XƏBƏRLƏR
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhər folklorunun tədqiqinin nəzəri və metodoloji əsasları müzakirə olunub
AMEA Folklor İnstitutunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamının icrasına həsr olunmuş “Şəhər folkloru: sosial kimlik kontekstində kollektiv yaddaş” mövzusunda elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışıb. O qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra həyata keçirilən genişmiqyaslı yenidənqurma prosesi, Böyük Qayıdış konsepsiyası və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri ölkənin strateji inkişaf istiqamətlərindən birini təşkil edir. Bildirilib ki, 2030-cu ilədək sosial-iqtisadi inkişaf prioritetləri sırasında yer alan Böyük Qayıdış proqramı yalnız fiziki infrastrukturun bərpasını deyil, həm də əhalinin reinteqrasiyasını və sosial-mədəni mühitin yenidən formalaşdırılmasını əhatə edir.
Direktor vurğulayıb ki, şəhərsalma və memarlıq məsələləri müasir dövrdə yalnız tikinti və urbanizasiya ilə məhdudlaşmır, eyni zamanda kollektiv yaddaş, mədəni identiklik və sosial münasibətlər sisteminin formalaşmasına təsir göstərir. Bu baxımdan şəhər mühitinin humanitar aspektlərdən araşdırılması xüsusi əhəmiyyət daşıyır.
Daha sonra Hikmət Quliyev “Sosial-mədəni transformasiya və kommunikativ dinamika müstəvisində şəhər folkloru” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə şəhər folklorunun Azərbaycanda kifayət qədər sistemli şəkildə araşdırılmadığı, folklorşünaslıqda tədqiqatların əsasən kənd mühiti üzərində qurulduğu qeyd olunub. Alim bildirib ki, şəhər folkloru ayrıca sosial-mədəni və kommunikativ mühit kimi öyrənilməli, urbanizasiya, miqrasiya və sənayeləşmə prosesləri kontekstində təhlil edilməlidir.
Məruzəçi diqqətə çatdırıb ki, 2016-cı ildən etibarən internet folkloru istiqamətində aparılan araşdırmalar zamanı şəhər folklorunun nəzəri problemləri və bu sahədəki elmi boşluqlar daha aydın müşahidə olunub. Xarici folklorşünaslıqda, xüsusilə Amerika və Avropa tədqiqatlarında şəhər folklorunun ayrıca istiqamət kimi araşdırıldığı qeyd edilərək, Azərbaycan folklorşünaslığında bu sahənin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Çıxışda şəhər folklorunun tədqiqində disiplinlərarası yanaşmanın əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, şəhər folklorunun araşdırılması zaman urbanizasiya, demoqrafik dəyişikliklər, sosial-iqtisadi proseslər və miqrasiya məsələləri də diqqət mərkəzində saxlanılmalı, folklorşünaslıqla yanaşı, kulturologiya, sosiologiya və digər humanitar istiqamətlərin imkanlarından istifadə edilməlidir. Alim şəhər folkloru probleminə yanaşmada informasiya və sənaye inqilablarının rolundan, xüsusilə də elmi-texnoloji tərəqqinin sosial-mədəni sferaya təsirindən bəhs edib.
Hikmət Quliyev Bakının XIX əsrin 70-ci illərindən başlayaraq neft sənayesinin inkişafı ilə böyük sənaye şəhərinə çevrilməsinin yeni sosial münasibətlər və sosial-mədəni klasterlər yaratdığını, həmin mühitin özünəməxsus folklorunun ortaya çıxdığını vurğulayıb. Alim qeyd edib ki, neft sənayesinin meydana gəlməsi, milli mətbuatın, teatrın formalaşması şəhər həyatının daha da canlanmasına, burada kənd mühitindən fərqli sosial qrupların, submədəniyyətlərin ortaya çıxmasına, nəticə etibarı ilə şəhərin özünəməxsus semiosferinin formalaşmasına təsir etmişdir. Məruzədə qeyd olunub ki, Azərbaycanda şəhər sosial-mədəni mühitinin öyrənilməsi üçün XIX əsrin sonları və XX əsrin əvvəllərində nəşr olunan qəzet və jurnalların, həmin dövrlərdə meydana gələn və yaxud həmin dövrləri təsvir edən bədii əsərlərin, arxiv materiallarının və tarixi sənədlərin sistemli şəkildə öyrənilməsinə ehtiyac vardır.
