“Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” beynəlxalq elmi simpoziumunun materialları nəşr olunub

“Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” beynəlxalq elmi simpoziumunun materialları nəşr olunub

22 May 2026, 16:18 / Nəşrlər

AMEA Folklor İnstitutu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə 25-26 sentyabr 2025-ci il tarixində keçirilmiş “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” mövzusunda beynəlxalq elmi simpoziumun materialları AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə nəşr olunub.

Nəşrdə simpozium çərçivəsində təqdim olunan ümumilikdə 52 elmi məruzə yer alıb. Məruzələrdə türk xalqlarının ortaq mədəni irsi, aşıq yaradıcılığı, musiqi ənənələri, folklor və milli yaddaş, mədəni kodların qorunması və ötürülməsi, eləcə də Türk dünyasının mənəvi-mədəni dəyərlərinin müxtəlif aspektləri araşdırılıb.

Xatırladaq ki, beynəlxalq simpozium sentyabrın 25-də AMEA-nın Əsas binasının Dairəvi konfrans zalında öz işinə başlamışdı. Tədbirin açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti prof. Dr. Aktotı Raimkulova, Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi, Milli Məclisin deputatları, AMEA-nın elmi müəssisə və təşkilatlarının rəhbərləri, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan alimlər, eləcə də media nümayəndələri iştirak etmişdilər.

Simpozium materiallarının nəşri türk dünyasının ortaq mədəni dəyərlərinin elmi əsaslarla öyrənilməsi, bu istiqamətdə aparılan tədqiqatların geniş auditoriyaya çatdırılması və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur. Toplu folklorşünaslıq, musiqişünaslıq, kulturologiya və türkoloji araşdırmalar sahəsində çalışan mütəxəssislər üçün mühüm elmi mənbədir.

Qeyd edək ki, 464 səhifə həcmində olan konfrans materialları “Elm” nəşriyyatında işıq üzü görüb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Hikmət Quliyev, tərtibçisi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəmqızıdır.

Kitabla tanış olmaq üçün link.