AMEA FOLKLOR İNSTİTUTUNUN “TÜRK XALQLARININ FOLKLORU” SERİYASINDAN NÖVBƏTİ NƏŞR İŞIQ ÜZÜ GÖRÜB

AMEA FOLKLOR İNSTİTUTUNUN “TÜRK XALQLARININ FOLKLORU” SERİYASINDAN NÖVBƏTİ NƏŞR İŞIQ ÜZÜ GÖRÜB

16 İyun 2026, 11:13 / Nəşrlər
AMEA Folklor İnstitutunun “Türk xalqlarının folkloru” seriyası çərçivəsində növbəti nəşr – “Koblandı batır” dastanı çap olunub. İnstitutun Elmi şurasınınqərarı ilə nəşr olunan kitab türk xalqlarının ortaq epik-mədəni irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən mühüm layihələrdən biridir.
 
Nəşrin tərcüməçisi, şərhlərin və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyevadır. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərdir.
 
288 səhifədən ibarət nəşrdə qazax xalqının ən möhtəşəm qəhrəmanlıq dastanlarından biri olan “Koblandı batır”ın mətni Azərbaycan dilində təqdim edilir. Kitab üç hissədən ibarətdir. Birinci hissədə “Qazax epik ənənəsində “Koblandı batır” qəhrəmanlıq dastanı” adlı geniş tədqiqat oçerki verilmiş, dastanın yaranma tarixi, ideya-məzmun xüsusiyyətləri, variantları, ifaçılıq ənənəsi və qazax epik mühitində tutduğu yeri araşdırılır. İkinci hissədə dastanın tam orijinal mətni və tərcüməsi oxuculara təqdim olunur. Üçüncü hissədə isə “Koblandı batır” dastanının qazax folklorşünasları tərəfindən qeydə alınmış 29 variantının iyirmi altısının təsviri verilir.
 
Nəşrdə göstərilir ki, “Koblandı batır” dastanı qazax xalqının çoxəsrlik tarixi mübarizəsini, vətənpərvərlik ruhunu, döyüşkən xarakterini, milli-mənəvi dəyərlərini və dünyagörüşünü özündə əks etdirən mühüm epik abidələrdən biridir. Dastan xalqın yadelli işğalçılara qarşı mübarizəsini, qəhrəmanlıq idealını və milli özünüdərk prosesini bədii şəkildə ifadə edir.
Kitabda dastanın yazıya alınması və nəşri tarixinə də geniş yer ayrılıb. Burada Çoqan Vəlixanov, Əbubəkir Divayev, İbray Altınsarın kimi görkəmli tədqiqatçıların, eləcə də Merqenbay jırau, Marabay Kulbay ulı, Şapay Kalmaqambetov kimi məşhur dastan ifaçılarının “Koblandı batır”ın qorunub saxlanması və gələcək nəsillərə çatdırılması sahəsində xidmətləri işıqlandırılır.
 
Araşdırmada dastanın müxtəlif variantları, onların yayılma arealı, süjet xüsusiyyətləri və qazax qəhrəmanlıq eposu sistemindəki yeri elmi şəkildə təhlil edilir. Qeyd olunur ki, Qazaxıstan Elmlər Akademiyasının fondunda, eləcə də Moskvada, Kazanda, Nukusda və Orenburqda bəzi muzey və kitabxanaların arxivlərində dastanın ayrı-ayrı vaxtlarda Qazaxıstan ərazisində və ona həmsərhəd olan vilayətlərdə müxtəlif söyləyicilərdən toplanmış 29 variantı mühafizə olunur və
bu fakt onun xalq arasında geniş yayıldığını göstərir.
 
“Koblandı batır” nəşri xüsusilə orta əsrlər qazax sosial mühiti, ailə sistemi, tayfalararası münasibətlər və s. haqqında geniş məlumatlar verməklə yanaşı, həm də Azərbaycan oxucusunun türk xalqlarının zəngin epik irsi ilə daha yaxından tanış olmasına, türk xalqları arasında ortaq mənəvi-mədəni bağların öyrənilməsinə və folklorşünaslıq sahəsində aparılan elmi araşdırmaların genişlənməsinə mühüm töhfə verir.
 
Kitabla tanış olmaq üçün link.