XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşı beynəlxalq elmi konfransda Qərbi Azərbaycan irsinin qorunması ilə bağlı məruzə ilə çıxış edib
Folklor İnstitutunun əməkdaşı Folklorun toplanması və sistemləşdirilməsi şöbəsini müdiri İlkin Rüstəmzadə iyunun 4-də Bakı Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birkə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi”I beynəlxalq elmi konfransda “Qərbi Azərbaycan folkloru: tarixi proseslər fonunda etnoqrafik mühitin dağılması” mövzusunda məruz ilə çıxış etmişdir. Müəllif qeyd etmişdir ki, qərbi azərbaycanlıların ata-baba yurdlarından çıxarılması mətbuatda qeyd olunduğu kimi 1948-1952, 1988-1991-ci illərlə məhdudlaşmır, ermənilərin Qafqaza köçürülüməsi ilə paralel başlamış və 150 ildən artıq davam etmişdir. XX əsrdə bu prodses daha kütləvi hal almış, 1905, 1918-ci il hadisələri, 1948-1952, 1988-1991-ci illər deportasiyaları ilə bölgə tamam azərbaycanlılardan boşaldılmışdır. Deportasiya olunmuş qərbi azərbaycanlıların məskunlaşdırılması zamanı vahid prinsip gözlənilməmiş, insanları pərakəndə, dağınıq halda yerləşdirmişlər. Nəticədə eyni kəndin əhalisi Azərbaycanın fərqli rayonlarına səpələnmişdir. Nəinki kənd, hətta bir ailənin üzvləri belə fərqli rayonlara parçalanmışdır. Bir ağsaqqalın dediyi “qərbi azərbaycanlılar arpa unu kimi Azərbaycanın dörd bir tərəfinə dağılıb” məsəli əslində onların düşdüyü durumu ifadə edir. Məskunlaşma zamanı əhalinin tərkibinin, bölgənin etnoqrafik xüsusiyyətinin nəzərə alınmaması, fərqli kəndlərin əhalisinin bir kəndə yığılması bölgədəki folklor mühitlərinin dağılmasına səbəb olmuşdur.
Məruzədə Qərbi Azərbaycan folklorunun qızılbaş inancı əsasında formalaşdığı vurğulanır. Bu inanc sistemi insanların davranışına, mərasimlərinə və folklor nümunələrinə təsir göstərmiş, doğruluq, halallıq, dayanışma və yardımlaşma kimi dəyərlərin ön plana çıxarması səbəb olmuşdur. Şeyx Səfi buyruqlarında keçən “əlinə, dilinə və belinə sahib ol” ifadəsi onlar arasında bu gün də gözlənilir. Yaşlı insanlarla söhbət zamanı oğurluq etməyin, yalan danışmağın pis hal olduğu vurğulanır. Ona görə oğurluq edənə, yalan danışana, haram tikə yeyənə pis baxılmış, gələcək nəslə bu xüsusiyyətlərdən uzaq durmaları məsləhət görülmüşdür. Bu dəyərlər yalnız öyüd-nəsihət kimi gələcək nəslə çatdırılmayıb, eyni zamanda həmin görüşləri təbliğ edən folklor örnəkləri yaradılmış və onlar vasitəsi ilə camaat arasında təbliğ olunmuşdur. Bölgədə Həzrət Əlinin adı ilə bağlı ziyarətgahların (Çığırqan ocağı, Qaradaş ocağı, Şişin ocağı, Əli daş qılınclayan və s.), Xıdır Nəbi, Xıdır Elyas haqqında təsəvvürlərin geniş yayılması (bölgədə Xıdır Elyas ocağı mövcuddur, kiçik çilə daxilində Xıdırın gəlişi təqvim dövrü kimi bayram edilir və s.) məhz qızılbaş inancı ilə bağlıdır. Bundan əlavə bölgədə mövcud olan ziyarətgahların bir qismi Ərdəbilə bağlı seyidlərin ocağıdır. Salyan rayonunda məskunlaşımış bir seyidin “əsl seyid Naxçıvan və Ermənistan ərazisindəki seyidlərdir” fikri də bu zonadakı seyidlərin Ərdəbil ocağına bağlılığından qaynaqlanır.
Müəllif sonda qeyd etmişdir ki, folklor regional ənənələr daxilində formaşalır və inkişaf edir. Mühitindən qoparılmış folklor sudan çıxarılmış balıq kimidir, o çox uzun müddət yaşamır, tezliklə ömrünü başa vurur. Bu gün qərbi azərbaycanlılar arasında müşahidə olunan bir çox adət-ənənələrin unudulması, bayram ənənələrinin sıradan çıxması məhz bölgədəki folklor mühitlərinin dağılmasının acı nəticəsidir.

