XƏBƏRLƏR
Folklor və yazılı ədəbiyyat şöbəsində paremiologiya və nağıl formullarına dair məruzələr müzakirə olunub
AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsində növbəti elmi seminar keçirilib. Seminarda əvvəlcə şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımovanın “XIX əsr Azərbaycan dramaturgiyasında paremioloji vahidlərin ideya-bədii xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi qeyd edib ki, XIX əsr Azərbaycan dramaturgiyasının inkişaf yolunda diqqəti cəlb edən əsas məsələ maarifçilik ideyalarının təbliği idi. Bu yöndə əsərlər ərsəyə gətirən Azərbaycanın görkəmli maarifçi ədəbiyyat nümayəndələri də dünyada gedən maarifçilik ideyalarının təbliği prosesinə öz əsərləri ilə qoşulurdular. XIX əsrin əvvəllərində Abbasqulu ağa Bakıxanov, daha sonralar Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və başqaları əsərləri vasitəsilə Azərbaycan ədəbiyyatında maarifçilik ideyalarının təbliğində misilsiz xidmətlər göstərmişlər. Bu görkəmli şəxsiyyətlər sözügedən ideyanın təbliğini əsərlərində xəlqiləşməyə meyil etməklə həyata keçirirdilər. Başqasözlə desək, əsərlərinə folklor örnəklərini gətirməklə maarifçilik ideyalarını xalqa onun öz dilində çatdırırdılar. Həmin örnəklər sırasında paremioloji vahidlərdən əsərə əsas qayə seçilməsi, onlardan əsərin obrazlarının fərdiləşmə və tipikləşməsinin icrasında, hadisələrin xarakterinin açılmasında daha çox istifadə edilirdi.
Məruzədə, əsasən, M.F.Axundzadə, Ə.Haqverdiyevin əsərlərində paremioloji vahidlərin işlənmə xüsusiyyətlərindən, bu vahidlərin obrazların xarakterinin açılmasında, ictimai və tarixi problemlərin ifadəsində rolu və əhəmiyyətindən bəhs olunub.
Daha sonra elmi işçi Gülnar İsmayılova “Müstəqillik dövrü hekayələrində nağıl zamanı və məkan formulu” mövzusunda məruzəsini təqdim edib.
Məruzədə bildirilib ki, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mərhələləşməsi prosesi ayrıca bir dövrü əhatə etməkdədir. 1960-1970-ci illər ədəbiyyatının psixoloji mövqeyi, sənətdə insan amilinin yenilənməsi, sosioloji problemlərin aktuallaşması birmənalı şəkildə müstəqillik dövrü ədəbiyyatına da öz təsirini göstərir.
Əsərlərin zaman kateqoriyasına diqqət yetirən məruzəçi qeyd edib ki, zaman anlayışı bədii mətnin yaranması – burada baş verən hadisələrin vaxtını, qəhrəmanların tarixi mövqeyini əks etdirməsi baxımından seçilir. Sözügedən dövr Azərbaycan nəsrində Anar, Kamal Abdulla, İlqar Fəhmi, Elçin Hüseynbəyli, Orxan Fikrətoğlu, Seyran Səxavət və başqa nasirlərin yaradıcılığında postmodernizm əsasında mətn işarələnmələrinin çoxsaylı nümunələrini müşahidə etmək mümkündür. Nağıl dekonstruksiyaları – nağılın məzmun, süjet, forma, zaman və məkan dəyişdirilməsi isə bilavasitə nağıl zamanını konkret hekayə mətnlərində davam etdirir, kodlaşdırılmış, eləcə də dekonstruksiya edilmiş mətn laylarında nağıl motivləri diqqət mərkəzində olur.
Gülnar İsmayılova, həmçinin vurğulayıb ki, Müstəqillik dövrü Azərbaycan hekayələrində məkan formulunun ən maraqlı nümunəsi dekonstruksiya olunmuş əsərlərin yeni nəsrə gətirilməsi və nəticə etibarilə məkanın yenilənməsidir. Bu dövr hekayələrinin zaman və məkan formulunun qeydə alınan nümunələrindən də göründüyü kimi burada modernizmdən irəli gələn tələblər bədii mətnlərin zaman və məkan tərəflərini daha çox diqqət mərkəzində saxlayır. Nağıl zamanına uyğun məkan, yaxud məkanın fantastik yerlə əvəzlənməsi nəticə etibarilə yeni nəsrin xronotop göstəricisidir.
Elmi seminar müzakirələrlə davam edib. Təqdim olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb, məruzəçilər iştirakçıların suallarını cavablandırıblar.




