XƏBƏRLƏR
13
AMEA Folklor İnstitutunun əməkdaşı beynəlxalq forumda iştirak edib
26 İyun 2026, 15:16 / Konfranslar, İclaslar
22-25 iyun 2026-cı il tarixində "Körpü" Türkman irsi Araşdırmalar Mərkəzi İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə lI "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" mövzusunda forum keçirilmişdir. Forumun təşkilində məqsəd türkman irsinin qorunması, ortaq tarixi-mədəni-mənəvi dəyərlərin təbliği, vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsidir.
İraq, Türkiyə, Livan və Suriyadan gəlmiş təxminən 30 türkman ziyalı və tədqiqatçısının iştirak etdiyi forum Naxçıvanda öz işinə başlamışdır. İyunun 23-də Naxçıvan elmi ictimaiyyətinin nümayəndələri, alim və ziyalıların da yaxından iştirak etdiyi "Türkman irsi: dil, mədəniyyət və tarix" mövzusunda elmi müzakirə təşkil olunmuşdur.
AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyevanın moderatorluğu ilə keçirilən elmi diskussiyada tədqiqatçı türkmanlarla qarşılıqlı əlaqələrin güclənməsinin dil, folklor, etnoqrafiya, tarix və başqa sahələrdə elmi araşdırmaların artmasına və mövcud bazanın da möhkəmlənməsinə təkan verəcəyini bildirmişdir.
Qeyd edək ki, forum iyunun 25-də Bakıda Muğam mərkəzində təşkil olunmuş geniş tədbir çərçivəsində panel və bədii hissə ilə öz işini başa çatdırmışdır.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.





