XƏBƏRLƏR
Folklor İnstitutunun direktoru "Rəqəmsal türkoloji folklorşünaslığın konseptual əsasları və inkişaf perspektivləri" mövzusunda məruzə edib
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında təşkil olunan "Rəqəmsal Türkologiya" panelində AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev "Rəqəmsal türkoloji folklorşünaslığın konseptual əsasları və inkişaf perspektivləri" mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Birinci Türkoloji Qurultayın yüzilliyi türkologiyanın ikinci yüzilliyinin nəzəri-metodoloji inkişaf istiqamətlərini yenidən nəzərdən keçirmək üçün mühüm elmi platforma kimi dəyərləndirilib. Bildirilib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay yalnız ortaq əlifba məsələsinin müzakirə olunduğu toplantı deyil, eyni zamanda türk xalqlarının dili, tarixi, folkloru, etnoqrafiyası, ədəbiyyatı və digər humanitar elm sahələrini vahid elmi müstəvidə birləşdirən multidissiplinar intellektual platforma olub.
Məruzədə qeyd edilib ki, müasir dövrdə rəqəmsal transformasiya, süni intellekt, böyük verilənlər (Big Data) və rəqəmsal humanitar elmlərin inkişafı humanitar bilik istehsalının məzmununu və metodologiyasını keyfiyyətcə dəyişdirir. Bu baxımdan türkologiyanın da yeni elmi yanaşmalar əsasında inkişaf etdirilməsi zərurəti meydana çıxır.
Çıxışın əsas istiqamətlərindən birini "rəqəmsal türkoloji folklorşünaslıq" anlayışının konseptual əsaslarının izahı təşkil edib. Vurğulanıb ki, bu yanaşma folklor materiallarının rəqəmsallaşdırılması və ya internet folklorunun öyrənilməsi ilə məhdudlaşmır. Əsas məqsəd rəqəmsal transformasiya şəraitində türkoloji bilik istehsalının yeni metodoloji prinsiplər əsasında təşkili, folklor irsinin müasir analitik imkanlardan istifadə etməklə öyrənilməsi və türkoloji elmi əməkdaşlığın yeni modelinin formalaşdırılmasıdır.
Məruzədə sosial-antropoloji folklorşünaslıq konsepsiyası əsasında kommunikasiya texnologiyalarının transformasiyasının folklora, "xalq" anlayışına, kollektiv mədəni yaddaşa və bilik istehsalı mexanizmlərinə təsiri təhlil olunub. Qeyd edilib ki, rəqəmsal transformasiya şəraitində dəyişən yalnız kommunikasiya vasitələri deyil, eyni zamanda folkloru yaradan sosial mühit, kollektiv münasibətlər sistemi və mədəni yaddaşın fəaliyyət prinsipləridir.
Çıxış zamanı mətn mərkəzli folklor tədqiqat modelindən data mərkəzli analitik modelə keçidin metodoloji əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, böyük verilənlər, süni intellekt, semantik modelləşdirmə, şəbəkə analizi və rəqəmsal xəritələşdirmə kimi müasir analitik yanaşmalar türk xalqlarının zəngin folklor irsinin müqayisəli şəkildə öyrənilməsi üçün yeni imkanlar yaradır.
Məruzədə, həmçinin, türk dünyasında ortaq rəqəmsal folklor korpuslarının, açıq verilənlər bazalarının, vahid terminoloji sistemin, semantik şəbəkələrin və rəqəmsal elmi əməkdaşlıq platformalarının yaradılmasının əhəmiyyəti vurğulanıb. Bu istiqamətdə ortaq metodoloji prinsiplərə əsaslanan rəqəmsal bilik ekosisteminin formalaşdırılmasının türkoloji tədqiqatların gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Sonda vurğulanıb ki, əgər Birinci Türkoloji Qurultay XX əsrdə türk dünyasında ortaq elmi düşüncə və əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə vermişdisə, rəqəmsal transformasiya dövründə əsas vəzifələrdən biri həmin əməkdaşlıq ənənəsini müasir texnoloji imkanlar əsasında inkişaf etdirmək, türkoloji bilik istehsalının yeni təşkilati və metodoloji modellərini formalaşdırmaqdır.