AMEA Folklor İnstitutunun əməkdaşı beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib

AMEA Folklor İnstitutunun əməkdaşı beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib

01 İyul 2026, 13:56 / Konfranslar, İclaslar

Birinci Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti (BDU), TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

Konfransın Bakı Dövlət Universitetində təşkil olunan “Türk xalqlarının mədəniyyəti, tarixi və onların tədrisi məsələləri” adlı III bölmə iclasında AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent Aynur İbrahimova “Koroğlu dastanlarında Çənlibel: ortaq türk epik məkanının modeli” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə “Koroğlu” eposunun müxtəlif variant və versiyaları müqayisəli şəkildə təhlil olunaraq Çənlibelin konkret coğrafi məkan deyil, ortaq türk epik düşüncəsini, mifoloji dünyagörüşünü və mədəni yaddaşı özündə ehtiva edən simvolik məkan modeli olduğu əsaslandırılıb.

Eyni zamanda, Çənlibelin müxtəlif etnik-coğrafi mühitlərdə lokallaşma xüsusiyyətləri araşdırılıb, bu məkan obrazının türk xalqlarının ortaq mədəni kimliyini, tarixi yaddaşını və epik ənənəsini ifadə edən mühüm mədəni kodlardan biri olduğu vurğulanıb.
Qeyd edək ki, Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransın materialları toplusu nəşr olunub.