Folklorşünas alimlərin kitabları VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təqdim olunub

Folklorşünas alimlərin kitabları VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təqdim olunub

25 May 2026, 19:22 / Mühüm hadisələr

AMEA-nın Əsas binasının önündə yerləşən Elmlər Akademiyası parkında keçirilən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (VI LitBookFest) çərçivəsində AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə təqdimat və müzakirə paneli baş tutub. Panelə moderatorluq edən AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxışında festival iştirakçılarını salamlayaraq, son illərdə türk dünyasının elmi-mədəni inteqrasiyasının yeni mərhələyə qədəm qoyduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 fevral 2024-cü ildə keçirilən andiçmə mərasimində səsləndirdiyi “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikrinin ortaq mədəni yaddaş və türk birliyi ideyasının konseptual ifadəsinə çevrildiyini vurğulayıb. Alim qeyd edib ki, Prezidentin 22 oktyabr 2025-ci il tarixli “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı türkoloji fikrin inkişafına verilən dövlət dəstəyinin növbəti təzahürüdür və türk xalqlarının ortaq elmi-mədəni irsinin yenidən aktuallaşdırılmasına xidmət edir.

Çıxış zamanı bildirilib ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı yalnız ədəbiyyat və kitab mühiti deyil, həm də türkologiya, folklorşünaslıq və mədəni irs tədqiqatları üçün mühüm müzakirə platformasıdır. Hikmət Quliyev çıxışında festivalın təşkilinə göstərilən dəstəyə görə AMEA rəhbərliyinə və Azərbaycan Yazıçılar Birliyinə təşəkkürünü bildirərək, belə elmi-mədəni platformaların türk dünyasının ortaq ədəbi və mənəvi dəyərlərinin təşviqində mühüm rol oynadığını vurğulayıb.

Hikmət Quliyev AMEA Folklor İnstitutunda son illər aparılan multidissiplinar tədqiqatları, rəqəmsal transformasiyalar və internet folkloru, kollektiv yaddaş və milli kimliklə bağlı araşdırmaları xatırladaraq bu işlərin folklorun müasir elmi metodologiyalar əsasında öyrənilməsinə yeni imkanlar açdığını diqqətə çatdırıb.

Sonra söz Mifologiya şöbəsinin müdiri professor Seyfəddin Rzasoya verilib. O, çıxışında təqdim olunan elmi nəşrlər barədə məlumat verərək “Dədə Qorqud” araşdırmaları ilə bağlı son dövrdə əldə etdiyi bir sıra elmi nəticələri diqqətə çatdırıb. Alim qeyd edib ki, təqdim olunan kitablar “Dədə Qorqud” eposunun müxtəlif semantik qatlarının, ritual-mifoloji strukturlarının müasir elmi yanaşmalarla təhlilinin nəticəsidir.

Seyfəddin Rzasoy bildirib ki, “Dədə Qorqud” mətninin yalnız görünən süjet qatları deyil, həm də gizli ritual, mifoloji və simvolik təbəqələri mövcuddur və bu qatların öyrənilməsi xüsusi metodoloji yanaşmalar tələb edir. Alim uzun illər ərzində həyata keçirdiyi ritual-mifoloji rekonstruksiya araşdırmalarından söz açaraq “Qəhrəmanın ölüb-dirilməsi”, “Şaman qəhrəmanın xaos dünyasına yolçuluğu”, “Salur Qazanın Təpəgözü öldürməsi” və digər mövzuları əhatə edən beşcildlik “Dədə Qorqud” tədqiqatlarını təqdim edib. Bildirilib ki, sözügedən nəşrlərdə dastanın görünən və görünməyən semantik qatları, inisiasiya mərasimləri, qəhrəman transformasiyaları və Oğuz mifoloji düşüncə sistemi elmi şəkildə təhlil olunub. Professor tədbir iştirakçılarına bu əsərlərin “Dədə Qorqud”un daha dərin qatlarının anlaşılması baxımından əhəmiyyətini izah edib.

Çıxış zamanı müasir “Dədə Qorqud” araşdırmalarında filoloji təhlil, psixoanalitik yanaşmalar və rəqəmsal folklor istiqamətlərinin qarşılıqlı şəkildə inkişaf etdirilməsinin vacibliyi də vurğulanıb. S.Rzasoy qeyd edib ki, folklor nümunələrinin rəqəmsallaşdırılması, elmi məlumat bazalarının yaradılması və yeni texnoloji imkanlardan istifadə milli yaddaşın qorunması üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, “Dədə Qorqud” yalnız keçmişin abidəsi deyil, müasir dövrdə yenidən oxunmalı, araşdırılmalı və gələcək nəsillərə çatdırılmalı olan canlı mədəni sistemdir.

Daha sonra AMEA Rəyasət Heyətinin elmi katibi, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Səfa Qarayev çıxış edərək Türkiyədə nəşr olunan“Dede Korkut Oğuznamesi: Metaforlar ve Psikoanalitik Çözümlemeler”  kitabı haqqında geniş məlumat verib. O bildirib ki, kitabında geniş şəkildə təhlil olunan əsas semantik vahidlərdən biri “hökmdar” metaforasıdır. Alimin sözlərinə görə, bu metafora yalnız epik mətnlər üçün deyil, ümumilikdə arxaik mədəniyyətlərin struktur özünütəşkilində mühüm rol oynayan simvolik komponent kimi araşdırılıb. Kitabda hökmdar obrazının sosial normaların qorunması, kosmik nizamın sabitliyinin təmin edilməsi və mifik-simvolik sistemin bütövlüyünün saxlanılmasındakı funksiyaları təhlil olunub. S.Qarayev qeyd edib ki, psixoanalitik metod əsasında aparılan araşdırmalar folklordakı hökmdar obrazlarının prototip əsasını yalnız sosial idarəçilik modeli ilə deyil, daha dərin qatda ailə başçısı funksiyasını daşıyan ata obrazı ilə əlaqələndirməyə imkan verir. Bildirilib ki, bu yanaşma əsasında “hökmdarın taxtdan salınıb yenidən taxta çıxarılması” motivinin “Kitabi-Dədə Qorqud”da da simvolik şəkildə əks olunduğu müəyyənləşdirilib, həmin motivin eposun süjet quruluşunu, obrazlar sistemini və motivlər şəbəkəsini şərtləndirən mühüm semantik qat olduğu ortaya qoyulub.

Səfa Qarayev vurğulayıb ki, “Dədə Qorqud”un dərin semantik qatlarını anlamaq üçün metaforik düşüncə əsas açarlardan biridir. O qeyd edib ki, kitabda irəli sürülən əsas elmi nəticələrdən biri “Kitabi-Dədə Qorqud”da qəhrəman statusuna keçidin və igidliyin təqdimatının ata ilə konflikt kontekstində gerçəkləşməsi ilə bağlıdır. Alim bildirib ki, eposda bu məqam igidliyin Edip kompleksinin ambivalent təbiəti fonunda aktuallaşması ilə müşahidə olunur. Onun sözlərinə görə, araşdırmada ərgənlik dövrünün keçid statusunu ifadə edən “dəlilik” anlayışı da ata gücünün tabeedici mahiyyətinə qarşı yönəlmiş etiraz forması kimi şərh edilib. S.Qarayev vurğulayıb ki, aparılan təhlillər dəliliyin psixosemantik əsasını məhz Edip kompleksi çərçivəsində ata ilə konfliktin təşkil etdiyini göstərir. Bildirilib ki, bu baxımdan dəlilik ata ilə qarşıdurmanın xüsusi rakursu kimi meydana çıxır və onun daxilindəki ikili semantika – həm igidlik, həm də axmaqlıq çaları – məhz həmin konflikt müstəvisində formalaşan məzmundan qaynaqlanır.