Sonda alim şəhər folklorunun, internet folklorunun və urban mədəniyyətin tədqiqinin gələcək folklor araşdırmalarının prioritet istiqamətlərindən biri olduğunu bildirib, bu sahədə yeni nəşrlərin və elmi tədqiqatların əhəmiyyətini vurğulayıb.
Daha sonra Folklor nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayat “Polisentrik kültür paradiqmasında şəhər folkloru” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə şəhər folklorunun formalaşma mexanizmləri, urbanizasiya prosesləri, sənaye inqilablarının sosial-mədəni mühitə təsiri və müxtəlif etnik-mədəni qrupların qarşılıqlı əlaqəsi nəticəsində yaranan yeni folklor modelləri təhlil olunub.
Məruzəçi bildirib ki, şəhər folkloru xüsusilə Birinci sənaye inqilabından sonra sürətlənən sənayeləşmə və daxili miqrasiya proseslərinin təsiri altında formalaşıb. Kənd folklorunun daha çox homogen və monomərkəzli xarakter daşıdığını qeyd edən alim, şəhər folklorunun isə çoxmərkəzli (polisentrik), dinamik və heterogen struktur üzərində qurulduğunu vurğulayıb. Müxtəlif bölgələrdən şəhərlərə köç edən insanların öz mədəni yaddaşlarını və folklor elementlərini yeni mühitə daşıması nəticəsində yeni folklor formalarının yarandığı diqqətə çatdırılıb.
Füzuli Bayat qeyd edib ki, “şəhər folkloru” anlayışı elmi dövriyyədə əsasən 1960-cı illərdən geniş işlədilməyə başlayıb və bu istiqamətdə aparılan araşdırmalar sonrakı dövrlərdə sistemli xarakter alıb. ABŞ-da şəhər folklorunun toplanması və arxivləşdirilməsi üzrə tədqiqatlara daha erkən başlanıldığı halda, Avropada bu sahəyə maraq xüsusilə 1980–1990-cı illərdə güclənib. Türkiyədə şəhər folkloru istiqamətində nəzəri və tətbiqi araşdırmalar 1980-ci illərin sonu – 1990-cı illərdə intensivləşib. Məruzədə vurğulanıb ki, Azərbaycanda şəhər folkloru ilə bağlı ayrı-ayrı tədqiqatlar mövcud olsa da, bu istiqamətin nəzəri əsasları hələ kifayət qədər sistemləşdirilməyib.
Alim şəhər folklorunun şifahi, vizual və rəqəmsal formalarını xarakterizə edərək qrafitilər, internet folkloru, şəhər əfsanələri, çayxana söhbətləri, kafe və ictimai məkanlarda formalaşan ünsiyyət modellərinin bu mühitin mühüm komponentləri olduğunu bildirib. Eyni zamanda nostalji məkanların yenidən qurulması, tarixi məkan obrazlarının kommersiya və gündəlik həyat müstəvisində istifadəsinin də şəhər folklorunun müasir təzahürlərindən biri olduğu qeyd edilib.
Məruzədə şəhər folklorunun kollektiv yaddaşın qorunması, sosial kimliyin formalaşdırılması və mədəni identikliklərin qurulması baxımından əhəmiyyəti xüsusi vurğulanıb. Professor Füzuli Bayat şəhər folklorunun araşdırılmasının yalnız keçmişin öyrənilməsinə deyil, həm də cəmiyyətin mədəni özünüdərkinin formalaşmasına xidmət etdiyini bildirib.
