XƏBƏRLƏR
Xınayaxdıdan ‘Henna Party’yə: ənənənin rəqəmsal transformasiyası elmi seminarda müzakirə olunub
AMEA Folklor İnstitutunun Rəqəmsal folklor və süni intellekt şöbəsində hibrid formatda elmi seminar keçirilib. Seminarda institut əməkdaşları ilə yanaşı, Folklor İnstitutunun doktorant və dissertantları da iştirak ediblər.
Seminarı giriş sözü ilə açan AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev müasir dövrdə rəqəmsal texnologiyaların humanitar elmlərin müxtəlif sahələrinə, xüsusilə folklorşünaslıq tədqiqatlarına göstərdiyi təsirdən bəhs edib. O qeyd edib ki, internet mühitində formalaşan və yayılan folklor hadisələrinin araşdırılması ənənəvi folklorun transformasiya mexanizmlərinin, yeni kommunikativ mühitlərdə qazandığı funksional xüsusiyyətlərin və mədəni yaddaşın müasir təzahür formalarının öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət kəsb edir.
Hikmət Quliyev folklorun rəqəmsal mühitdə yalnız qorunub saxlanılmadığını, eyni zamanda yeni semantik məzmun, təqdimat formaları və kommunikativ imkanlar qazandığını vurğulayıb. Bildirib ki, ənənəvi mədəni irsin virtual məkanda yenidən istehsalı və dövriyyəyə daxil olması folklorun dinamik təbiətini, dəyişən sosial-mədəni şəraitə adaptasiya imkanlarını və qlobal informasiya məkanında yaşarlılığını nümayiş etdirir. Direktor təqdim olunan məruzənin müasir folklor proseslərinin elmi-nəzəri aspektlərinin araşdırılması baxımından aktual olduğunu diqqətə çatdırıb.
Seminarda şöbənin kiçik elmi işçisi Cəmilə Novruzova “İnternet folkloru kontekstində xınayaxdı mərasimi: ənənəvi və virtual mühitdə” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir informasiya texnologiyalarının və internet mühitinin folklorun yaşama və yayılma formalarına təsiri məsələləri araşdırılıb, internet folklorunun ənənəvi folklorun yeni şəraitdə davamı kimi formalaşdığı qeyd olunub. Bildirilib ki, rəqəmsal kommunikasiya vasitələri folklor nümunələrinin daha geniş auditoriyalara çatdırılmasına, onların yeni forma və məzmun qazanmasına imkan yaradır.
Çıxışda Azərbaycan toy ənənələrinin mühüm tərkib hissəsi olan xınayaxdı mərasiminin sosial və mədəni funksiyaları təhlil edilib, onun keçid ritualı kimi mahiyyəti, simvolik məzmunu və kollektiv yaddaşın qorunmasındakı rolu diqqətə çatdırılıb. Qeyd olunub ki, mərasimdə istifadə olunan xına, şam, güzgü və digər atributlar xalqın qədim inanc və təsəvvürləri ilə bağlı zəngin semantik məna daşıyır.
Məruzədə həmçinin internet və qlobal mədəniyyətin təsiri altında xınayaxdı mərasiminin keçirdiyi transformasiya prosesləri araşdırılıb. Vurğulanıb ki, son illərdə sosial şəbəkələrin təsiri ilə “Henna Party” adı altında yayılan yeni təqdimat formaları ənənəvi mərasimin bir sıra elementlərini qorumaqla yanaşı, ona yeni estetik və vizual xüsusiyyətlər qazandırıb. Bu proses nəticəsində mərasim ailədaxili və lokal çərçivədən çıxaraq rəqəmsal mühitdə geniş auditoriyaya təqdim olunan mədəni hadisəyə çevrilib.
Məruzədə ənənəvi xınayaxdı ilə müasir “Henna Party” mərasimi müqayisə olunub, onların iştirakçı tərkibi, ritual elementləri, folklor mətnləri, musiqi və təqdimat formalarındakı dəyişikliklər təhlil edilib. Eyni zamanda, mövzu ilə bağlı keçirilmiş sorğunun nəticələri təqdim olunaraq müasir xınayaxdı mərasimlərinə cəmiyyətin münasibəti və sosial media təsirləri barədə məlumat verilib.
Sonda qeyd olunub ki, ənənəvi xınayaxdı və müasir “Henna Party” mərasimi bir-birinin inkarı deyil, ənənəvi xınayaxdının yeni sosial-mədəni şəraitdə davamı və transformasiya olunmuş forması kimi qiymətləndirilə bilər. Xüsusilə mərasimin “Henna party” adı altında təqdim olunması ənənəvi məzmunla qlobal mədəni kodların qarşılaşmasını əks etdirən maraqlı bir paradoks yaradır: mahiyyət etibarilə yerli mədəni təcrübə qorunub saxlanıldığı halda, onun təqdimat forması və simvolik ifadə vasitələri qlobal mədəniyyətin təsiri ilə yenidən qurulur. Qeyd olunub ki, ənənəvi xınayaxdı ilə müasir “Henna party” arasındakı əlaqə folklorun davamlılıq və dəyişmə prinsiplərinin qarşlılıqlı vəhdətdə təzahürünün nümunəsi kimi dəyərləndirilə bilər.