Çıxışının sonunda tədqiqatçı alim qeyd edib ki, müxtəlif tarixi dövrlər və elmi yanaşmalar “Dədə Qorqud”un mənalarını yenidən formalaşdırır və bu səbəbdən mətn daim yeni metodologiyalar əsasında araşdırılmalıdır.

Daha sonra filologiya elmləri doktoru Hikmət Quliyev rəqəmsal transformasiyalar, informasiya və sənaye inqilabları kontekstində xalq biliyinin mədəni dinamikası barədə danışıb. Alim qeyd edib ki, bəşəriyyət tarixində kommunikasiya texnologiyalarının və informasiya daşıyıcılarının dəyişməsi, şifahi ənənədən yazıya, yazıdan rəqəmsal mühitə keçid yalnız texniki yenilənmə prosesi deyil, həm də sosial münasibətlərin, kollektiv yaddaşın və bilik istehsalı mexanizmlərinin yenidən təşkil olunmasıdır. Onun sözlərinə görə, kommunikasiya texnologiyaları sadəcə ötürücü vasitə deyil, eyni zamanda insan birliklərini, kollektiv davranış modellərini və “xalq” anlayışının özünü transformasiya edən aktiv sosial mühit funksiyası daşıyır.

H.Quliyev bildirib ki, rəqəmsal transformasiya nəticəsində folklorun daşıyıcı mühiti dəyişdikcə xalq biliyinin yaranma, ötürülmə və yayılma mexanizmləri də yeni xarakter qazanır. Alimin fikrincə, müasir dövrdə əsas məsələlərdən biri baş verən bu transformasiyaların folklor müstəvisində elmi və nəzəri aspektdən dəyərləndirilməsidir.

Çıxış zamanı Hikmət Quliyev vurğulayıb ki, folklor rəqəmsal mühitə keçdikdə öz mahiyyətini itirmir, əksinə, yeni kommunikasiya şərtlərində fərqli ifadə formaları qazanaraq yaşamağa davam edir. Onun sözlərinə görə, ənənəvi folklor elementləri, atalar sözləri, lətifələr, mifoloji motivlər və qəhrəman obrazları – Dədə Qoqrduq, Koroğlu, Molla Nəsrəddin və s. sosial şəbəkələrdə internet mühitində yenidən istehsal olunur. Direktor qeyd edib ki, bu proses folklorun deformasiyası kimi deyil, onun semantik və simvolik potensialının yeni kommunikasiya mühitində reaktuallaşdırılması kimi qiymətləndirilməlidir.

Çıxış zamanı H.Quliyev süni intellekt texnologiyalarının folklorşünaslıq üçün yaratdığı yeni imkanlara da toxunub. O bildirib ki, milli folklor bazalarının rəqəmsallaşdırılması, məlumatların strukturlaşdırılması və süni intellekt vasitəsilə təhlili gələcək tədqiqatların mühüm istiqamətlərindən biri olacaq. Direktorun sözlərinə görə, bu yanaşmalar folklorun yalnız mətn səviyyəsində deyil, onun sosial konteksti, regional xüsusiyyətləri, motiv sistemləri, söyləyici mühiti və kommunikativ dinamikasının daha dərin şəkildə öyrənilməsinə imkan yaradır.

Hikmət Quliyev çıxışının sonunda qeyd edib ki, müasir folklorşünaslığın əsas vəzifələrindən biri ənənəvi folklor irsini yeni metodoloji yanaşmalar əsasında yenidən tədqiq etməklə yanaşı, rəqəmsal mühitdə yaranan yeni folklor formalarını, internet lətifələrini, memləri, virtual kommunikasiya praktikalarını və süni intellekt iştiraklı folklor yaradıcılığı nümunələrini də elmi dövriyyəyə daxil etməkdir.