Sessiyada Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəmqızı “Hüseynqulu Sarabski və Bakı folkloru” adlı məruzə ilə çıxış edib. Məruzədə Bakı şəhər folklor mühitinin formalaşması, onun Azərbaycan folklorşünaslığında uzun müddət diqqətdən kənarda qalması məsələləri və bu istiqamətdə aparılan ilk sistemli araşdırmalar geniş şəkildə təhlil olunub. Müəllif göstərib ki, sovet dövründə folklor əsasən kənd mühiti ilə əlaqələndirilmiş, şəhər folkloru isə “asfalt üzərində folklor yaranmaz” yanaşması səbəbindən lazımi səviyyədə öyrənilməmişdir. Bununla belə, Hüseynqulu Sarabski, Hənəfi Zeynallı, Rəxşəndə Babayeva kimi tədqiqatçıların fəaliyyəti Bakı folklorunun zəngin və müstəqil bir şəhər folklor sistemi olduğunu sübut edir.
Məruzədə xüsusilə Hüseynqulu Sarabskinin “Köhnə Bakı” əsəri əsas mənbə kimi təqdim edilib. Müəllif qeyd edib ki, Sarabskinin təsvir etdiyi hadisələr yazıçı fantaziyası deyil, müəllifin İçərişəhərdə keçən uşaqlıq və gənclik illərinin canlı müşahidələridir. Bu səbəbdən “Köhnə Bakı” yalnız memuar deyil, həm də etibarlı etnoqrafik və folklor qaynağı hesab olunur. Əsərdə Novruz mərasimləri, “Qələndər”, “Kosaldıqaç”, “Oğru-oğru”, “Aşıq-aşıq”, “Fincan-fincan” kimi oyunlar, toy adətləri, bağ həyatı, dini mərasimlər və məhəllə əyləncələri geniş şəkildə təsvir edilir.
Tədqiqatda Bakı toylarının sosial təbəqələrə görə fərqlənməsi də diqqətə çatdırılır. “Dövlətli toyu”nun yeddi gün davam etməsi, meyxana deyişmələri, “Şahsevən” oyunları və toy məclislərində qoçuların iştirakı urban folklorun mühüm elementləri kimi təqdim olunur. Bununla yanaşı, “Kasıb toyu”nda məhəllə həmrəyliyi, ortaq məkanlardan istifadə və İran mənşəli mütrüblərin iştirakı şəhər həyatının sosial-mədəni dinamikasını göstərir.
Araşdırmada qadın folkloruna dair maraqlı materiallar da yer alır. Hamam mədəniyyəti yalnız gigiyenik məkan kimi deyil, qadınların sosiallaşdığı, qız bəyənmə və münasibət qurma funksiyası daşıyan mühüm folklor məkanı kimi təhlil edilir. “Hamam suyu ilə dost tutmaq” ifadəsinin mənşəyi, qadınların hamam geyimləri, zinət əşyaları və burada baş verən məzəli hadisələr Bakı məişət folklorunun canlı nümunələri kimi təqdim olunur.
Məruzənin ən maraqlı hissələrindən biri Bakı qoçuları və qaçaq obrazlarının folklor kontekstində araşdırılmasıdır. Müəllif qoçuluğu sadəcə kriminal hadisə deyil, şəhər kişi subkültürünün və məhəllə folklorunun xüsusi forması kimi xarakterizə edir.
Afaq Ramazanova öz məruzəsini əslən Bakıdan olan görkəmli karikaturaçı rəssam Əzim Əzimzadənin Hüseynqulu Sarabskinin “Köhnə Bakı” əsərinə çəkdiyi illüstrasiyalar əsasında qurmuşdur. Məruzədə Əzimzadənin rəsmləri vasitəsilə köhnə Bakının toy mərasimləri, məhəllə həyatı, qoçular, hamam mədəniyyəti, xalq oyunları və şəhər əyləncələri vizual folklor nümunələri kimi təqdim edilmiş, bu təsvirlərin Bakı şəhər folklorunun kollektiv yaddaşının qorunmasında mühüm rol oynadığı vurğulanmışdır. Sarabskinin mətnləri ilə Əzimzadənin satirik və realist təsvirlərinin vəhdəti qədim Bakı mühitinin sosial-mədəni mənzərəsini daha canlı şəkildə canlandırmağa imkan yaratmışdır.
Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, şəhər folklorunun kollektiv yaddaşın qorunması, sosial kimliyin formalaşması və müasir mədəni proseslərin öyrənilməsi baxımından əhəmiyyəti müzakirə olunub.
Elmi sessiya iştirakçıların sualları və müzakirələrlə başa çatıb.













