Qərbi Azərbaycan folklorunda yaddaş, məkan və kimlik məsələləri elmi seminarda müzakirə olunub

Qərbi Azərbaycan folklorunda yaddaş, məkan və kimlik məsələləri elmi seminarda müzakirə olunub

09 İyun 2026, 17:00 / Konfranslar, İclaslar
AMEA Foklor İnstitutunun Qərbi Azərbaycan fokloru şöbəsində növbəti elmi seminar keçirilib. Hibrid formatda təşkil olunan seminarda filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev “Qərbi Azərbaycan folklorunun tədqiqi probleminin elmi-nəzəri əsasları” və filologiya üzrə fəlsəfə doktoru Nurlana Məmmədova “Qərbi Azərbaycan toponimlərində sakral məkan (pir, ocaq, dağ, su, ağac) anlayışının linqvofolkloristik təhlili” mövzusunda məruzələrlə çıxış ediblər.
İlk olaraq şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev çıxış edərək qeyd etmişdir ki, Qərbi Azərbaycan folkloru tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində formalaşmış, xalqın tarixi yaddaşını, etnik kimliyini və mənəvi dəyərlərini əks etdirən zəngin mədəni irs nümunəsidir. XX əsrdə baş vermiş deportasiya və etnik təmizləmə prosesləri nəticəsində maddi-mədəni irsin böyük hissəsi məhv edilsə də, şifahi xalq yaradıcılığı xalqın keçmişini yaşadan əsas mənbələrdən biri kimi qorunub saxlanılmışdır. Bu folklorun tədqiqində tarixi-müqayisəli, struktur-semiotik, etnopoetik, sosiolinqvistik və etnoqrafik metodlardan istifadə olunur. Xüsusilə “fəlakət (faciə) folkloru” yanaşması deportasiya və qaçqınlıq hadisələrinin folklordakı əksini araşdırmağa imkan verir.
Qərbi Azərbaycan folklorunun əsas janrlarını aşıq yaradıcılığı, bayatılar, nağıllar, əfsanələr və rəvayətlər təşkil edir. Aşıq Ələsgər kimi sənətkarların yaradıcılığı bu mühitin yüksək bədii-estetik səviyyəsini nümayiş etdirir. Folklorda vətən sevgisi, yurd həsrəti, ayrılıq və didərginlik motivləri geniş yer tutur. Toponimik folklor bölgənin tarixi coğrafiyasını və etnik yaddaşını qoruyan mühüm mənbədir. Tarixi yer adları ilə bağlı rəvayət və əfsanələr qədim toponimlərin yaşamasını təmin edir və bölgənin mədəni kimliyinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Məruzədə həmçinin folklor nümunələrinin toplanması, audio-video formatlarda qeydə alınması, rəqəmsallaşdırılması, beynəlxalq standartlar əsasında təsnif edilməsi və dünya elmi ictimaiyyətinə təqdim edilməsinin vacibliyi vurğulanmışdır. 
Daha sonra şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nurlana Məmmədovanın “Qərbi Azərbaycan toponimlərində sakral məkan (pir, ocaq, dağ, su, ağac) anlayışının linqvofolkloristik təhlili” mövzusunda etdiyi məruzə dinlənilib.
Məruzəçi qeyd edib ki, toponimlər bir xalqın tarixi keçmişini, etnik tərkibini, dünyagörüşünü və kollektiv yaddaşını yaşadan mühüm dil vahidləridir. Coğrafi adlar vasitəsilə ərazidə yaşamış əhalinin məskunlaşma tarixi, təsərrüfat fəaliyyəti və mənəvi dəyərləri haqqında qiymətli məlumatlar əldə edilir. Bu baxımdan Qərbi Azərbaycan ərazisindəki yer adları Azərbaycan türklərinin qədim yurd yerləri və mədəni irsinin daşıyıcısı kimi xüsusi aktuallıq kəsb edir. Siyasi proseslər, köçürülmələr və məqsədli adşəkilləşdirmə siyasətinə baxmayaraq, xalqın yaddaşına köçmüş bu toponimləri dildən silmək mümkün olmamışdır. 
Məruzədə qeyd olunub ki, folklor təfəkküründə pir və ocaqlar şəfaverici, bərəkət gətirən and içilən və toxunulmaz sayılan enerji məkanlarıdır. Regionda Ocaq, Ocaqqaya, Ocaqverdi, Pirəli, Pirməzrə, Pirdağ kimi adlar geniş yayılmışdır. Qeyd edilir ki, Qərbi Azərbaycanda toponimik sistemində ocaq, pir, baba, seyid komponenti olmayan kənd yoxdur. Dağ Kultu haqqında məruzədə bildirilib ki, Türk mifologiyasında dağ ucalıq, güc və Tanrıya yaxınlıq rəmzi olub, yerlə göyü birləşdirən kosmik ox rolunu oynayır. Tədqiqatçı bildirib ki, Su Kultu (Hidrolatriya) Su saflıq, dirilik və təmizləyici qüvvə kimi mifik şüurda xüsusi dəyərə malikdir. Qərbi Azərbaycanın Qırxbulaq, Şəfa bulağı, Müqəddəs bulaq kimi hidronimləri suyun sakral gücünə inamdan yaranmışdır. Burada bulağın mənbəyinə göz deyilməsi suya antropomorf bir varlıq kimi yanaşıldığını göstərir. 
Nurlana Məmmədova, həmçinin vurğulayıb ki, Ağac Kultu (Dendrolatriya) Dünya ağacı və ya Həyat ağacı mifi türklərin kosmoqonik təfəkkürünün mərkəzində dayanaraq yeraltı dünyanı, insanı və göyü birləşdirir. Qərbi Azərbaycandakı Təkağac, Qoşa ağac, Pirağac, Dağdağan, Ziyarət ağacı kimi dendronimik toponimlər bunun bariz nümunəsidir. Dağdağan və ardıc ağacları şər qüvvələri qovan magik obyektlər sayıldığı üçün coğrafi adlarda sabitləşmişdir. 
Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırıb.