Folklor və yazılı ədəbiyyat şöbəsində Hüseyn Cavid və Əbdülhəq Hamid yaradıcılığı folklor kontekstində təhlil edilib

Folklor və yazılı ədəbiyyat şöbəsində Hüseyn Cavid və Əbdülhəq Hamid yaradıcılığı folklor kontekstində təhlil edilib

05 İyun 2026, 18:59 / Konfranslar, İclaslar

İyunun 3-də AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsində növbəti elmi seminar keçirilib. Seminarda şöbənin elmi işçisi Radə Abbasovanın “Hüseyn Cavid və Əbdülhəq Hamid yaradıcılığında atalar sözləri və məsəllərə müraciət” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə bildirilib ki, Hüseyn Cavid və Əbdülhəq Hamid yaradıcılığında atalar sözləri və məsəllərə müraciət hər iki sənətkarın xalq yaradıcılığına, milli-mənəvi dəyərlərə və ümumtürk düşüncəsinə bağlılığını əks etdirən mühüm xüsusiyyətlərdəndir. Xalq hikmətinin ifadəsi olan atalar sözləri və məsəllərin H.Cavid və Ə.Hamid yaradıcılığında işlənmə xüsusiyyətləri müqayisəli şəkildə diqqətə çatdırılaraq qeyd olunub ki, H.Cavid xalq deyimlərini daha çox əsərlərinin poetik-fəlsəfi ruhuna hopdurmuş, onları bədii mətnin ideya-məzmunu ilə üzvi şəkildə birləşdirmişdir. Ədib “Hübuti-Adəm”, “Şeyx Sənan”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam”, “İblis”, “Peyğəmbər” və s. əsərlərində folklordan istifadə etməklə yanaşı, özünəməxsus deyimlər, aforizmlər də yaratmışdır. Ə.Hamid isə “Səbrü-səbat”, “İçli qız”, “Liberte”, “Zeynəb”, “Xaqan”,  Duhteri-Hindu”, “Əşbər”, “Macərayi-eşq” əsərlərində çoxlu sayda atalar sözü və məsəllərdən bəhrələnmişdir.  

Məruzədə hər iki sənətkarın xalq deyimlərindən istifadə etməklə əsərlərinin təsir gücünü artırdığı, milli təfəkkürün poetik-estetik imkanlarını nümayiş etdirdiyi, eyni zamanda romantik sənətkarlar kimi folklorun mifoloji, fəlsəfi və mənəvi qatlarından bəhrələnərək türk  dünyasının zənginliklərini bədii şəkildə ifadə etdikləri vurğulanıb.

Məruzəçi qeyd edib ki, hər iki sənətkar xalq hikmətini yalnız qoruyub yaşatmamış, onu yeni bədii-estetik məna ilə zənginləşdirərək ədəbiyyatda yüksək sənətkarlıq nümunəsinə çevirmişlər.

Elmi seminar müzakirələrlə davam edib. Təqdim olunan mövzu ətrafında fikir mübadiləsi aparılıb, məruzəçi iştirakçıların suallarını cavablandırıb.