Mifologiya şöbəsinin elmi seminarında folklorda etnik identiklik və say simvolikası məsələləri müzakirə olunub

Mifologiya şöbəsinin elmi seminarında folklorda etnik identiklik və say simvolikası məsələləri müzakirə olunub

02 İyun 2026, 10:54 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində növbəti elmi seminar keçirilib. Seminarda Mifologiya şöbəsinin elmi işçisi Fatimə Bağırovanın “Folklorda "biz və özgə"lər münasibətlər modeli” mövzusunda məruzəsi təqdim olunub.

Məruzəçi qeyd edib ki, hər bir xalqın özünəməxsus mədəniyyəti, adət-ənənələri və dünyagörüşü mövcuddur. Etnosun ilkin mədəni yaddaşı və mənəvi dəyərləri xalq ədəbiyyatında yaşayır və bu səbəbdən folklor irsinin araşdırılması xalqların soy kökünün, etnik-mədəni xüsusiyyətlərinin öyrənilməsində mühüm əhəmiyyət daşıyır.

Məruzədə vurğulanıb ki, bioloji baxımdan fərqlənməyən insan müxtəlif etnosların nümayəndəsi kimi fərqli mədəniyyətlərə, coğrafi mühitlərə, irqi və sosial xüsusiyyətlərə malik olmaqla seçilir. Folklor mətnlərində mifoloji və tarixi şüurun qarşılıqlı bağlılığı xüsusi yer tutur. İşıqlı və qaranlıq dünya təsəvvürləri, qəhrəmanların qərib diyarlara səfərləri, xarici düşmənlərlə mübarizələri kimi motivlər şüuraltında “doğma və yad” arealını formalaşdırır.

Tədqiqatçı bildirib ki, folklor mətnlərində binar oppozisiya mühüm yer tutur. Bu qarşıdurma ilkin olaraq əkizlər mifində özünü göstərir. Ülgen və Erlik, Boz ox və Üç ox kimi nümunələrdə, eləcə də əfsanə, rəvayət, nağıl və dastanlarda xeyir və şər qüvvələrinin qarşıdurması “biz və onlar” modelinin əsasını təşkil edir. Qədim türk dastanlarında da bu binar model qorunub saxlanılmışdır.

Məruzədə qeyd olunub ki, etnoslar arasında baş verən münasibətlər və qarşıdurmalar “biz və özgə” düzümünü formalaşdırır. Bu fərqlər ilk növbədə xalqların dilində, adət-ənənələrində, mərasimlərində, xalq oyunlarında və dini inanclarında özünü göstərir. Eyni davranışın müxtəlif etnoslar tərəfindən fərqli qəbul olunması da “biz və özgə” qavramının etnik şüurda möhkəmlənməsinə səbəb olur.

Fatimə Bağırova ensiklopedik abidə olan “Kitabi-Dədə Qorqud” dastanına da müraciət edərək Qazan xan ilə oğlu Uruzun dialoqunda yer alan “Yağı deyü nəyə deyirlər?” sualına verilən cavabın “biz və özgə” modelini formalaşdıran xüsusiyyətləri aydın şəkildə ortaya qoyduğunu diqqətə çatdırıb. Bildirilib ki, əsərdə əxlaq normaları, ailə dəyərləri və milli düşüncə mexanizmləri də öz əksini tapmışdır. Məruzənin sonunda qeyd olunub ki, folklorda hər hansı xalqın milli xüsusiyyətləri etnik əlamətlər kimi meydana çıxaraq “biz və özgə” modelini təşkil edir.

Daha sonra Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızının “Folklorda 7 rəqəminin simvolikası” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi əvvəlcə simvolların ümumi mənzərəsini təqdim etmiş, daha sonra say simvolikasından bəhs edərək 7 rəqəminin folklor və mifoloji düşüncədəki yerinə xüsusi diqqət yetirmişdir.

Mətanət Yaqubqızı qeyd edib ki, 7 rəqəmi yalnız mifoloji təsəvvürlərlə deyil, həm də real və elmi faktlarla bağlıdır. Məruzədə dünya xalqlarının mədəniyyətlərində və mifologiyalarında, eləcə də müqəddəs kitablarda 7 rəqəminin tutduğu yer və daşıdığı simvolik məna geniş şəkildə təhlil olunub.

Tədqiqatçı xüsusilə Azərbaycan folkloru nümunələrində 7 rəqəminin rolundan və onun real həyat gerçəklikləri ilə əlaqəsindən bəhs edib. Məruzədə aparılan təhlillər əsasında 7 rəqəmi ilə bağlı mühüm nəticələr əldə olunmuş və bu nəticələr müddəalar şəklində iştirakçıların diqqətinə çatdırılmışdır.

Sonda vurğulanıb ki, müasir texnologiyaların təqdim etdiyi məlumatlar da 7 rəqəminin universal xarakter daşıdığını təsdiqləyir. Qeyd olunub ki, bu rəqəm müxtəlif dünya xalqlarının mədəniyyətlərində mühüm rəqəmsal parametrlərdən biri kimi xüsusi yer tutur.

Məruzələr seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.