"Krım sevgisi" kitabının 2ci cildi çap olunub

"Krım sevgisi" kitabının 2ci cildi çap olunub

16 İyun 2026, 11:28 / Nəşrlər
AMEA Folklor İnstitutunun əməkdaşı, tanınmış araşdırmaçı və publisist Əli Şamilin (Şamilov Əli Hüseyn oğlu) “Krım sevgisi” kitabının ikinci cildi Bakı şəhərində “İmza” Nəşrlər Evində nəşr olunub. Nəşr Azərbaycan ilə Krım türkləri arasında tarixi, ədəbi və mədəni əlaqələrin araşdırılmasına həsr olunmuş zəngin elmi-publisistik məqalələri və sənəd xarakterli materialları özündə birləşdirir.
Kitabda ilk peşəkar qadın aktyorlardan olan Fatma Qədrinin həyat və yaradıcılığı, görkəmli Krım tatar yazıçısı Çingiz Dağcının həyatı və əsərləri, repressiya qurbanları, Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədri, Krım türkü Asan Rıfatovun faciəli taleyi, eləcə də sovet dövründə sürgün edilmiş Krım türklərinin taleyi ilə bağlı araşdırmalar yer alıb. Nəşrdə Əli Səngərlinin “Bağçasaray” şeirinin yaranma tarixindən, Krım milli mübarizəsinin müxtəlif simalarından və Türk dünyasının tanınmış şəxsiyyətlərindən bəhs edən məqalələr də təqdim olunur.
 
“Krım sevgisi”nin ikinci cildində müəllifin Kırım tatar ziyalıları, elm və mədəniyyət xadimləri ilə yazışmalarının bir qismi də dərc edilib. Bu məktublar yalnız şəxsi münasibətlərin deyil, həm də dövrün ictimai-siyasi hadisələrinin, milli-mədəni əlaqələrin və Türk xalqlarının həmrəyliyi ideyasının öyrənilməsi baxımından mühüm mənbə kimi diqqəti cəlb edir.
 
Kitabın ön sözündə müəllif Krım mövzusuna marağının formalaşma tarixindən, Kırım türklərinin sürgün faciəsinə dair araşdırmalarından və Azərbaycan-Krım əlaqələrinin inkişafına yönəlmiş fəaliyyətindən bəhs edir. Əli Şamil qeyd edir ki, nəşrin əsas məqsədi Azərbaycan oxucularını Krım türklərinin tarixi, milli mübarizəsi və mədəni irsi ilə daha yaxından tanış etməkdir.
 
“Krım sevgisi” kitabının ikinci cildi Azərbaycan və Kırım türkləri arasındakı ədəbi, elmi və mədəni münasibətlərin öyrənilməsi, ortaq türk yaddaşının qorunması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətli elmi mənbə kimi dəyərləndirilir.
 
Qeyd edək ki, 384 səhifədən ibarət olan kitabın redaktorları Zera Bekirova və Cəmilə Niyaz qızıdır.
 
Kitabla tanış olmaq üçün link.