Folklor İnstitutunda ovçu folklorunun janr xüsusiyyətləri müzakirə olunub

Folklor İnstitutunda ovçu folklorunun janr xüsusiyyətləri müzakirə olunub

09 İyun 2026, 14:48 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Folklorun toplanması və sistemləşdirilməsi şöbəsində növbəti elmi seminar keçirilib. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Türk xalqları folkloru şöbəsinin əməkdaşları da iştirak ediblər.

Elmi seminarda institutun aparıcı elmi işçisi Aynur Cəlilovanın “Ovçu folklorunun janr xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə ovçuluq fenomeninin folklor sistemindəki yeri geniş şəkildə təhlil olunub, ovçuluqla bağlı təsəvvürlərin Azərbaycan və türk xalqları folklorunda müxtəlif janrlarda yaşamaqda davam etdiyi vurğulanıb. Bildirilib ki, ovçu folkloru dedikdə ov motivi, ov süjeti və ovçuluq dünyagörüşü ilə bağlı elementlərin yer aldığı folklor mətnləri nəzərdə tutulur. Bu motivlər atalar sözləri, inanclar, miflər, əfsanələr, rəvayətlər, dastanlar, lətifələr və digər janrlarda müxtəlif formalarda təzahür edir.

Məruzəçi ilk olaraq ov inancları və ovçuluqla bağlı arxaik təsəvvürlərdən bəhs edib. Ov tabuları, uğurlu ov anlayışı, ov və meşə əyələri ilə bağlı inanclar, həmçinin bu mifoloji obrazların zamanla folklor mətnlərində keçirdiyi transformasiyalar diqqətə çatdırılıb. Qeyd olunub ki, ovçuluq yalnız təsərrüfat fəaliyyəti deyil, eyni zamanda sakral düşüncə sistemi ilə bağlı qədim mədəni təcrübədir və bu səbəbdən ovçuluq folklorunda mifoloji qat xüsusi əhəmiyyət daşıyır.

Seminarda ovçuluq miflərinin semantik strukturu üzərində də dayanılıb. Altay mifologiyasında yer alan “Üç mıyqak” (“Üç maral”) mifindən nümunə gətirilərək mifdə çevrilmə aktı, insan-təbiət münasibətləri və kosmoqonik düşüncə elementləri şərh olunub. Bununla yanaşı, “Kitabi-Dədə Qorqud” dastanının “Bəkil oğlu Əmranın boyu”nda əks olunan ov tabuları mifoloji təfəkkür kontekstində təhlilə cəlb edilib.

Məruzəçi ovçu folklorunda mühüm yer tutan əfsanə və rəvayət mətnlərinə də toxunub, motiv və süjetlərin variantlaşma prosesi haqqında ətraflı məlumat verib. Azərbaycan folklorunda geniş yayılan “yüzüncü ov”, “dəriyə bürünmə”, “ov əyəsinin ovçu ilə qarşılaşması”, “heyvanların dilini bilmə” kimi motivlərin müxtəlif regionlarda fərqli məzmun və struktur xüsusiyyətləri ilə yaşadığı qeyd olunub. Bu motivlərin həm mifoloji təfəkkürün izlərini qoruduğu, həm də xalqın etik-mənəvi dəyərlər sistemini əks etdirdiyi bildirilib.

Seminarda ovçu folklorunun janr problemləri ayrıca müzakirə mövzusu olub. Xatirə, əfsanə, əhvalat və rəvayət janrlarının sərhədlərinin müəyyənləşdirilməsinin, sahə araşdırmalarına söykənərək düzgün təsnif edilməsinin müasir folklorşünaslıq qarşısında duran aktual problemlərdən biri olduğu vurğulanıb. Mətnlərin yalnız süjet xüsusiyyətlərinə görə deyil, söyləyici münasibəti, icra mühiti və funksional xüsusiyyətləri əsasında qiymətləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Müzakirələr zamanı iştirakçılar tərəfindən mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, ovçu folkloruna aid mətnlərin janr xüsusiyyətlərinin dəqiq müəyyənləşdirilməsi istiqamətində elmi təklif və tövsiyələr səsləndirilib. Məruzəçinin bu istiqamətdə apardığı araşdırmaların folklorşünaslıq baxımından aktual olduğu qeyd edilərək tədqiqatların daha sistemli şəkildə davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.