XƏBƏRLƏR
32
Folklor İnstitutunda İslam dini ilə bağlı mərasimlərin semantik xüsusiyyətləri araşdırılıb
12 İyun 2026, 14:54 / Konfranslar, İclaslar
AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsində növbəti elmi seminar keçirilib. Seminarda şöbənin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Qalib Sayılovun “İslam dini ilə bağli mərasimlərin folklor semantikasi” mövzusunda məruzə dinlənilib.
Filologiya elmləri doktoru, dosent Qalib Sayılov çıxış edərək İslam mərasimlərinin yalnız dini ayinlər toplusu deyil, həm də dərin mənəvi, sosial və simvolik məna daşıyan mədəni-mənəvi hadisə olduğunu qeyd etmişdir. Semantik mənada həmin mərasimlərin insanın Yaradanla, cəmiyyətlə və öz daxili dünyası ilə münasibətlərini ifadə edir. Xalq bayramı Novruz etnosun bir sıra əlamətdar günlərini içərisinə alaraq təntənəli hadisəyə çevrilmişdir.
Müəllifin fikrinə görə, Azərbaycan Xalq mədəniyyətində İslam mərasimləri bir sıra ənənəvi bayramlarla qarşılıqlı təsirə malikdir. Məsələn, Novruz bayramına bir sıra İslami faktorlar daxil olduğu kimi İslami mərasimlərə də ənənəvi elementlər daxil olmuşdur. Azərbaycan müstəqillik qazandıqdan sonra xalq mərasimləri ilə yanaşı, dini mərasimlər də cəmiyyətin əsas prinsiplərinə daxil olmuşdur. İslam mərasimlərinin (Qurban və Ramazan) semantikası insanın mənəvi kamilləşməsi, Yaradanla əlaqəsi, toplumla həmrəyliyi və həyatın əsas mərhələlərinin müqəddəs məna qazanması üzərində qurulmuşdur. Bu mərasimlər dini funksiyalarla yanaşı, mədəni yaddaşın, sosial münasibətlərin və mənəvi dəyərlərin qorunub saxlanmasında mühüm rol oynayır. Elmi baxımdan onlar dini mənalar sistemi kimi öyrənilir və İslam sivilizasiyasının mühüm tərkib hissəsini təşkil edir.
Elmi seminar müzakirələrlə davam edib. Məruzələrdən sonra Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri fil.e.d., dosent Ağaverdi Xəlil, fil.ü.f.d., dosent Vəfa İbrahim, fil.ü.f.d., dosent Fidan Qasımova, fil.ü.f.d. Şəhla Hüseynli, fil.ü.f.d. Sürəyya Əlizadə, böyük elmi işçi Mətanət Xəlilova elmi seminarda təqdim olunan araşdırma ilə bağlı müxtəlif elmi fikir və qənaətlərini söyləmiş, tədqiqatçıya gələcək araşdırmalarında uğurlar arzulamışlar.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.

