləndirilməlidir.
Halil Çətin çıxışında türk dövlətlərini əhatə edən vahid rəqəmsal elmi arxivin və magistr-dissertasiya işlərini özündə birləşdirən ümumi məlumat bazasının yaradılmasını təklif edib. O bildirib ki, hazırda bir çox qiymətli elmi mənbələr yalnız çap şəklində olduğundan tədqiqatçılar üçün əlçatan deyil və vahid rəqəmsal platformanın formalaşdırılması elmi informasiya mübadiləsini sürətləndirəcək, təkrar tədqiqatların qarşısını alacaq. Alim həmçinin türk dövlətləri arasında magistratura və doktorantura təhsilinin əlaqələndirilməsi, ortaq təhsil proqramlarının və tələbə mübadiləsinin təşkili ilə türkoloji tədqiqatların daha sistemli və səmərəli inkişafına nail olunmasının mümkün olduğunu vurğulayıb.
Bağlanış iclasında çıxış edən AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil simpoziumun əsas məqsədinin türk xalqlarının folklorunun və qeyri-maddi mədəni irsinin sistemli şəkildə araşdırılması, ortaq mənəvi dəyərlərin müəyyənləşdirilməsi və gələcək nəsillərə ötürülməsi olduğunu bildirib. O qeyd edib ki, bu istiqamətdə ortaq türk dili və elmi terminologiyasının formalaşdırılması mühüm əhəmiyyət kəsb edir və folklorşünaslıq, etnoqrafiya, xalq mədəniyyəti, şifahi ədəbiyyat kimi anlayışların vahid elmi prinsiplər əsasında dəqiqləşdirilməsinə ehtiyac var.
Ağaverdi Xəlil, həmçinin vurğulayıb ki, müstəmləkə dövrünün türk xalqlarının mənəvi-mədəni irsinə vurduğu zədələrin aradan qaldırılması uzunmüddətli elmi və mədəni fəaliyyət tələb edir. Onun sözlərinə görə, bu prosesdə folklorun öyrənilməsi, qeyri-maddi mədəni irsin toplanması və qorunması, eləcə də türk dövlətləri arasında elmi əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdən biridir.
Daha sonra Hacettepe Universitetinin professoru Abdulselam Arvas simpoziumun Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan tədbirlər sırasında xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, türk dünyasının müxtəlif ölkələrindən alimləri bir araya gətirən belə elmi platformaların əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini bildirib. O qeyd edib ki, elmi tədbirlərin nəticələrinin daha səmərəli olması üçün əldə olunan uğurlarla yanaşı, mövcud çatışmazlıqların da açıq şəkildə müzakirə edilməsi vacibdir. Alimin sözlərinə görə, bu yanaşma gələcək simpoziumların daha yüksək elmi səviyyədə təşkilinə və elmi müzakirələrin keyfiyyətinin artırılmasına imkan yaradır.
Abdulselam Arvas çıxışında panel iclaslarında canlı təqdimatlar və auditoriya ilə fikir mübadiləsinin elmi nəşrlərdən əlavə, tədqiqatların təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Qırğız Respublikasının Prezidenti yanında Qırğız Respublikasının Milli Elmlər Akademiyasının filologiya elmləri doktoru, professor Jıldız Orozobekova rəhbərlik etdiyi panel iclasının yekunlarını təqdim edib. O bildirib ki, müzakirələr zamanı türk xalqlarının şifahi mədəni irsinin müasir tədqiqat metodları ilə öyrənilməsi, folklor mətnlərinin rəqəmsal mühitdə qorunması, eləcə də ortaq elmi terminologiyanın formalaşdırılması məsələləri geniş müzakirə olunub. Professorun sözlərinə görə, panel iştirakçıları folklorun yalnız keçmişi əks etdirən mədəni irs nümunəsi deyil, həm də müasir cəmiyyətin sosial-mədəni proseslərini izah edən mühüm elmi mənbə olduğu qənaətini bölüşüblər.
Bağlanış iclasında vurğulanıb ki, "Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə" VIII Beynəlxalq Simpoziumu türk xalqlarının ortaq mədəni irsinin öyrənilməsi istiqamətində elmi əməkdaşlığın möhkəmləndirilməsinə, aktual folklorşünaslıq problemlərinin müzakirəsinə və gələcək elmi fəaliyyət üçün yeni perspektivlərin müəyyənləşdirilməsinə mühüm töhfə verib.
Qeyd edək ki, simpozium çərçivəsində ümumilikdə 10 tematik oturum keçirilib və 82 elmi məruzə dinlənilib. Oturumlarda "XXI əsrin fəlsəfi-antropoloji paradiqmasında türkoloji folklorşünaslıq: nəzəri və metodoloji yanaşmalar", "Türk dünyasının folklor yaddaşı: ortaq dəyərlər, mifoloji düşüncə və mədəni irs", "Türkoloji folklorşünaslıq" konsepti: ideoloji-romantik yanaşmalardan elmi-nəzəri diskursa keçid, "Türk epik ənənəsi: mətn, kontekst və tarixi yaddaş problemləri", "Rəqəmsallaşma şəraitində türk folkloru: rəqəmsal platformalar və yeni media mühitlərində folklorik düşüncənin yaranması və ötürülməsi", "Türk xalqlarının folklor irsi: ortaq xüsusiyyətlər, regional fərqliliklər və müqayisəli təhlil problemləri", "Folklor ənənələrinin yaşadılması: söyləyicilik, aşıqlıq və performativ mədəniyyət", "Birinci Türkoloji Qurultay və türkoloji folklorşünaslığın təşəkkülü: elmi irs və müasir perspektivlər", "Müqayisəli folklorşünaslıqda türk dünyası: nəzəri-metodoloji problemlər və tədqiqat perspektivləri", həmçinin "Türk folklorunun müasir inkişaf tendensiyaları: ənənədən rəqəmsal mühitə" mövzularında məruzələr təqdim olunub, geniş elmi müzakirələr aparılıb və müasir folklorşünaslığın aktual nəzəri-metodoloji problemləri ətrafında fikir mübadiləsi həyata keçirilib.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.