Daha sonra məruzə ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə AMEA Rəyasət Heyətinin elmi katibi, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Səfa Qarayev çıxışında müasir toy mərasimlərində müşahidə olunan transformasiya proseslərinin nəzəri aspektlərinə toxunub. O qeyd edib ki, ənənəvi mərasim elementləri müasir dövrdə öz ilkin funksional məzmunundan qismən uzaqlaşaraq daha çox dekorativ və performativ xarakter qazanır. Alim bu prosesi karnavalistik mühitin təsiri ilə izah edərək, ənənənin sadəcə qorunmasından deyil, eyni zamanda yenidən qurulması və yeni sosial-mədəni şəraitə uyğunlaşdırılmasından bəhs edib. Səfa Qarayev həmçinin müasir xınayaxdı mərasimlərində gender sərhədlərinin nisbətən zəifləməsi, iştirakçı tərkibinin genişlənməsi və kollektiv əyləncə formalarının yeni məzmun qazanması kimi məsələlərin folklorşünaslıq baxımından xüsusi maraq doğurduğunu vurğulayıb. O, internet və rəqəmsal mühitin mərasimlərin təqdimatına və yayılmasına təsir göstərdiyini, lakin bu təsirlərin hər bir konkret kontekst daxilində ayrıca təhlil edilməsinin vacibliyini qeyd edib.
AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Sərxan Xavəri çıxışında mədəniyyət hadisələrinin keçmişdən günümüzə qədər universal qanunauyğunluqlar əsasında inkişaf etdiyini və həmin qanunauyğunluqların rəqəmsal mühitdə də fəaliyyət göstərdiyini qeyd edib. O vurğulayıb ki, internet məkanında baş verən folklor və mədəniyyət proseslərini anlamaq üçün ənənəvi mədəni sistemlərin daxili mexanizmlərini və onların tarixi inkişaf dinamikasını nəzərə almaq vacibdir. Alim mədəniyyətin diaxron inkişaf modelinə diqqət çəkərək, müxtəlif tarixi dövrlərə, inanclara və sosial təcrübələrə aid elementlərin zamanla bir-birinə əlavə olunaraq vahid mədəni sistem formalaşdırdığını bildirib. Bu prosesi “qartopu effekti” ilə izah edən Sərxan Xavəri Novruz bayramını nümunə göstərərək, müxtəlif dini, mifoloji və tarixi qatların bir mədəni fenomen daxilində birləşdiyini qeyd edib. O, xınayaxdı mərasimi kimi ritual nümunələrinin mədəni sistemin nüvə elementləri kimi çıxış etdiyini, onların rəqəmsal mühitə daşınmasının isə yeni mədəni tendensiyaların və transformasiya proseslərinin meydana çıxmasına şərait yaratdığını vurğulayıb. Alim təqdim olunan məruzənin bu istiqamətdə aparılmış uğurlu tədqiqat nümunəsi olduğunu qeyd edərək müəllifin mövzuya yanaşmasını müsbət qiymətləndirib.
Daha sonra çıxış edən Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Almaz Həsənqızı xınayaxdı mərasimlərinin folklor və etnoqrafik xüsusiyyətlərinə toxunaraq bu sahədə apardığı uzunmüddətli müşahidə və tədqiqatların nəticələrini seminar iştirakçıları ilə bölüşüb. O qeyd edib ki, ənənəvi xınayaxdı mərasimləri yalnız haxışta və nəğmələrdən ibarət olmayıb, eyni zamanda qadınlar tərəfindən icra olunan müxtəlif oyun-tamaşa formalarını, qarşılıqlı deyişmələri və dramatik səhnələri də özündə ehtiva edib. Professor xüsusilə qadınların müxtəlif sosial rollara girərək nümayiş etdirdikləri tamaşaların mərasimin mühüm komponentlərindən biri olduğunu vurğulayıb və bu materialların folklorun performativ xüsusiyyətlərinin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib. Almaz Həsənqızı həmçinin toy mərasimlərinin regional xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyini diqqətə çatdıraraq, Azərbaycanın müxtəlif bölgələrində xınayaxdı və toy ənənələrinin forma, müddət və icra xüsusiyyətləri baxımından fərqləndiyini bildirib. Məruzədə qaldırılan məsələləri yüksək qiymətləndirən alim mövzunun gələcəkdə daha geniş müqayisəli və regional araşdırmalar əsasında inkişaf etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.
Müzakirələrdə AMEA Folklor İnstitutunun əməkdaşı Afaq Mustafayeva, institutun dissertantı Ülkər Yusifova və filologiya üzrə fəlsəfə doktoru Günay Yusifzadə çıxış edərək mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər. Çıxışlarında mövzunun aktuallığını vurğulayaraq ənənəvi mərasimlərin rəqəmsal mühitdə keçirdiyi transformasiya proseslərinin müasir folklorşünaslıq üçün mühüm tədqiqat istiqamətlərindən biri olduğunu qeyd ediblər.
Məruzə ilə bağlı müxtəlif təklif və qeydlər səsləndirilib, mövzunun gələcək tədqiqatlar üçün geniş perspektivlər açdığı bildirilib.
.jpg)
.jpg)





