Folklor İnstitutunda Hənəfi Zeynallının mərasim folkloru irsi və toyların özünəməxsus xüsusiyyətləri müzakirə olunub

Folklor İnstitutunda Hənəfi Zeynallının mərasim folkloru irsi və toyların özünəməxsus xüsusiyyətləri müzakirə olunub

22 İyun 2026, 15:19 / Konfranslar, İclaslar
AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsində növbəti elmi seminar keçirilib. Seminarda şöbənin elmi işçisi Xəzəngül Məmmədovanın “1920-1930-cu illər Azərbaycan folklorşünaslığında mərasim folklorunun tədqiqi” və şöbənin elmi işçisi Akifə Xəlilovanın “Kürdəmirdə toy mərasimlərinin lokal xüsusiyyətləri” mövzularında məruzələri dinlənilib. 
 
Xəzəngül Məmmədova çıxış edərək Azərbaycan folklorşünaslıq elminin formalaşması və inkişafında müstəsna xidmətləri olan görkəmi folklorşünaslardan biri də Hənəfi Zeynallı olduğunu vurğulamışdır. Hənəfi Zeynallı folklorşünaslıq tarixində ilk dəfə olaraq Azərbaycanda xalq ədəbiyyatının çap olunma və öyrənilmə məsələlərini sistemləşdirməyə çalışmışdır. Onun məqalə və kitablarının bir çoxunda mərasim folkloru ilə bağlı bir sıra məsələlərə toxunmuş, onlar haqqında öz fikirlərini bildirmişdir.
 
Tədqiqatçı Hənəfi Zeynallının mərasim folkoruna, mərasim folkloru janrlarına xüsusi önəm verirdiyini dilə gətirmiş və bir çox nümunələr göstərmişdir. Müəllif H.Zeynallının mərasimlərin folklorşünaslığın vacib meyarlarından biri hesab etdiyini vurğulamışdır. 
Daha sonra şöbənin elmi işçisi Akifə Xəlilova “Kürdəmirdə toy mərasimlərinin lokal xüsusiyyətləri” mövzusunda məruzə etmişdir.
 Tədqiqatçı toy mərasimlərinin Azərbaycan xalq mədəniyyətinin ən zəngin və çoxqatlı sahələrindən biri olmaqla, hər bir bölgənin tarixi, etnik tərkibi, sosial münasibətləri və mədəni yaddaşı ilə sıx bağlı şəkildə formalaşdığını söyləmişdir. Kürdəmir rayonu Şirvan folklor mühitinin mühüm tərkib hissəsi kimi toy adət-ənənələrinin həm ümumazərbaycan xüsusiyyətlərini, həm də özünəməxsus lokal elementlərini bu günədək qoruyub saxlamışdır. Bölgədə icra olunan toy mərasimləri ailə institutunun möhkəmləndirilməsi, qohumluq münasibətlərinin tənzimlənməsi və kollektiv həmrəyliyin təmin edilməsində mühüm sosial funksiyaya malikdir.
 
Tədqiqatçı Kürdəmirdə toy məclislərində musiqi və rəqs mühüm yer tutduğunu, milli musiqi alətlərinin müşayiəti ilə ifa olunan xalq mahnıları və yallıya bənzər kollektiv rəqslərin mərasimin ayrılmaz hissəsini təşkil etdiyini söyləmişdir. Müəllifin fikrinə görə, toylarda tamada çıxışları, xeyir-dualar, aşıq yaradıcılığı elementləri və məzəli folklor nümunələri sosial ünsiyyətin möhkəmlənməsinə xidmət edir. Müasir dövrdə urbanizasiya, kütləvi informasiya vasitələrinin təsiri və qloballaşma nəticəsində Kürdəmir toylarında müəyyən dəyişikliklər müşahidə olunsa da, bölgəyə məxsus bir çox lokal xüsusiyyətlər hələ də qorunmaqdadır. Xüsusilə yaşlı nəslin yaddaşında yaşayan mərasim detalları və folklor nümunələri milli-mədəni irsin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Kürdəmir toy mərasimlərinin tədqiqi yalnız regional folklorun deyil, bütövlükdə Azərbaycan mərasim mədəniyyətinin inkişaf dinamikasının öyrənilməsi üçün də dəyərli elmi material təqdim edir.
 
Elmi seminar müzakirələrlə davam edib. Məruzələrdən sonra Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri fil.e.d., dosent Ağaverdi Xəlil, fil.ü.f.d. Şəhla Hüseynli, böyük elmi işçi Mətanət Xəlilova elmi seminarda təqdim olunan araşdırmalarla bağlı müxtəlif elmi fikir və qənaətlərini söyləmiş, tədqiqatçılara gələcək araşdırmalarında uğurlar arzulamışlar.