XƏBƏRLƏR
Mifologiya şöbəsində doğum ritualları və folklorda ekoloji düşüncə mövzularında məruzələr dinlənilib
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində növbəti elmi seminar keçirilib. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Aşıq yaradıcılığı və Mərasim folkloru və milli kulinariya ənənəsi şöbələrinin əməkdaşları da iştirak ediblər.
Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova elmi seminarda “Doğum rituallarında mifoloji varlıqların funksional semantikası” adlı məruzə ilə çıxış edib.
Məruzədə bildirilib ki, türk xalqları folklorunda doğum yalnız bioloji hadisə deyil, həm də sakral və mifoloji məna daşıyan mühüm keçid mərhələsidir. Qeyd olunub ki, xalq inanclarında doğum zamanı ana və körpə “açıq” və “həssas” vəziyyətdə qəbul edilir və bu səbəbdən müxtəlif fövqəltəbii qüvvələrin təsirinə məruz qala biləcəklərinə inanılır.
Dosent Məleykə Məmmədova çıxışında doğum ritualının mifoloji mahiyyətindən bəhs edərək Arnold van Gennepin keçid ritualı nəzəriyyəsinə toxunub. O vurğulayıb ki, türk mifoloji düşüncəsində doğum mərhələsi xüsusilə keçid statusu ilə bağlı olduğundan demonoloji təhlükələrin artdığı zaman hesab edilmişdir.
Məruzədə Al qarısı (Hal anası, Al arvadı, Albastı, Qulyabani və b.) və Cin dəyişəyi obrazlarının funksional semantikası geniş şəkildə təhlil olunub. Bildirilib ki, bu demonoloji varlıqlar xalq təsəvvüründə zahını və körpəni təhlükəyə məruz qoyan qüvvələr kimi qəbul edilmiş, doğum qorxusunun və qadının müdafiəsiz vəziyyətinin mifoloji simvoluna çevrilmişdir. Bununla bağlı olaraq doğumdan sonra zahının qırx gün tək buraxılmaması, otaqda işığın açıq saxlanılması, bıçaq, dəmir və Qurani-Kərimin qoruyucu vasitə kimi istifadə olunması kimi ritual praktikaların formalaşdığı diqqətə çatdırılıb.
Seminarda həmçinin Umay ana kultundan bəhs olunub. Məruzəçi qeyd edib ki, qədim türk mifoloji sistemində Umay ana uşaqların və anaların qoruyucu ruhu hesab olunur. Onun məhsuldarlıq, bərəkət və ilahi ana arxetipini təcəssüm etdirdiyi vurğulanıb.
Sonda qeyd olunub ki, doğum ritualda yer alan mifoloji varlıqlar türk xalqlarının arxaik dünya modeli, kollektiv yaddaşı və sakral düşüncə sisteminin mühüm göstəricilərindən biridir.
Daha sonra Mifologiya şöbəsinin böyük elmi işçisi Aydın Mustafayev “Folklor mətnlərində təbiət: müasir ekoloji problemlər kontekstində” mövzusunda məruzə edib. O bildirib ki, folklor cəmiyyətin təbiətlə bağlı mifoloji düşüncə sistemini əks etdirən zəngin qaynaqdır. Aydın Mustafayev qeyd edib ki, folklor mətnlərində təbiət obrazları yalnız real mühitin təsviri funksiyasını daşımır, eyni zamanda semantik, simvolik və mənəvi məna yükü daşıyan bədii komponentlər kimi çıxış edir.
Məruzədə vurğulanıb ki, bəzi mətnlərdə dağlar, ağaclar, güllər, çiçəklər və digər təbiət ünsürləri antropomorflaşdırılmış qüvvələr kimi təqdim olunaraq animistik təsəvvürləri əks etdirir, təbiətə zidd davranışların mənfi nəticələri obrazların dili ilə göstərilir və insanın təbiətlə harmoniyada yaşaması ideyası ön plana çəkilir.
A.Mustafayev çıxışında bildirib ki, sivilizasiyaları yaşamış xalqlar özlərini təbiətin bir parçası hesab etmiş və bu yanaşma mifoloji şüurda özünəməxsus şəkildə əks olunmuşdur. O, Günəş kultunun yaradıcı güc, istilik və enerji mənbəyi kimi müqəddəsləşdirildiyini, qədim türklərin inanc sistemində torpağın canlılıq, bərəkət və həyat mənbəyi kimi mifoloji dəyər qazandığını diqqətə çatdırıb.
Məruzəçi əlavə edib ki, əkinçilik həyatında məhsuldarlığın təmin olunması məqsədilə müxtəlif qurbanvermə ayinlərindən istifadə olunmuş və bununla kosmik harmoniyanın qorunduğuna inanılmışdır.
Məruzənin sonunda vurğulanıb ki, təbiətə, o cümlədən bitki örtüyünə, bulaqlara, torpağa, fauna və floraya qayğı folklor mətnlərində hər zaman aktual mövzu kimi qorunub saxlanılıb. Aydın Mustafayev qeyd edib ki, ekosistemlərin davamlılığı və insan-təbiət harmoniyasını qorumaq üçün rasional biliklərlə yanaşı, empirik müşahidələrə və xalq təcrübəsinə əsaslanan ənənəvi biliklərdən yararlanmaq faydalı ola bilər.
Seminar təqdim olunan məruzələrlə bağlı elmi müzakirələrlə davam edib.




