Türkoloji folklorşünaslıq mövzusunda beynəlxalq elmi simpozium işə başlayıb

Türkoloji folklorşünaslıq mövzusunda beynəlxalq elmi simpozium işə başlayıb

02 İyul 2026, 11:33 / Konfranslar, İclaslar

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Şuşa zalında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri" mövzusunda beynəlxalq elmi simpozium öz işinə başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyası və AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən simpozium Türk Mədəniyyəti və İrsi Fondu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, UNESCO üzrə Türkiyə Respublikasının Milli Komissiyası və Hacettepe Universitetinin tərəfdaşlığı ilə baş tutur.
Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən tanınmış alimlər, folklorşünaslar, türkoloqlar, millət vəkilləri və ali təhsil müəssisələrinin rəhbərləri
iştirak edirlər.

Simpozium iştirakçıları əvvəlcə tədbir çərçivəsində təşkil olunmuş sərgiyə baxış keçiriblər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və rəsmi açılış nitqləri ilə plenar iclas öz işinə başlayıb.