Folklor resurslarının kibertəhlükəsizlik məqsədilə analizi üzrə yeni yanaşma təqdim olunub

Folklor resurslarının kibertəhlükəsizlik məqsədilə analizi üzrə yeni yanaşma təqdim olunub

10 İyun 2026, 14:03 / Konfranslar, İclaslar
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktik konfransında AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev məruzə ilə çıxış edib.
 
Alimin “Kibertəhlükəsizliyin təmin olunması məqsədi ilə internet mühitində folklor resursları əsasında fərdlərin identifikasiyası imkanlarının araşdırılması” mövzusunda təqdim etdiyi məruzə folklorşünaslıq, kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal humanitar elmlərin kəsişməsində formalaşan innovativ yanaşmanı özündə əks etdirib.
 
Məruzədə rəqəmsal transformasiyalar nəticəsində formalaşan yeni kommunikasiya mühitinin sosial münasibətlərə, kollektiv davranış modellərinə və qrup identikliyinin formalaşmasına təsiri təhlil olunub. Qeyd edilib ki, müasir rəqəmsal mühit yalnız informasiya mübadiləsinin həyata keçirildiyi texnoloji platforma deyil, eyni zamanda müxtəlif maraq və dəyərlər əsasında təşkil olunan kibersosial qrupların formalaşdığı mürəkkəb sosial-ekosistemdir.
 
Çıxışda sosial-antropoloji folklorşünaslıq yanaşmaları əsasında kibersosial mühitlərin öyrənilməsinə imkan verən yeni nəzəri-metodoloji yanaşma təqdim olunub. Bu yanaşma çərçivəsində rəqəmsal kommunikasiya proseslərində meydana çıxan kollektiv yaradıcılıq formalarının, vernakulyar məzmunun və sosial özünüifadə mexanizmlərinin kibertəhlükəsizlik kontekstində analitik imkanları təhlil edilib.
 
Təqdim olunan yanaşmada kiberməkanda fəaliyyət göstərən fərdlərin və qrupların paylaşdıqları vernakulyar məzmun, kollektiv narrativlər, dil xüsusiyyətləri, yumor modelləri, rəqəmsal folklor nümunələri və kommunikativ davranışları sosial identifikasiya üçün potensial göstəricilər sistemi kimi nəzərdən keçirilmişdir.
 
Alim bildirib ki, sosial-antropoloji folklorşünaslığın nəzəri imkanlarının böyük verilənlərin analizi, təbii dilin emalı, süni intellekt və rəqəmsal analitika texnologiyaları ilə inteqrasiyası gələcəkdə yeni tədqiqat istiqamətlərinin formalaşmasına şərait yarada bilər. Bu yanaşma rəqəmsal mühitdə fəaliyyət göstərən sosial qrupların davranış modellərinin, kommunikasiya xüsusiyyətlərinin və identiklik mexanizmlərinin öyrənilməsi üçün əlavə metodoloji imkanlar açır.
 
Məruzədə həmçinin folklorun müasir rəqəmsal cəmiyyətdə yalnız mədəni irsin və kollektiv yaddaşın daşıyıcısı kimi deyil, həm də sosial proseslərin, kommunikasiya dinamikasının və kollektiv davranış modellərinin öyrənilməsi üçün mühüm analitik resurs kimi çıxış etdiyi diqqətə çatdırılıb.
 
Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan məruzə rəqəmsal humanitar elmlər, süni intellekt, kibertəhlükəsizlik və sosial-antropoloji folklorşünaslığın kəsişməsində formalaşan yeni multidissiplinar tədqiqat istiqamətlərinə dair müzakirələrə səbəb olub.